Bir müddət öncə, AXCP sədri Əli Kərimlinin avtoritar və diktatorluq rejimi sürdürməyinə etiraz etdiyinə görə partiya sıralarından çıxarılmış Ağakərim Tanrıverdioğlunun məlum açıqlamaları bir çox nüansları üzə çıxarmış oldu. Məsələn, üzə çıxan olaylardan biri də Ə.Kərimlinin "Milli Şura"nın sədri Cəmil Həsənliyə qarşı qurduğu planın faş olmasıdır. Çünki bu gün "Milli Şura"nın sədri kimi, C.Həsənli Ə.Kərimlini üstələməkdədir. Daha dəqiqi isə, Ə.Kərimli "Milli Şura"nın mitinqlərini təşkil edir, daha çox o danışır, ancaq bunun mənfəətini C.Həsənli görür. Beləliklə, bütün bunlar parlament seçkiləri öncəsi heç də Ə.Kərimliyə sərf etməyən amillərdəndir. İndi onun canına vəlvələ düşüb ki, amandır, birdən bu ilin payızında keçiriləcək seçkilərdə mandatı o deyil, C.Həsənli qazanar. Hansı ki, ortada nə Kərimlinin, nə də Həsənlinin deputat seçiləcəkləri, ümumiyyətlə, inandırıcı görünmür. Beləliklə, Ə.Kərimli, necə deyərlər, özü-özünə quyu qazıb və həmin kənkanlığında ona hər zamankı kimi müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlı fəhləlik ediblər. Yəni Tanrıverdioğlunun qovulması növbəti ifşaların üzə çıxmasına əməlli-başlı şərait yaratdı. Cəmil Həsənliyə Ə.Kərimli tərəfindən quyu qazılması öz yerində. Sən demə, AXCP-nin daxili struktur qaydalarını elə sədrin özü pozurmuş. Atalar demişkən, balıq başından iylənər. Yəni Ə.Kərimli rəhbərlik etdiyi partiyasının nizamnaməsini özü pozmaqdadır. Bəlli olub ki, AXCP-nin növbəti parçalanmasına səbəb olacaq qurultayına hazırlıq işləri gedir. Hətta quruca adları olan "rayon şöbələri" dırnaqarası konfranslarına hazırlaşırlar. Cəbhənin nizamnaməsinə görə isə belə bir vaxtda təşkilat sıralarına yeni üzvlər qəbul etmək nizamnamə pozuntusudur. Ancaq məlum olub ki, kimliyi heç kimə məlum olmayan 3 nəfər partiyaya üzv qəbul edilib. Binəva A.Tanrıverdioğlu da buna etiraz edib. Nəticədə o AXCP-dən çıxarılıb.
Növbəti iddia isə bugünə qədər partiya sıralarından çıxarılanların hər birinin arxasından Ə.Kərimli amilinin çıxmasıdır. Əbəs yerə deyil ki, sabiq cəbhəçi "Hazırda demokratiya adı altında ən böyük diktatorluğu edən partiya rəhbərliyi və onun müavini Fuad Qəhrəmanlı bu prinsiplə yaşayır ki, kim onların əleyhinə danışsa, həmin adamlar partiyadan uzaqlaşdırılmalıdır" ittihamı ilə çıxış edib. Bu zaman sual yaranır ki, əgər Ə.Kərimli C.Həsənlini "Milli Şura" sədrliyindən kənarlaşdırarsa, onda "Milli Şura"nın növbəti sədri kim olacaq? Əlbəttə ki, özü! Bəli, məhz onun özü. Axı Ə.Kərimli bəziləri kimi bir əlində iki qarpız deyil, hətta beş-altı qarpız tutmağa can atır. Ona görə də parlament seçkilərinə qədər, hətta yaxın günlərdə Cəmil Həsənlinin "xəstəliyə görə" "Milli Şura"dan çıxması xəbərini eşitsəniz, heç də təəccüblənməyin.
Önə sürülən növbəti iddialardan biri də Kərimlinin AXCP sədrliyinə Fuad Qəhrəmanlını gətirməsi məsələsidir. Ancaq bu, inandırıcı görünmür. Çünki Ə.Kərimli heç vaxt AXCP sədrliyindən getmək fikrində deyil. Bu baxımdan, onun C.Həsənlini devirib, özünü həm də "Milli Şura"nın sədri kimi təqdim etməsi elə də qlobal bir məsələ deyil. Əsas məsələ budur ki, AXCP-də vəziyyət getdikcə, açıq-aşkar rusca görünməyə başlayıb.