Klassik Xalq Cəbhəsi Partiyasında (KXCP) vəziyyət yenidən çərçivədən çıxıb. Adıçəkilən siyasi təşkilatda qurultayöncəsi sədrliyə namizədliyini verənlərlə hazırkı sədr Mirmahmud Mirəlioğlu arasında ciddi ziddiyyətlər yaşanır. Daha dəqiq desək, KXCP-dəki mövcud durumun eynilə Müsavatda olduğu kimi cərəyan etməsi, yəni qurultay öncəsi və qurultay sonrası fikir ayrılıqlarının yaşanması təşkilatın parçalanacağı siqnallarını verməkdədir. Qeyd edək ki, KXCP-nin qurultayının avqust ayında keçirilməsi qərarını siyasi qurumun ali məclisi müəyyənləşdirib. Halbuki hələ yazda Mirmahmud "ağa" deyirdi ki, qurultay iyulda keçiriləcək. Bax beləcə, ayı-ayı satıb, xımır-xımır sədrliyini həyata keçirir KXCP sədri. Ancaq o, heç də rahat şəkildə sədr postunda xımırdamamalıdır. Çünki ona qarşı alternativliyini ortaya qoyacaq şəxslərdən biri də demək olar ki, KXCP yaranandan bu partiyanın idarə heyətinin üzvü olan İsmayıl Yusifovdur. Bu, həmin İsmayıl Yusofovdur ki, iki il öncə -2013-cü ildə partiyada narazı qrupa qoşularaq, "Demokratik Birlik" fraksiyasının yaradılmasında iştirak etmişdi. Məqsəd sədr Mirmahmud Mirəlioğlunu sədrlikdən kənarlaşdırmaq və KXCP-də yeni üsul-idarəçilik formalaşdırmaq olub. Ancaq həm o, həm də digər narazıların fraksiya yaratmaları nəticədə onların KXCP-dən çıxarılmaları ilə başa çatdı. Halbuki onlar partiya sıralarında çıxarılmalarını qeyri-legitim qərar hesab edirlər. Beləliklə, sədrliyə iddialının sözlərinə görə, o, partiyanın mövcud vəziyyətinin heç də qənaətbəxş olmadığını deyib və belə davam edərsə, "klassiklər"in təmsil olunduqları partiyada heç bir siyasi uğura nail olunmayacağını bildirib. Bu baxımdan, siyasi təşkilatda yeniliyin olması vacibdir. İsmayıl Yusifov isə KXCP-ni vəziyyətdən çıxara biləcək adamın alternativsiz şəxs olduğunu iddia edir. Bəli, o, əlindəki yayı dartaraq, birbaşa buraxır Mirmahmud "ağanın" üzərinə. Sitat: "Bunu açıq deyirəm. Partiyaya sahib çıxmaq niyyətim var". Bax, məsələ də budur!
Narazı "klassik" bildirib ki, KXCP-ni krizisə sürüklənir və buna olan səbəblərdən biri də rəhbərliyin karyera, mandat davası etməsidir. Eyni zamanda bildirilib ki, "klassik" cəbhəçilərun əksəriyyəti məhz "Demokrarik Birlik" fraksiyasının tərəfdarıdırlar. Bu səbəbdən, əgər fraksiya istəsə, hətta qurultayın baş tutmaması da baş verə bilər. Ancaq buna rəğmən, partiya rəhbərliyində hesab edirlər ki, özlərini KXCP sədri Mirmahmud Mirəlioğluya rəqib görənlər həmin iddialarında yanılırlar. Mirəlioğlu özü isə qurultayda alternativin olmasını normal saydığını dilə gətirib: "Alternativi olmayan bir qurum artıq çətin vəziyyətdədir".
Bu arada KXCP sədrinin ən yaxın tərəfdarı hesab edilən müavini Xəzər Teyyublu sözügedən iddialara qarşı sərt mövqeyini səslənidirb. Onun sözlərinə görə, KXCP nizamnaməsinə əsasən yalnız partiya üzvü qurultayda nümayəndə seçilə və partiya sədrliyinə namizəd ola bilər. Teyyublu hətta İsmayıl Yusifovun KXCP üzvü olmadığını da bəyan edib (!) Göründüyü kimi, artıq vəziyyətin nə qədər gərgin vəziyyətə sürüklənməsi KXCP-nin daxili qarşıdurma həddində olduğunu yetərincə təsdiq edir. Bütün bunlar isə parlament seçkiləri öncəsi siyasi təşkilatın heç də normal seçki mühitində olmadığının göstəricisi kimi qiymətləndirilir. Əgər belə davam edərsə, payızda keçiriləcək parlament seçkilərində Müsavat və AXCP ilə yanaşı, KXCP də çətin durumda qalacaq. Bunu isə yalnız biz deyil, elə faktlar da deyir...