Dünən işıqforda dayanmışdım, 80 saniyə qırmızı işıqda 11 saniyəlik yaşıl işığı gözləməyin necə bir aləm olduğunu sizlər də bilirsiniz. Xüsusilə də, işıqforda yaranmış tıxac zamanı əsəbləşən cavan qadın sürücünün yol polisinə "ne moqu dana, qaqa" deməsi adamı göyün elə bir qatına qaldırır ki, sanki ordan da dombalaq aşıb, başıaşağı yerə düşürsən. Şəhərimizdə əcaib məxluqlar peyda olub, bəzi qızlar bir-birinə oxşayır, oğlanlar da. Qızları başa düşdük: pomadaların rəngi, saç düzümləri, pudra-mudra bu oxşarlığı bir az da artırır. Onsuz da indiki qızların 30%-i dikdaban ayaqqabıdan ibarətdir. Yerdə qalır 70%... Yəni əslində, 180 sm hündürlükdə görünən qızın boyu, əslində, 120 sm-dir.
Keçək əsas məsələyə, bizim saqqallı oğlanlarımıza. Vallah, keçmişdəki kişilər indi olsaydı və bu kişilərin 88 qızı olsaydı, birini də bunlara verməzdi. Niyəsini izah edim. Qabaqlar qızlara baxanda, onların üzündə ANA cizgilərini görmək olurdu, yəni qıza baxan kimi bilirdin ki, bundan ana olar, yoxsa yox. Elə oğlanlarımıza da baxanda, bığıburma, yetkin, kişi cüssəli gəncləri ATA kimi təsəvvür eləmək olurdu. İndi bu o qədər çətindir ki... Deməli, saqqal saxlayır, o qədər dar şalvar geyinir ki, onun yerinə məni dərd götürür ki, ay aman, bu evdə şalvarını ayaqlarından necə çıxaracaq!? Əlində ən azı 2 telefon var, birini doğma dədəsini söyüb kreditlə aldırıb, birini də ordan-burdan əkişdirib. Həmişə də kimdənsə kontur istəyir. Kişinin oğlu tələbədir, "modnu" deşik-deşik cins şalvarınının arxa cibinə dəftər qoyub dərsə girir. Qəsdən dar, qısa köynək də geyinir ki, əyilib-eləyəndə, beli görünsün. Metroda, evdə, dərsdə, hər yerdə telefonla qurdalanır. Belə oğlana kim qız verərdi ki!? Özü də belələrinin xarakteri haqqında sizə bir maraqlı fakt da deyim. Deməli, belələri hərbi xidmətdən də bir təhər yayınmağı bacarırlar: biri deyir gözüm çəpdi, ürəyim tez-tez döyünür, o biri deyir ayağımın altı düzdür və baş barmağım yoxdur, başqa biri də deyir ki, anam məni doğanda ayaq üstündə doğub travma almışam, digəri də deyir ki, əsgərliyə getsəm, ata-anamın ürəyi partlayar. Yəni şah oğlu Şah Abbası da gətirsən, belələrini əsgərliyə göndərmək olmur. Ancaq bunun da yolu var. Bəs nədir bu yol? Bu cür oğlanlar sevdikləri qızdan küsən kimi dərhal tələbə biletlərini cırırlar və acıq eləyib, əsgərliyə gedirlər. Məncə, əsgər getmək istəməyənləri sevdiyi qızlardan ayırmaq lazımdır ki, vətənə xidmət etsinlər. Onsuz da bu yaşda türk filmlərinə baxıb özlərini "dırnaq və ət" kimi hiss edən bu gənclər özləri də yaxşı başa düşürlər ki, evlənə bilməyəcəklər, özləri də boş yerə vaxt itirdiklərini gözəl anlayırlar. Anlayırlar ki, evlənəndən sonra gecə-gündüz şəhərdə gəzmək olmur, McDonaldsda hər gün "obed" eləmək mümkün olmur, ən azı, qızın barmağına xırda bir üzük taxmaq üçün itin zülmünü çəkməli olursan. Ay uşaqlar, heç olmasa, özünüzü aldatmayın. Gedin oxuyun, əsgərliyinizi çəkin, sonrasını özünüz düşünün, həyatınızı qurun... Qısası, nəzərə almaq lazımdır ki, ötən ilin aprel ayının əvvəlində - 4 günlük hərbi əməliyyatlar zamanı paytaxtımızda "Massaj salonu" adı altında fəaliyyət göstərən "yuva"lardakı yüngül əxlaqlı qadınlar düz 4 gün müştəri qəbul etməmişdilər.
Analarımızın əsəbləşəndə uşaq vaxtı bizlərə dediyi sözlər yadıma düşür: "boyunu yerə soxum...". Bir neçə il bundan öncə, düz 40 yaşına kimi hərbi xidmətdən yayınan, həyatını mənasız işlərə sərf edən, tərcümeyi-halını kəllə-mayallaq yazan bir tanışımız intihar etmişdi. Məktubda yazıb qoymuşdu, anasının oxumağa cəsarəti çatmırdı. Nəhayət, mən oxudum, dostumuz Salam Sarvandan cəmi bircə beyt yazmışdı:
Ana, məni basdırarsan
Boyumu soxduğun yerə...