Köşə

  • 4 067

Qlobal ərzaq böhranı qapıda: nə etməliyik? - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Qlobal ərzaq böhranı dünyada vəziyyəti gərginləşdirir. Ərzaq təminatında, xüsusən də taxılda ciddi problemlər yaranır. Son mövsümdə quraqlıq səbəbindən qlobal taxıl istehsalı 20 faizdən artıq azalıb. İri istehsalçılar taxılı depolayıb və ixracı azaldıb. Taxılın qiyməti isə davamlı bahalaşır. Həm də dünyada təkcə taxıl, yox əksər ərzaq məhsullarının qiyməti bahalaşır. Neftin qiymətinin artması xaricdən alınan bütün məhsulların qiymətini artırır.

Azərbaycan buğdanı və bir çox email sənayesinə aid ərzaq məhsullarını da böyük həcmdə Rusiyadan idxal edir və burada da ciddi problem olmayacaq, lakin müəyyən məhsullarda çətinliklər yarana bilər. Ona görə də, mümkün alternativlərə də baxılmalıdır, məsələn ucuz və keyfiyyətli olduğuna görə İrandan da bəzi ərzaq məhsullarının idxalını artırmaq lazımdır.

Bizim təkcə buğda idxalımız 1,4 milyon tondur, bunun da 99 faizi Rusiyadan alınır. Rusiya da həm buğdanın idxalına məhdudiyyətlər qoyub, həm də ixrac rüsumlarını artırıb. Yəqin ki, hökumət Rusiya ilə lazımi həcmdə buğda idxalı haqda razılaşıb və taxıl idxalında probem olmayacaq. Bununla taxıl böhranından sığortalana bilərik, lakin bahalaşmadan yox.

Uzun müddət xarab olmayan ərzaq məhsullarının ehtiyatı yaradılmalıdır. Heyvandarlıq üçün yemlərin də bahalaşması dolayı yolla digər daxili istehsal ərzaq məhsullarının qiymətini artıracaq- quşçuluq və heyvandarlıq məhsullarının. Bu il süd və ət məhsullarının, unun və çörəyin qiymətinin bahalaşacağı ehtimalı yüksəkdir. Yerli istehsalın tələbatın yalnız 50 faizini ödəməsi idxaldan asılılığın yüksək olması deməkdir və bu da ərzaq qiymətlərinin bahalaşmasına səbəb olacaq.

Hökumətin ərzaq böhranının qarşısını almaq üçün imkanları var. Məsələn, subsidiyalar və dotasiyalar vasitəsilə çörəyin bahalaşmasının qarşısını almaq olar. Yerli ərzaq istehsalının artırııması üçün təcili tədbirlər görülə bilər. Bundan başqa, suvarma suyunun, dizelin və texnika icarəsinin qiyməti azı 2 dəfə aşağı salınmalıdır.

Hökumət ərzaq böhranının qarşısını almaq üçün artıq müəyyən addımlar atıb. 30-a yaxın adda əsas ərzaq məhsulunun ixracına məhdudiyyətlərin qoyulması da bu qəbildəndir. Bundan başqa, digər stimullaşdırıcı tədbirlərin də həyata keirləcəyi gözlənilir. Məsələn bir neçə gün əvvəl, baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Tarif Şurası sudan istifadə haqqını 2 ay müddətində müəyyən etməlidir.

Fikrimcə, suvarma suyunun qiyməti endiriləcək. Növbəti addım kimi dizelin qiyməti aşağı salına bilər. 3-cü addım subsidiyalar artırıla bilər. Bu tədbirlər hamısı görülsə belə ərzaq çatışmazlığı və bahalaşma qaçılmazdır, amma heç olmasa vəziyyəti mümkün qədər kritiklikdən çıxarmaq olar.

Paralel olaraq sosial müdafiə rədbirləri gücləndirilə bilər. Maaş və pensiyaların artırılmasına ehtiyac yaranır. Bu artımlar büdcə təşkilatlarında işləyən əhalini əhatə etdiyindən digərləri üçün baqa tədbirlər görülə bilər. Özəl sektorda və fərdi işləyənlərin maaşlarının artması üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Bunun üçün minimum əməkhaqqı tələbi azı 100 manat civarında qaldırılmalıdır. İşçiləri əmək müqaviləsi olmadan işlədənlərin aşkar olunması və sərt cəzalandırılması vacibdir.

Fərdi işləyənlərin vergiləri azaldıla bilər. Aqrar sektorda işləyən sahibkarlara güzəştli və uzunmüddətli kreditlərin həcmi xeyli artırıla bilər. Əlillər, işsizlər və xəstələr üçün ayrılan sosial yardımların məbləği artırılması vacibdir. Bu tədbirlərin görülməsi əhalinin sosial müdafiəsini gücləndirər. Burada yeganə sual qalır- bəs bunun üçün tələb olunan maliyyə ehtiyatları hardan əldə olunacaq? Daxili imkanlar kifayət etməsə strateji rezervlərin xarici fondlarda uzunmüddətli qoyulmayan və çıxarıla bilən hissəsindən istifadə etmək olar. O vəsaitlər ölkənin dar günləri üçün yığılıb qorunur.

Gözlənilən böhranın ağırlığını azaltmaq üçün lazım olan bütün imkanlar var. Hökumətin atacağı addımlar bunun qarşısını ala bilər.

Digər xəbərlər