Dəfələrlə demişəm, təkrar olsa da yenidən deməyə məcburam ki, müxalifət düzəlməyəcək. Ən azı ona görə ki, 25 ilə yaxındır ki, bu məxluqlar "çevir tatı- vur tatı" prinsipindən uzağa gedə bilməyiblər. Uğursuzluqlarını isə biri digərində görüb. Məhz buna görə də, təbliğat maşınları olan qəzetlərində hər gün biri digərinin az qala şalvarını çıxarmağa hesablanan ittihamlarına, tənqidlərinə rast gəlinir. Haqlı olaraq da geniş oxucu auditoriyasına malik "Səs" qəzeti baş verənləri ictimaiyyətin müzakirəsinə çıxardıqda liderciklərin ittiham hədəfinə çevrilir. Xüsusilə də son günlər "Yeni Müsavat" və "Azadlaq" qəzetlərinin, demək olar ki, hər nömrəsində "Səs" qəzetinin adı çəkilir, qəzetin tarixi xidmətlərini və bugünkü xalqa, dövlətə, xeyirli, gərəkli fəaliyyətinə kölgə salmağa cəhdlər göstərilir. Deyən lazımdır, "razborka"nızı öz aranızda aparın. Gedin, bir-birinizi döyün, qəzetlərinizdə söyün, tədbir və toplantılarınızda biri-birinizin ünvanına təhqirlər səsləndirin. Onsuz da sizlər adətkarsınız.
Cəmil Həsənlinin Əli Kərimlidən fərqi varmı?
Zamanında "Səs" qəzeti çox oxunaqlı və maraqlı qəzetdir" deyib, təşkil olunan dəyirmi masalarda iştirak etmək üçün zəhləmizi tökən "Milli Şura"nın sədri Cəmil Həsənli indi fərqli mövqe səsləndirir. "Səs" qəzetini cəmiyyətdə qarayaxma, böhtan kampaniyası aparmaqda "Azadlıq" qəzetindən heç nə ilə fərqlənməyən "Yeni Müsavat"la müqayisə etməyə cəhdlər göstərən Cəmil Həsənli bununla Rauf Arifoğlu demişkən, riyakar, həm də utanmaz bir şəxs olduğunu nümayiş etdirir. Söz yox ki, AXCP sədri ondan bunu belə istəyir. Nə etməli ki, Cəmil Həsənli hələ dərk etmir ki, Ə.Kərimli onu uçuruma aparır. Ümumilikdə bütün bunlar onu deməyə əsas verir ki, müxalif məxluqlar meydan dövründə hansı təfəkkürdə və düşüncədə idilərsə, bu gün də eyni prinsipə malikdirlər. Yenə də İsa Qəmbər müxalifətin parçalanması fonunda Müsavatın sosial bazasını genişləndirməyə ümid bəsləyir. Əli Kərimli yenə də beynəlxalq ictimaiyyətin yüksək dəstəyi ilə keçirilən ilk Avropa Oyunlarının əhəmiyyətini azaltmaq üçün ABŞ-dakı və Avropadakı bəzi anti-Azərbaycan mövqeli qüvvələrlə işbirliyinə gedir. Bir sözlə, bu, biçarələrin düzəlmələri çətin məsələdir. Kor tutduğunu buraxmayan kimi, bu bədbəxtlər də məntiqsiz, sərsəm fikirlərindən, qarayaxma kampaniyalarından hələ də əl çəkmirlər. Azərbaycanın "O olmasın, bu olsun" kinofilmində Məşədi İbadın məşhur fikri məhz belələri üçün deyilib: "Bu mürtəd oğlu mürtədi yıxasan yerə, ağzına-ağzına vurasan". Amma bununla belə inanmıram ki, hansısa fiziki cəza tədbirləri yolunu azmışlar hesab olunan bu məxluqlara kar etsin. Çünki bu biçarələr müstəqil olmadıqlarından özbaşına qərar vermək imkanına da malik deyillər. Sadəcə, düşünürəm ki, ictimai qınaq hesabına onları səhv yoldan çəkindirmək olar. Bunun üçün də zamana ehtiyacı var. Amma bu halda da zaman da onlar üçün gecdir. Ona görə ki, "qırxında öyrənən, gorunda çalar" məsəlni yada salsaq, fikrin məntiqli olduğunu görmək olar.