PDF Oxu

Siyasət

  • 1 105

Ölkəmiz möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir

image

“Müasir müstəqil Azərbaycan hazırda dünyanın nüfuzlu ölkələrindən biridir. 44 günlük Vətən müharibəsində zəfər qazanan, ərazi bütövlüyünü və suverenliyini bərpa edən, Cənubi Qafqaz bölgəsinin lideri olan Azərbaycan qazandığı nailiyyətlərə mükəmməl inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində nail olub. Respublikamızın inkişafının əsası isə 1969-cü il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin Azərbaycana hakimiyyətə gəlməsi ilə qoyulub. Məhz həmin dövrdə Sovet İttifaqının tərkibində olsa belə, Azərbaycanın dinamik templərlə iqtisadi yüksəlişini təmin edən inkişaf strategiyasının hazırlanmasına və həyata keçirilməsinə start verildi. Bu inkişaf isə birmənalı şəkildə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, 1969-cu ilin 14 iyulu Azərbaycan tarixində çox əlamətdar tarixlərdən biridir. Həmin tarixdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) plenumunda Heydər Əlirza oğlu Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ölkənin iqtisadi, mədəni yüksəlişində, xalqımızın rifahının yaxşılaşmasında, eləcə də müstəqil dövlətimizin təməlinin qoyulmasında həlledici rol oynadı. Respublika əhalisi yeni rəhbərinə dərin rəğbət bəsləyir, Onun gördüyü işləri dəstəkləyirdi. Ən çox diqqət yetirilən məsələlərdən biri isə işgüzar, xalqa sadiq, mənəvi cəhətdən saf olan kadrların seçilərək respublikada, şəhər və rayonlarda rəhbər vəzifələrə təyin edilməsi idi. Kadr siyasətinə xüsusi diqqət ayıran Heydər Əliyev rəhbər vəzifələrə azərbaycanlıların cəlb edilməsi yönündə əsaslı fəaliyyəti ilə seçilirdi.

Danılmaz faktdır ki, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi bioqrafiyasının bütün səhifələri ölkəsinin inkişafı uğrunda fədakar mübarizəyə həsr olunub. Hələ sovet dövründə Azərbaycan keçmiş ittifaqda yalnız aqrar respublikası kimi xarakterizə olunurdu. Ölkəmizin hələ sovet dövründə intibah yoluna qədəm qoyması məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Ulu Öndərin Azərbaycan Sovet Sosialist Respublikasının rəhbəri seçilməsi ilə bu proses başlandı. Bütün sahələrdəki inkişaf və dəyişikliklər - sənayeləşmə, ölkədə milli kadrların yetişdirilməsi, ana dilimizə olan münasibətin müsbət mənada dəyişməsi, milli mədəniyyətimizin inkişafı birmənalı şəkildə Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin bəhrəsi idi. Bu gün fəxrlə deyə bilərik ki, müasir Azərbaycanın inkişafının intibah dövrü məhz 1969-cu ildən başlayır. Həmin illərdə həyat Heydər Əliyevin üzərinə Vətən və xalq naminə mühüm bir missiya qoymuşdu. Ulu Öndərimiz isə keçmiş sovet dövrünün ideoloji məhdudiyyətlərinin yaratdığı çətinliklərə rəğmən, respublikanı müasirləşdirmək, yeni bir Azərbaycan qurmaq yolunda inamlı addımlar atmağı bacardı. Burada Heydər Əliyevin şəxsi keyfiyyətləri, əvvəlki illərdə təsdiqlənmiş unikal idarəçilik bacarığı, liderliyi və əlbəttə ki, Vətəninə, xalqına sonsuz sevgisi, milli kimliyinə sadiqliyi mühüm rol oynadı.
Millət vəkilinin sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olmadığı illərdə isə xalqımız çətinliklərlə, faciələrlə üzləşdi. 1991-ci ildə müstəqilliyimiz elan olunsa da, kağız üzərində qalmışdı. Bu dövrdə torpaqlarımzıın işğal olunması ilə yanaşı Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır zamanda xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək bütün təhlükələri dəf etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Məhz Ulu Öndərimizin sovetlər dövründə yaratdığı sosial-iqtisadi baza, tariximizə, milli dəyərlərimizə və mədəniyyətimizə sahib çıxması müstəqilliyimizin qazanılmasında müstəsna rol oynadı.
YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün uğurla və inamla davam etdirilir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs Azərbaycanın qüdrətinin daha da artmasını təmin edib, ölkəmiz möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Heydər Əliyev siyasətinin zirvəsini isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması təşkil edir. Beləliklə, Azərbaycan gələcəyə doğru inamla, yeni zəfərlərlə addımlayır. Bu nailiyyətlərin əsasını isə Heydər Əliyev siyasəti təşkil edir. Şübhə yoxdur ki, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcək. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq!”.

Digər xəbərlər