Əvvəllər yalnız seçkilər ərəfəsində ən müxtəlif hoqqalarla varlığını sübut etməyə çalışan dağıdıcı müxalifət, deyəsən, xarici antiazərbaycançı şəbəkədən yeni tapşırıqlar alıb. Maraqlıdır ki, bir müddət əvvələ qədər dağıdıcı düşərgə Qərbin bəzi siyasi dairələrinin onlara diqqət yetirməməsindən gileylənirdi. Bu gün isə qarşısında diz çökməyə başlayıb. Görünür, müxalifət dünyada cərəyan edən proseslər, ayrı-ayrı dövlətlərdəki idarəetmə barədə təsəvvürləri yoxdur. Belə olmasaydı, ərəb dövlətlərində baş verənlərin Azərbaycanda da təkrarlanacağını iddia etməzdilər. Bu gün ən bəsit siyasi dünyagörüşüə malik insan belə, respublikamızla həmin ölkələr arasında heç bir istiqamət üzrə eyniləşdirmə aparmaz.
Bunlar hələ də anlamırlar ki, digər dövlətlərdə baş vermiş məlum hadisələrin Azərbaycanda təkrarlanması üçün heç bir əsas yoxdur və heç vaxt da olmayacaq. Buna baxmayaraq, dağıdıcı müxalifət sərsəm iddialarla cəmiyyətdə müxtəlif rəylər formalaşdırmağa cəhd göstərir. Təbii ki, bu cür cəhdlərin heç bir səmərəsi olmayacaq. Məsələ də ondadır ki, Azərbaycan cəmiyyətində dağıdıcı müxalifətə nə yer var, nə də inam. Ona görə də dağıdıcı düşərgə öz iddialarına çatmaq üçün antiazərbaycançı dairələrlə işbirliyinə girir, onlarla çox həvəslə əməkdaşlıq edir. Sosial dayaqlarını itirmiş dağıdıcı müxalifət başçıları və onların azsaylı tərəfdarları iqtidarın uğurlu daxili və xarici siyasəti nəticəsində, Azərbaycanın hərtərəfli inkişafını gördükləri və bu vəziyyətin onların hakimiyyətə gəlmək perspektivlərinin üzərindən birdəfəlik xətt çəkdiyini dərk etdikləri üçün anti-Azərbaycan, o cümlədən, ermənipərəst dairələrlə işbirliyinə gedirlər. Bunun üçün isə həmin dairələr qarşısında müəyyən öhdəliklər də götürürlər. Bu öhdəliklərdən biri və ən əsası uğurlu daxili və xarici siyasət yeridən, erməni işğalına qarşı barışmaz mövqedə dayanan, Ermənistana bir qarış da torpağını güzəştə getməyəcəyini dəfələrlə bəyan edən, ərazi bütövlüyünün bərpası üçün bütün vasitələrə əl atmağa hazır olan Azərbaycan hakimiyyətinə qarşı birgə mübarizə aparmaqdır.
Dağıdcı müxalifətin xarici dairələr qarşısında ikinci öhdəliyi isə "hakimiyyətə gələcəyi təqdirdə", Dağlıq Qarabağ problemini Ermənistan dövlətinin maraqları çərçivəsində həllinə razılıq verməkdir. Biz illər öncə AXCP gənclər təşkilatının sabiq sədri Ruslan Bəşirlinin Tbilisidə sədri Ə.Kərimlinin tapşırığı əsasında Ermənistanın xüsusi xidmət orqanları ilə apardığı danışıqları unutmamışıq. O cümlədən, Rəsul Quliyevin ABŞ-da ermənipərəst dairələrlə, mütəmadi olaraq, görüşlər keçirdiyi məlumdur. Yaxud Müsavatın keçmiş başqanı İ.Qəmbər Ermənistanın siyasi təşkilatı ilə sıx əməkdaşlıq və birgə fəaliyyətlə bağlı saziş imzaladı.
Bu gün istər digər radikal liderlərin, istərsə də Ə.Kərimlinin ailələri xarici çirkli pullar hesabına Avropada dəbdəbəli həyat tərzi sürür, övladları mötəbər ali məktəblərdə təhsil alırlar. Bütün bunlar faktdır və gizlətmək də mümkün deyil.
Radikal müxalifətin başbilənləri mitinqlərə adam toplamaq üçün indi başqa yol seçiblər. Sıralarında orta və yaşlı nəslin qalmadığını görən Müsavat və AXCP artıq gənclərdən yararlanmağa çalışır. Bunun üçün sosial şəbəkələrdən istifadə edirlər. Müxtəlif vasitələrlə ələ alınan gənclər başqa adlar altında müzakirələrə cəlb olunurlar. Müzakirələrin təşkil olunduğu qrupların adı dəyişdirilərək mitinqlərə çağırışı əks etdirən ifadələrlə əvəz olunur. Zənnimcə, bu, riyakarlıqdan, başqa bir şey deyil. Riyakarlığın və xəyanətin isə ömrü az olur. Bu reallıq dəfələrlə təsdqini tapmayıbmı?