Başqan seçildikdən sonra bir müddət Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə münasibətləri düzəltmək üçün vaxtilə sabiq başqan İsa Qəmbər tərəfindən səpilmiş nifaq toxumlarını aradan qaldırmağa çalışan Arif Hacılı artıq nə qədər yanıldığının fərqinə varmağa başlayıb. Məsələn, Müsavatın yeni başqanı dərk edir ki, xüsusilə, seçkilər ərəfəsində müxalifətin hər hansı partiyası tərəfindən ona qarşı etinasızlığın göstərilməsi çox ağır nəticələr verə bilər.
Məsələyə daha dəqiq kontestdən yanaşsaq deyə bilərik: Arif Hacılı Əli Kərimlinin qarşısında özünü ucuz tutmağa davam etsə, bu, necə deyərlər, AXCP sədrinin qoltuğuna qarpız verər və "Milli Şura"nın növbəti sessiyasında o, boykot qərarını geri götürərək, parlament seçkilərinə qatılar. Bu isə parlament seçkilərinə qatılmaq qərarını verən Müsavata ağır zərbə olar.
Daha bir məsələ isə Arif Hacılının Müsvatdaxili reytinqinin sürətlə aşağı düşməsidir. Onun Əli Kərimliyə tərəf ayaq açması müavinləri tərəfindən açıq şəkildə ittihamalara məruz qalmsa da, partiyada narazılıqlara səbəb olur. İddialar var ki, başqan müavinləri Arif Hacılının təşkilatı Cəbhənin ayağına verməsinin sonuncu məqamını gözləyirlər. Əgər bu, baş versə, onda məsələ məcrasından çıxaraq böyüyə bilər. Yəni Arif Hacılı bunu da anlamağa başlayıb və...
Və birdən-birə 180 dərəcə fırlanaraq, Əli Kərimlini oyunbaz adlandırıb. Ya dolayısı ilə, ya da dolayısız. Hacılının dediyinə görə, heç kim hesab etməsin ki, Əli Kəriminin oyunbazlığını görən yoxdur. Məsələyə daha dəqiq yanaşaq. Müsavat başqanı bu dəfə Əli Kərimlini hədəfə alıb və onun verdiyi açıqlamalarını, müsahibələrini tənqid edib. Deyib ki, o, eyni mövzuya aid üst-üstə düşməyən fikirlər bildirir. AXCP-yə işarə edən Arif Hacılı bəzi müxalifət partiyalarının (söz yox ki, AXCP-nin!) Rusiya qəzetlərinə bir cür, Qərb mediasına isə başqa cür müsahibə verdiyini bildirib: "Heç kim hesab etməsin ki, belə oyunbazlığı görən yoxdur".
Məhz bütün bunlardan sonra o, bəyan edib ki, Müsavat partiyasının deputatlığa namizədləri tez bir zamanda müəyyənləşəcək. Hətta o özünün və İsa Qəmbərin də seçkilərdə iştirak edəcəyini açıqlayıb. Beləliklə də partiya başqanı düşdüyü çətin vəziyyətdən çulunu birtəhər sudan çıxarmağı bacarıb. Ancaq bu da son deyil. Son parlament seçkilərində bəlli olacaq. Onda görünəcək ki, o, Əli Kərimli ilə barışığa getmək istərkən düzgün mövqedə olub, yoxsa həmin yoldan yarı dönərkən. Ancaq hər halda Hacılı az da olsa, nəyisə anlamğı bacarıb...