PDF Oxu

Köşə

  • 1 850

ANQIR ƏLÖYSƏT MİSALI

image

Yazının mahiyyətinə varmamış, qonşu kənddə baş vermiş bir hadisəni nəql etmək istərdim. Demək, Anqır Əlyösət adlı biri, yetdiyinə də yetmədiyinə də bir "daş" atırmış. Daha dəqiqi, "zurna" qoşub adına söz çıxaırırmış. Yəni xasiyyəti buymuş binəvanın. Hətta böyüklər, ağsaqqallar onu buna görə dəfələrlə tənbeh edib, dədəsi Təkgöz Əbülqasım Əlöysdəti dəmir yatağa bağlayıb şallaq altına da salıb. Amma çifayda və bifayda. Ona görə də zaman-keçdikcə, Əlöysətin bu vərdişinə heç fikir verən də olmayıb. Uzağı deyiblər ki, anqırır daaa özü özün. Bundan sonra ayaması ilə birlikdə Əlöysətə Anqır Əlöysət deyirmişlər. Amma bir gün başına döndüyüm bir nəfər, digər qonşu kənddən olan Dabbağ Kələntər Anqır Əlöysətin onun barədə çıxardığı sözə-şabataya biganə, etinasız qalmayaraq, gedir məhkəməyə və ondan şikayət edir. Gözünə döndüyüm məhkəmə də Anqır Əlöysəti tutur və ona 30 sutka iş kəsir. Beləcə, həmin 30 sutkalıqda da dinc dayanmayan Əlöysətin adı kolonlardan, SSRİ-nin müxtəlif həbsxanalarından gəlir. 30 sutka dönüb olur az qala 30 il! Və beləcə bir gün vaxt çatır və Anqır Əlöysət kəndə geri dönür. Elə kəndin girəcəyindəcə bir qoca qarını görüb deyir ki, ay arvad, sən mən kənddə olmayarkən, türmədə həbsə olarkən qonşun Lələ Sərvinazın bostanından xiyar oğurlayan Oğru Qələm deyisənmi? Bax beləcə, illərin düzəltmədiyi Anqır Əlöysət belə Əlöysət idi...

İndi bu məsələni elə-belə, havadan gətirməmişəm. Bu məsələni ona görə çəkdim ki, o günləri mətbuatda Müsavat partiyasının polisə müraciət edəcəyi ilə bağlı xəbərini oxudum. Partiyanın vəkili Nemət Kərimli deyib ki, buna səbəb Müsavat partiyasının üzvü Elbəyi Həsənlinin bir müddət öncə partiya rəhbərliyi barədə yaydığı məlumatlar olub. Bilməyənlər üçün xatırladım ki, burada söhbət başda Arif Hacılı, Gülağa Asalanlı və sairələri də olmaqla, insanlara pul, rüşvət müqabilində partiya biletləri satıb, onların xaricdə mühacir statusu almalarına şərait yaratmalarından gedir. Hətta bununla bağlı faktlar və dəlillər də ortaya qoyulub.

Məsələn, Belçikada yaşayan Elnur Mirzəyev mühacir statusu almaq məqsədilə Müsavat partiyasına 1800 manat verərək saxta vəsiqə aldığını iddia edir.

Məhz bu kimi xəbərlərin yalan olduğunu iddia edən Müsvat rəhbərliyi iki ayağını bir başmağa dirəyib ki, E.Həsənli müxtəlif şəxslərə şər-böhtan atır. Konkret olaraq isə həmin şəxslərdən biri olan Gülağa Aslanlı öz şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı polislə yanaşı, üstəlik Nizami rayon məhkəməsinə də müraciət edəcək. Hətta bu müraciət hazırdır. Amma müraciətin nə vaxt verilməsi ilə bağlı müəyyən fikir mübadiləsi (?-R.) ediləcək. Bu səbəbdən müraciət hələ də verilməyib (??-R.)...

Adama deyərlər ki, əgər sən məhkəməyə müraciət edəsənsə, bunu niyə bəri-başdan etmirsən? Adamdan soruşarlar ki, məhkəməyə müraciət etmək bu qədərmi rəsmi və kifayət qədər ciddi prosessual məsələdir ki, hələ bir onu dəfələrlə nəzərdən keçirib, üzərində çoxillik fikir mübadiləsi də aparasan? Görmüşük ki, biri-birini məhkəməyə verəndə gedir və şıppıltı ilə verir məhkəməyə, vəssəlam! Demək bunların Elbəyini məhkəməyə-zada vermək fikirləri yoxdur. Sadəcə, məhkəmə adı ilə onu qorxudurlar ki, o da geri çəkilsin və bir daha Müsavat rəhbərliyində saxta sənəd satışı barədə fikirlər bildirməsin. Beləliklə, məsələ nədir. Məsələ budur ki, indi bunlar "Elbəyini məhkəməyə verəcəyik" deyib bundan sonra da uzun zurna havaları çaldıqları yerdə, qonşu kənddən biri çıxıb Elbəyini məhkəməyə verəcək. Bax onda nə olacaq? Görəsən, Elbəyi də Anqır Əlöysət kimi 30 ildən sonra məmləkətə dönüb Müsavatı eyni ittihamda suçlayacaqmı? Çətin! Çünki onda bu ölkədə Müsvatdan əsər-əlamət belə qalmayacaq.

P.S. Demək belə çıxır ki, Elbəyinin də irəli sürdüyü ittihamı öz qüvvəsində qalacaq...

Digər xəbərlər