Ənənəvi müxalifətin "liderlik" problemi elə 22 il öncə necəydisə, eləcə də qalmaqda davam edir. Nəmxuda hamısı qalstuk taxır, hamısı gözlərinə qara eynəkdən-zaddan qoyub, laklı ayaqqabı geyinir və olur "lider". İsa Qəmbər də, Əli Kərilmi də, o birisi də bu birisi də...Hamısı özünə görə bir "liderdir". Amma bu "liderliyin" nə demək olduğunu, hansı anlam daşıdığını ya bilmirlər, ya da bilmək onlara sərf etmir. Uzun illərdir seçkilərdən-seçkilərə doğru böyük məğlubiyyətlər yolu keçən müxalifət "liderləri" "lider" olmaq üçün çox çarpışdılar, çox savaşdılar, çox söyüşdülər, çox süpürüşdülər. Ancaq yenə də hərə ayrı-ayrılıqda özü üçün bir "lider" oldu. Vahid "lider" isə yenə də ortaya çıxmadı. Nə "Demkonqres"də, nə müxalifətin "Koordinasiya mərkəzi"ndə, nə Bizim Azərbaycan blokunda, nə "Azadlıq" blokunda, nə "DUH"-da, nə "SİDSUH"-da, nə "İctimai Palata"da, nə də ki...Ta ki, "Milli Şura"ya qədər. Düzdür, ortaya çıxan oldu, amma ortaya şıxanı da o biriləri gözlənildiyi kimi, "lider" seçmədi. Axrı ki, bu başıbəla "lider" sözü müxalifətdə o qədər zəhlətökən ifadəyə çevrildi ki, camaat da "lider" deyənlərin ağzının üstündən qəşəng bir sözlə şapalaq ilişdirdi. Əşşi, nə liderbazlıqdır axı!
Elə bu, azmış kimi, təsis etdiyi AXP-nin sədri olduqdan sonra istefaya getmiş və daha sonra partiyasının "lideri" olmuş Pənah Hüseynin sonradan sədrliyə qayıtması da elə bir məsələnin bir tayıdır. Pənah Hüseyn bəyan edir ki, o ümummüxalifətin "lideri" olmağa hazırdır və bu yaxınlarda özünü "lider" elan edəcək. Ancaq gəl-gör o biri "liderlər" nə deyir?
Məsələn, ADP sədri Sərdar Cəlaloğlu deyir ki, nə olar, qoy o da özünü ümummüxalifətin "lideri" hesab etsin. Amma buna da ruslar demişkən, "dux" lazımdır. Məsələn, deyib ki, "Liderlik xüsusiyyəti barədə onu deyim ki, kimsə özünü rəhbər elan eləməklə lider olmur". Nə deyirəm, çox düz buyurub Sərdar bəy. Ona görə düz deyib ki, o, Pənah Hüseynin özəl keyfiyyətlərini aşkar şəkildə şıppıldadıb onun üzünə. Sitat: "Bu ada iddia edən şəxs tolerant, səbirli, uzaqgörən olmalıdır. Mən Pənah bəyi həddən artıq qeyri-tolerant, tez əsəbiləşib özündən çıxan siyasətçi kimi tanıyıram. Bu keyfiyyətlərlə kiçik bir qrupun belə lideri olmaq çox çətindir. Bunlar Pənah Hüseynin qüsurudur". ADP sədri daha sonra Pənah Hüseynin bu barədə düşünməsini tez qəbul edilmiş fikir kimi səciyyələndirib. Beləliklə, məsələ aydındır. Pənah Hüseyndən "lider" - filan çıxmaz.
Yaxşı, bəs onda kimdən, hansı müxalifətçidən "lider" çıxar? Əli Kərimlidənmi? Yox, onun da qeyri-ənənəvi məsələlər də daxil olmaqla, liderlik potensialı yoxdur. İşi-gücü qabağına çıxana şər-böhtan atıb, qaralamaqdan, təhqir etdirməkdən ibarətdir. Ona görə də AXCP sədrinə bir "liderlik" quşu qoyduq.
İsa Qəmbərdənmi "lider" çıxar? Yox qardaş, ondan da çıxmaz. Çünki o, ümumiyyətlə heç vaxt "lider" olmayıb. "Lider" olsaydı, indi Arif Hacılı Müsavatda at nədir, fil oynatmazdı!
Mirmahmud ağa? O da yox. Lalə Şövkət? Xüsusilə xeyr! Bəlkə Rəsul Quliyev? Əsla, o, indi müxalifətçidən daha çox seyf oğurlayan amerika qanqsterlərinə oxşayır. Bəs onda kim olsun müxalifətin "lideri"? Məncə, heç kim. Çünki müxalifətin "lideri" olmaq üçün müxalifətçilik etmək lazımdır. Fəqət, biz ortada müxalifət deyil, müxalifətvari bir zad görürük. Ona görə də Pənah bəy özünü müxalifətin deyil, eləcə müxalifətvari bir zadın "liderəbənzəri" olsa, daha yaxşı olardı. Nə vaxt doğru-dürüst müxalifət yaranarsa, bax, onda da özünü "lider" elan edər. Bunu isə eşşəyin quyruğu uzanıb yerə dəyəndə görə bilərik.