Ötən gün dostlarımızdan biri özəl xəstəxanaya yerləşdirilmişdi. Ağır əməliyyat olunacağı ilə bağlı xəbər aldıq. "Nə olar-nə olmaz" deyib xəstəxanaya getdim. 1 saat sonra dostumuz əməliyyata girəcəkdi, hazırlıqlar gedirdi, əlini cibinə saldı, telefonunu çıxartdı, "heç olmasa, qızımın səsini eşidim" deyib zəng etmək istədi. Bu məqamda dostuma zəng gəldi. Gözümüz aydın, zəng edən "Unibank"ın "RAZBORKA" şöbəsinin "razborşik"lərindən biri, öz dilləri ilə desək, "Problemli kreditlər" şöbəsinin əməkdaşı idi. Dostumuz telefonu açan kimi bank işçisi başladı hədə-qorxuya, sifət töküb, üz yırtmağa. Siz bir dialoqa diqqətlə baxın!
Dostum: müəllim, vallah, indi özəl xəstəxanada əməliyyata girirəm, pulum da yoxdur, qır-qızılları satıb pulunu verəcəm əməliyyat aparanlara, hazırda bir qəpik də yoxdur. Həyatım təhlükədə olduğu üçün təcili əməliyyat edirlər.
Bank işçisi: Başa düşdüm e, heç olmasa indi 500 manat ödəyə bilməzsiniz?
Bu tip taxtabaşları hardan yığıb banka işə götürürlər, bilmirəm, ancaq pis "iş"ləmirlər, əgər buna iş demək mümkündürsə... Müştərini o həddə çatdırırlar ki, adam gedib şortikini də satmaq istəyir. Xüsusilə də, düşmənə borclu olmaq, "Unibank"a borclu olmaqdan daha sərfəlidir. Tale necə gətirdisə, "Unibank"a borca görə evi satılan, ailəsi dağılan bir nəfər indi həmin bankda mətbuat xidmətində işləyir. Özü də mcəburi köçkündür. Bu adama indi desən ki, "Unibank" borca görə vətəndaşın gününü qara eləyib, inanmaz... Elə daş atıb, baş yarır ki, sanki "Unibank" bunun evini yox, mənim evimi dağıdıb.
Yəqin xəbəriniz oldu: Cəlilabad rayonunun Maşlıq kəndində at-eşşək əti satanlar ifşa olundu. Bu adamlardan biri ali təhsilli imiş. Sual veriblər ki, axı niyə belə edirsən, at ətini insanlara niyə yedirdirsən? Cavab verib ki, islamda qadağan olunsa da, türkçülükdə at əti yemək, hətta atın qanını içmək də halaldır, burada heç bir qanunsuzluq yoxdur. "Əsas"landırıb ki, Əmir Teymur əsgərlərinə at əti verirmiş. Kül təpənə! Burda deyiblər ha, başına at təpib... Belələridir... Atı da başa düşdüm, ancaq camaatın eşşəklərini oğurlayıb anqırda-anqırda kəsmək, eşşək əti ilə camaatı zəhərləməyin nə adı var, bilmirəm. Ancaq bildiyim bir şey də var ki, bizim eşşəklər hələ də öz layiq olduqları qiyməti almayıblar. İndi maraqlıdır, əsl eşşək bu heyavnı kəsib ətini insanlara satanlardır, yoxsa bu heyvanın özü? Türkçülüyün "T" hərfindən xəbəri olmayan adam (?) milli manatımızla satır at ətini. Manatımızın ( 5 manatlıq) arxasında isə Orxon-Yenisey kitabəsindən misralar qeyd olunub: "Türk millətinin adı-sanı yox olmasın deyə, atam Xaqanı və anam Xatunu ucaltmış olan Tanrı, dövlət verən Tanrı məni taxta oturtdu. Tanrı lütf etdiyi üçün, mən də qutlu olduğum üçün Xaqan oldum".
Eşşək sözü ilə də bağlı bir məqamı xatırlatsam, pis olmaz. Qabaqlar deyirdilər ki, "eşşək" sözündə bir "ş" artıqdır və onu ixtisar etmək lazımdır. Bir zamanlar, hətta yeni elmi ixtira edirlərmiş kimi, düşmüşdülər eşşəyin üstünə ki, bir "ş" artıqdır. Rəhmətlik Qulu Xəlilov o vaxt bu müzakirələrə qəti etiraz etmiş və bəyan etmişdir ki, mən heç cürə bununla razılaşa bilmərəm. Çünki insanların içində elələri var ki, 15 "ş" ilə də eşşş..ək desəm, yenə ürəyim soyumaz. Bununla da, eşşəklər bizim əlimizdən canını qurtarmışdır.