Birbaşa mətləbə keçirəm. Xalqın qarşısında şərt tələb irəli qoymaq olmaz ki, "mənə səs ver!" Maşallah, indi 10 plakatdan 5-ində buna bənzər şərtlər və tələblər qoyulur. Dünən namizədlərdən birinin seçki şüarı lap əcaib şəkildə işlənib-hazırlanıb. Görün nə deyir: "Bir dəfə mənimlə olun, ilboyu sizinlə olacam". İndi bunu necə başa düşək, ay hörmətli deputatlığa namizəd?! Bunu hərə bir yerə yozur, aydın şüar yazsaydın, yaxşı olmazdımı? 1200-dən artıq qeydə alınan deputatlığa namizədlərin hamısı da məhz özünün deputat seçiləyəcəyinə inanıb. İnam pis şey deyil, bu da olsun! Amma bu zalım oğluna bir nəfər tapılıb demir ki, 3 mikrorayon dairəsindəki bazardan piştaxtanın arxasından durub namizədliyini vermisən... Cavab verir ki, bu, mənim vətəndaşlıq hüququmdur. Yaxşı, bu da olsun! "Axı sən Cəlilabadlısan, özün də Qaradağda yaşayırsan, türkün məsəli, Zaqataladan niyə vermisən?" sualını ünvanlayanda cavab verir ki, qaynım orda yaşayır. Bax, bu kökə düşmüşük.
Təbliğat-təşviqata start veriləndən şəxsən mənim gecəm-gündüzüm yoxdur. İş vaxtı seçkilərdən yazmaq vəzifəmizdir, bunu anladıq. İşdən sonra sosial şəbəkələrə daxil olan kimi, sənə zırpı bir link gəlir ki, "xahiş edirəm, mənə səs ver!" Baxırsan ki, özü zərdablıdır, amma bütün Azərbyacandan səs istəyir. Guya virtual səsvermə keçirir. Elza Seyidcahanın şüarları da bitib-tükənmir. Allah vurmuş bu yaxınlarda "Verdilər" adlı şeir yazıb. Yazır ki, "ona verdi, buna verdi, mənə verdi, hamıya verdi, özünə heç nə qalmadı...". İlahi, bu millətə nə oldu birdən-birə? Avropa Şurası Azərbaycanla bağlı insan hüquqları işçi qrupundan çıxan günü hamı Rəqsanənin qızının paltarlarından yazırdı. O boyda sənətkar, xalq artisti Nuriyyə Əhmədova ölən günü isə Aygünün alt paltarlarının qiymətindən yazırdılar. Amma Nuriyyə xanımın yas mərasimini verməyə pul tapılmır.
Şükür olsun bizim "şanlı" saytlarımıza da, gün ərzində 100 xəbər qoyurlarsa, onun 50-si zorlanmadan, 30-u banklardan, 2-si də oğurluqdan bəhs edir. ANS-də bağlanan serialla bağlı balağı qalstukundan uzun Mais Məmmədov deyir ki, "ıı, bıbı, zııı, o filmdə qaynanan kürəkəni ilə zarafatlaşır, lap tutaq ki, sevişir. Burda nə var ki? Mən qanmıram, niyə belə edirsiniz..." Bəli, sən bunu qanacaq yaşda olsan da, amma o başda deyilsən! Bu sənin üçün adi bir haldır, yəqin ki, çox görmüsən. Amma bunu görməyən azyaşlılara niyə görsədirsən? Gələn ay ANS-in lisenziyasının vaxtıdır, bəlkə özünüzü bir azca ağıllı, tərbiyəli aparasınız? Motosikletə minib Azərbaycanın küçələrini bir-bir sülənən Vahid bunu "dövlətə xidmət" kimi qiymətləndirirsə, siz niyə də belə müştəbeh danışmayasınız. Amma hər şeyin bir həddi var!