PDF Oxu

Köşə

  • 3 942

Barıt və gül qoxumaq

image

Hələ SSRİ dövründə hərbi xidmətini müxtəlif ölkələrdə keçən hər bir əsgərə ən azından "MÜHARİBƏ" sözünün tərifini öyrədirdilər: siyasətin zorla davamı müharibə adlanır. Hərçənd ki, dünən də var idi, bu gün də var, sabah da olacaq. Atam əsgərlikdə olanda (Çita şəhərində) rəhmətlik nənəm hər gün yüz dəfə ölüb-dirilərmişdir. Bu, həmin vaxt idi ki, atamın doğulduğu kənddə cəmi bir televizor var idi, o da Xasay kişinin evində. Bütün kənd onların eyvanına yığışıb filmə baxarmış. Boz ekranda göstərilən müharibədən bəhs edən film nənəmi necə qorxudubsa, ürəyi gedib, atamın da həmin döyüşdə olduğunu zənn edirmiş. Yazıq nənəm... Gəlin köçəndən ata yurdunu heç vaxt görmədi. O zaman Yardımlının Peştəsər kəndindən başqa kəndə gəlin köçmək ağır iş idi. Kəndin yol-bərəsi yox idi, ordan çıxan ora bir də ya qayıda bilmirdi, ya da qayıtmaq istəmirdi. Gəlin köçəndən düz 48 il sonra nənəm doğma qardaşı ilə görüşə bilmişdi. Bu görüşü müşahidə etmək dəhşətli idi, 11 yaşımda bu görüşü müşahidə etsəm də, dizlərimi yerə qoymuşdum, mən də hönkür-hönkür ağlamışdım. Peştəsər kəndində 80 yaşlı insanlar var ki, ömürləri boyu, bircə dəfə də olsun, kənddən kənara çıxmayıblar, heç rayonun mərkəzinə belə getməyiblər. Bu kəndin insanlarının gözündə qorxu-hürkü olmaz, çətinlikdən qorxmazlar. Sıldırım qayalar, qalın meşələr, sərt qış kənd camaatının xarakterini möhkəm və sarsılmaz edib.

Fevralın 25-26-da cəbhədə erməni təxribatının qarşısını alarkən şəhid olan Şahlar da bu kənddəndir. Hər kəs bu haqda danışa bilər, lap istəsə müharibədən kitablar da yaza bilər, ancaq hər adam düşmənlə üzbəüz gəlməyin nə olduğunu bilə bilməz. Səngərdə əllərini isitmək üçün əlcəklərini yandırmağın, barıt qoxulamağın-qoxumağın... Hər səhər evdən çıxanda ətirlənən, bahalı maşına oturub özünü "tank beli"ndə zənn edən, restoranlarda Hollandiyadan gətirilən rəngbərəng çörək sifariş verən, dodaqlarından, yanaqlarından qan fışqıran, içi üfunət qoxuyan oğlanlar bunu bilməz. Səngərdə barıt qoxuyan əsgərlərə görə ətir qoxuyursan, daşa dönmüş çörək hesabına yumşaq çörək yeyirsən, işıqforda üstümüzə şütüyürsən. Bununla da, ürəyin soyumur və Xocalıda 13 yaşında ikən ermənilər tərəfindən zorlanan qızların kimliyini bilən kimi namus, əxlaq "dərs"i keçirsən. Arabir "vicdan"ın təpənə döyəcləyir, dabanın xirtdəyinə dirəyir ki, ayıl. Ayılanda, kiçik marketlərindən birinin vitrininə belə bir mesaj yapışdırırsan: "Şəhid övladlarına çörək pulsuzdur. Hesabını ataları ödəyib...". Nə baş verir axı!? Hə, bir də yaddan çıxmasın, heç olmasa, ildə bircə dəfə Vatsapp profilinə Xocalıdan bir foto yapışdırıb, ən istedadsız şəkildə rol oynamağa cəhd etməyə "cəsarət" edirsən. Axı çox şeyi unudursan.

Köhnə tanışlarımdan biri Xocalı işğal olunan gün Şuşa restoranında oturub "Laçınım" mahnısına qulaq asırdı. Bu, hər nə cür hissdirsə, bilmirəm. Qaz vurub-qazan doldurur. Özünə qismət. Ancaq şəxsən mənim "Şuşa" restoranına getməyə pulum çatmır, Şuşaya getməyə mənim pulum kimi, bu adamın da qeyrəti çatmırsa, heç olmasa, özünü "toxtatmaq" üçün həyətində "İsa bulağı" tikdirməsin. Və beləcə, şükür olsun, sizin Allahınıza ki...

Digər xəbərlər