COP29

  • 3 325

İqlim problemlərinə Paris baxışı: saziş nə deyir?

image

Paris sazişi, 197 ölkənin iqlim böhranının qarşısını almaq üçün birgə hərəkət etməli olduqları barədə razılaşmaya gəldikləri haqda beynəlxalq müqavilədir. Paris sazişi mahiyyət etibarilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına əsaslanır. Bu saziş, Kioto Protokolunun müddətinin bitdiyi 2020-ci ildən sonra iqlim dəyişikliyi prosesini tənzimləmək məqsədi daşıyır. Paris sazişinin məqsədi 2020-ci ildən sonrakı dövrdə iqlim dəyişikliyi təhlükəsinə qarşı qlobal sosial-iqtisadi dayanıqlığı gücləndirməkdir. Bu məqsəd mədən yanacaqlarının –neft və kömürdən istifadənin tədricən azaldılmasını və bərpa olunan enerjiyə meyllənməni tələb edir.

Paris sazişi iqlim dəyişikliyinə qarşı beynəlxalq əməkdaşlığı fərqli şəkildə davam etdirir. Paris razılaşması və konvensiyaya əlavələr sistemi, qlobal emissiyalarda ən yüksək paya sahib olan ABŞ və Çinin öz məsuliyyətini anlaması, eləcə də bütün tərəflərin bu işdə əməkdaşlıq etməsini şərtləndirir. Bu razılaşma, iqlim böhranının qarşısını almaq üçün qlobal orta səth temperaturunun artımını 2 dərəcə ilə məhdudlaşdırmaq və mümkünsə 1,5 dərəcədən aşağı saxlamaq məqsədi daşıyır.

Təbii olaraq, “1,5 ilə 2 dərəcə arasında fərq nədir” kimi suallar yaranır. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (IPCC) tərəfindən təqdim edilən məlumatlar 1,5°C istiləşmənin 2°C-dən nisbətən daha təhlükəsiz olacağını vurğulayır. IPCC-yə görə, orta səth temperaturu 1,5-ə yüksəldikdə 100% artması gözlənilən daşqın riski 2°C istiləşmə ilə 170%-ə çatacaq. Bundan əlavə, şiddətli quraqlığa məruz qalan insanların sayı 1,5°C artımla 350 milyona, 2°C artımla isə 410 milyona yüksələ bilər. Həddindən artıq isti hava dünya əhalisinin 9%-nə deyil, 28%-nə təsir edə bilər. Lakin məlumdur ki, hər 0,5°C artım kənd təsərrüfatında məhsuldarlığı daha da aşağı salacaq. Qlobal orta temperatur artımı 2 dərəcəni keçərsə, insan həyatına birbaşa təsir edəcək dağıdıcı nəticələr yaranacaq.

Sazişin ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, Kioto Protokolundan fərqli olaraq, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr öz milli təşəbbüsləri ilə təsirin azaldılmasında iştirak edirlər. Yəni, Paris İqlim Sazişində iştirakçı ölkələrə emissiyaların azaldılması üçün hər hansı bir hədəf norması qoyulmur. İqlimi qorumaq üçün emissiyalar azaldılmalı və qalıq yanacaqlardan istifadə edilməməli olsa da, tərəf ölkələri, nə vaxt və nə qədər istixana qazlarının azaldılması ilə bağlı öhdəlik götürəcəklərini özləri qərar verir və bu öhdəlikləri milli töhfə bəyannamələri vasitəsilə çatdırırlar.

Paris sazişi ilə yaradılmış yeni rejimin Kioto protokolundan fərqləndiyi sahələrdən biri də onun ölkə fərqi qoymamasındadır. Saziş, yalnız inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı fərqdən istifadə edir. İnkişaf etməkdə olan ölkələr qrupunun öz daxilində nümayiş etdirdiyi müxtəlifliyi qəbul edir. Eyni zamanda, inkişaf etməkdə olan ölkələr arasında şəffaflıq, icra və uyğunluq mexanizmləri kimi əməliyyat tənzimləmələri yaradaraq, güzəştli vəzifə öhdəlikləri sistemi təqdim edir. Yəni, inkişaf etmiş ölkə ilə az inkişaf etmiş ölkənin öhdəlikləri eyni deyil.

Qeyd etdiyimiz kimi, iqlim dəyişikliyini nəzarətdə saxlamaq üçün səthin orta temperaturunun artımını 1,5, ən pis halda isə 2 dərəcədən aşağı saxlamalıyıq. Bu istiqamətdə hansı ölkələrin məsuliyyətinin çox olması məsələsi də gündəmdədir. Təbii ki, bu çox asan hesablama deyil. Bunu təyin etmək üçün cari emissiyalar, tarixi emissiyalar və adambaşına düşən emissiyalar kimi bir neçə meyara baxmaq lazımdır. Ən son məlumatlara görə, Çin, ABŞ, Aİ və Hindistan qlobal cari emissiyaların 50 faizinə cavabdehdir. Əvvəlki tarixlərin emissiyalarına görə məsuliyyət, sənaye inqilabının başlanğıcı hesab edilən 1750-ci ildən bəri qlobal orta temperaturun artmasına ölkələrin təxmini töhfəsi ilə ölçülür. ABŞ, Rusiya və Avropa bu baxımdan Çini uzun müddət qabaqlayırdı. Adambaşına düşən emissiyalarda isə əhali sayına görə çox olan ölkələrin rolunun olduğu kimi anlaşılsa da, əslində, bu belə deyil. Məsələn, Çin kimi əhalisi çox olan ölkələr ümumilikdə daha çox emissiya istehsal etsələr də, adambaşına düşən emissiyalarda birinci yerdə olmaya bilərlər. Məsələn, ABŞ-da adambaşına düşən tullantıların miqdarı 18 ton olduğu halda, Çində bu, 8 ton civarındadır.

Avropa İttifaqı 2030-cu ilə qədər emissiyalarını 55% azaltmağı və 2050-ci ilə qədər karbon neytral olmağı hədəfləyir. Çin 2060-cı ilə qədər karbon neytral olmağı hədəfləyir, Yaponiya, Cənubi Koreya, Cənubi Afrika və Kanada sıfır emissiya planlarını açıqladılar. 2020-ci ilin sonuna kimi 30 ölkə öz milli qanunvericilik bazasında karbon neytrallığı hədəfini reallaşdırdı. Digər tərəfdən, 19 fevral 2021-ci ildə Paris Sazişinə rəsmən qayıdan ABŞ administrasiyası 2050-ci ildə karbon neytral olmaq və 2035-ci ildə elektrik enerjisi istehsal sektorunu karbonsuzlaşdırma hədəflərini açıqladı.

Azərbaycan İqlim Dəyişikliyinə dair Paris Sazişini imzalayaraq atmosfer havasına buraxılan istixana emissiyalarını 2030-cu ilədək 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Buna imkan verən infrastruktur təkmilləşdikcə, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən birinə çevrilir. Hesablamalara görə, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji üzrə 380 meqavatdır. Dağ çaylarının potensialı isə 520 meqavat həcmində qiymətləndirilir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər