PDF Oxu

Köşə

  • 1 930

Ehsan süfrəsi, yoxsa ziyafət? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Azərbaycanda sosial-mənəvi deqradasiyanın əsas elementlərindən biri də xeyir-şər məslislərinin təşkildir. Toylarla bağlı cızığından çıxmış vəziyyət məlumdur və biz də bu haqda çox yazmışıq. Bu dəfə isə yas məclislərindən danışacağıq.

Çox təəssüf ki, bu gün yas məclisləri ilə bağlı vəziyyət acınacaqlıdır, hətta bir biabırçılığa çevrilib. Bu biabırçılığa qarşı ölkədə ilk mübarizə aparanlardan biri də mən olmuşam- artıq 25 ildən çoxdur ki, mətbuatda, televiziyada, müxtəlif tədbir və layihələrdə bu mövzu ilə bağlı çıxışlar edir, təkliflər irəli sürürük, cəmiyyəti bu biabırçılığa son qoymağa çağırırıq, lakin hələ ki bir-iki hal istisna olmaqla bu barədə dəyişiklik yoxdur.

Bu cür ifratçı və israfçı yas mərasimləri nə dini, nə də sosial baxımdan doğru deyil. Bu mərasimlərə “ehsan” adı qoyulur, amma ortada ehsan yoxdur. Ehsan adından da məlum olduğu kimi pulsuz, təmənnasız şəkildə edilən, səmimi niyyətlə təqdim olunan bir xeyir işdir. Bu gün isə yas mərasimləri restoran xidmətinə çevrilib: insanlara yemək-içmək verilir, daha sonra isə pul yazılır, vəsait toplanır. Bu, ehsan anlayışına tamamilə ziddir.

Nə İslam dinində, nə də başqa ölkələrdə bu cür adətə rast gəlinmir. Bir insanın doğması rəhmətə gedəndə insanlar onun dərdinə şərik olmağa, təskinlik verməyə getməlidirlər- yemək yeməyə yox.

Amma bu gün ehsan süfrələrində o qədər zəngin təamlar təqdim olunur ki, bu artıq yas deyil, ziyafət məclisini xatırladır. Bu isə yas sahibinin həm maddi, həm də mənəvi cəhətdən ağır vəziyyətə düşməsi deməkdir: böyük xərclər, yorucu hazırlıq, bəzən hətta borc və sələmə düşmək.

Bu hal sadəcə yas sahibinə deyil, cəmiyyətin özünə də zərər verir. Biz yas məclisinə qarnımızı doyurmağa yox, ev sahibinin dərdinə şərik olmağa getməliyik.

Əgər doğrudan da ehsan vermək niyyəti varsa, bu, tamamilə pulsuz olmalıdır. Kimsə deyə bilər ki, bəs kasıb insanlar ehsanın xərcini hardan alsın. Buna o qədər də xərc lazım deyil. Məsələn, yalnız çay və su ilə sadə bir çay süfrəsi təşkil edilə bilər. Çay ehsanı verməyin xərci 100 manat civarında olur, ən çox hallarda 200 manata başa gələ bilər. Hətta ailə ifrat yoxsul olarsa və 100 manatı da olmazsa, qohumlar qonşular, bələdiyyə bu ehsanı verə bilər.

Bu məsələnin inzibati yollarla tənzimlənməsi mümkün deyil. Çünki bu, mənəvi məsələdir və qanunla tənzimlənməsi çətindir. Burada əsas rol cəmiyyətin ziyalılarına, ağsaqqallarına, məmurlarına, tanınmış şəxslərə və din xadimlərinə düşür. Əgər bu şəxslər sadə yas məclisləri təşkil etsələr, pul yığmasalar, xalq da onlardan örnək götürər.Əks təqdirdə, bu yanlış adət daha da genişlənəcək və nəticədə mənəvi deqradasiya dərinləşəcək.

Bəzi rayon və kəndlərdə bu məsələ ilə bağlı müsbət nümunələr də olub. Məsələn, 2000-ci illərin əvvəllərində Tovuz televiziyasında çalışarkən belə bir layihə həyata keçirdik. Rayonun ağsaqqallarını, ziyalılarını, axundunu, din xadimlərini bir araya gətirib televiziyada təbliğat apardıq. Bir neçə ay ərzində yas mərasimləri sadə formada, yalnız çay, halva verilərək keçirildi. Təəssüf ki, bu təşəbbüs davamlı olmadı, çünki sonradan bəzi imkanlı şəxslər bu qaydanı poxdu və digərləri də onlara baxıb əməl etmədilər.

Buradabir şərt də qoyulmuşdu ki, yemək verilən məclislərə axundlar və mollalar getməsin. Bu, bəzi insanların məcburən qaydalara riayət etməsinə səbəb olmuşdu. İndi də eyni yanaşma tətbiq oluna bilər: dinə zidd olan mərasimlərə din xadimləri qatılmamalıdır.

Bir daha qeyd edirəm ki, yas məclisində yemək vermək nə dini baxımdan doğrudur, nə də insanlığa yaraşır. Belə zəngin ehsan vermək əslində deməkdir ki, mən dini, mənəviyyatı və Qurani-Kərimi qəbul etmirəm. Belə yanaşma sosial və mənəvi problemlərin əsas səbəblərindən biridir.

Yas məclisi nə ziyafət, nə də nümayiş yeridir. Sadəlik və səmimiyyət əsas olmalıdır. Cəmiyyətin sağlam təbəqələri– ziyalılar, din adamları, mədəniyyət xadimləri bu sahədə təşəbbüs göstərsələr, cəmiyyət də onlara baxıb doğru yolu seçəcək. Əks halda, bu mənəvi fəlakət daha da dərinləşəcək.

Digər bir məsələ isə qəbir daşları ilə bağlıdır. Bu sahədə də standartların müəyyən olunmasına ehtiyac var. Başdaşları sadə, kiçik və fərqləndirici olmayan formada olmalıdır. Kimin pulu çoxdur, nəhəng heykəl qoyur; kimin imkanı yoxdur, başdaşı belə tapa bilmir. Bu, cəmiyyətdə öləndə belə ayrı-seçkiliyin yaranması deməkdir. Bu isə ağır sosial yük və mənəvi deqradasiyadır. Qəbir daşlarının forması və ölçüsü məsələsi isə qanunla tənzimlənə bilər.

Nəticə olaraq, yas məclislərində təmtəraq yox, təvazökarlıq, israf yox, səmimiyyət olmalıdır. Əgər biz bu sahədə dəyişiklik istəyiriksə, əvvəlcə özümüz nümunə olmalıyıq.

Digər xəbərlər