Isa Qəmbər zamanının bərkgedən müsavatçılarından olan Hikmət Hacızadə bir müddət öncə sosial şəbəkədə yazmışdı ki, "elə rəzalət görməmişdim, daha sizə sözüm yoxdur". O, bunu partiyada baş verən ardıcıl istefalara münasibtətini bildirərkən qeyd etmişdi.
Yəni Müsavatın tanınmış üzvü, 2003-çü ildə oktyabr hadisələrinə görə həbs olunmuş Ənvər Əhməd Müsavat sıralarından xaric edilərkən, H.Hacızadə bundan qeyzə gəlmişdi. Yeri gəlmişkəən, onu da bildirək ki, Ənvər Əhməd Müsavat başqanlığına namizəd olmuş Qubad İbadoğluna yaxınlığı ilə seçilən partiya üzvlərindən sayılır. O, Qubad İbadoğlunun yaratdığı "Azərbaycan Demokratiya və Rifah Hərəkatı"nın (ADR) üzvdür. H.Hacızadə haqlı görünür. Çünki partiyanı qurmuş, bərpa prosesində iştirak etmiş, adamlar eləcə silinib atılacaq adamlar deyil. Yəni hansısa hərəkata, ictimai təşkilata, QHT-yə qoşulmaq günah deyil. "ADR" ictimai təşkilatdır. Əgər ictimai təşkilata qoşulmaq suçdursa, o zaman Arif Hacılı özü uzun illər "Bütöv Azərbaycan Birliyi"nin İdarə Heyətinin üzvü olub. Divan və Məclis üzvlərinin çoxu hansısa qeyri-hökumət təşkilatında çalışır. İsa Qəmbər "Milli Düşüncə Strateji Araşdırma Mərkəzi" adlı qurum yaradıb, başqan odasını özündə saxlayıb, istədiyi vaxt Müsavatın qərargahında toplantı keçirir. Müsavat üzvləri nizamnamədən kənar nə edirlər ki, A.Hacılı onları partiyadan xaric edir?
Necə deyərlər, fakt ortadadır və olduqca kobud görünür. Müsavatda başqan dəyişib, İ.Qəmbər dönəmi bitib. "A.Hacılı kimdir ki, mənə başqan olsun" düşüncəsinə düşən adam artıq Müsavatdan getmiş sayılır. Çünki ona yer olmayacaq. Elə üzüsulu getsə yaxşıdır.
Bir də ki, günah nə A.Hacılı da, nə Q.İbadoğlunda deyil. Bu partiyanın özü elə-başdan ayağa ziddiyyətlidir. Uzun illər avtoritar qaydada idarə olunmuş partiyanın (İ.Qəmbər 13 ildən sonra Məclis sədri postunun yaradılmasına razılıq verdi. 1993-2006-cı illərdə bu post yox idi, Məclisi özü idarə edirdi) axırı belə olmalı idi. İ.Qəmbər avtokratiyasından demokratiyaya keçid ağrılı olacaqdı. Baş verənlər isə onun zibillərinin, iyi-qoxusudur ki, Müsavatda bundan sonra hələ çox qalacaq.