COP29

  • 5 692

“Yaşıl enerji”yə niyə keçməli?

image

“Yaşıl enerji” bərpa olunan mənbələrdən istehsal olunan enerjiyə deyilir. Sənayedə ekoloji tendensiyaların inkişafı nəticəsində yaranan bu enerji növü, davamlı istehsal və istehlak məqsədlərini güdən şirkətlərin strategiyalarında əsas prioritetə çevrilib. Yaşıl enerjinin istehsal olunduğu bərpa olunan mənbələr külək, günəş radiasiyası, geotermal ehtiyatlar, okean dalğaları, biokütlə, bioqazlar və biomayelərdir. Bu enerji növlərindən enerji əldə edərkən insan təbiətə, ekologiyaya zərər vurmur, istehlak etdikcə isə enerji yenidən bərpa olunur.

“Yaşıl enerji” istehsalı ekoloji fəsadlar yaradan karbon emissiyasının minimuma endirilməsi, ekoloji çirklənmənin qarşısının alınması və enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. “Yaşıl enerji” və yaxud “yaşıl iqtisadiyyat” konsepsiyası 1991-ci ildə britaniyalı iqtisadçı Maykl Ceykobs tərəfindən irəli sürülüb və onun “Yaşıl iqtisadiyyat: ətraf mühit, davamlı inkişaf və gələcəyin siyasəti” adlı kitabında şərh edilib. Bundan sonra “yaşıl enerji”dən istifadə olunması ekoloji riskləri və çatışmazlıqları azaldan vasitələrdən biri kimi aktuallaşd.

Müasir dövrdə ekoloji şüurda “yaşıl enerji”dən istifadənin vacibliyi ideyasının getdikcə özünə mühüm yer tutmasının bir çox səbəbləri var. Əvvəla, “yaşıl enerji”dən istifadə iqlimin mənfi istiqmaətdə olan dəyişikliyini dayandırmağa, qlobal istiləşməni məhdudlaşdırmağa kömək edir. O cümlədən, “yaşıl enerji” sənayesinin inkişafı nəticəsində yeni iş yerləri yaranır ki, bu da davamlı inkişaf üçün vacib amillərdən biridir. Bu istiqamətdə təhsilin, savadlılığın artrılması ilə yeni ixtisaslar meydana çıxır.

Bu gün dünyamız kifayət qədər çirkli bir atmosferə sahibdir. Ona görə “yaşıl enerji”dən istifadə havanın keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. “Yaşıl enerji”yə keçid bu sahədə yeni yanaşmaların və texnologiyaların tətbiqini stimullaşdırır. Mütəxəssislərin proqnozlarına əsasən, 2030-cu ilədək bərpaolunan mənbələrdən və yaxud “yaşıl enerji”dən alınan elektrik enerjisi dünyada elektrik enerjisi istehsalının 65 faizini təmin edəcək. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud “yaşıl enerji” mənbələrindən əldə edilə bilər.

Enerjinin yaşıllaşdırılması ilə karbon qazı emissiyası qlobal səviyyədə 2050-ci ilə qədər 70 faiz azaldılacaq ki, bu da iqlim dəyişikliyinin qarşısının alınmasına kömək edəcək. İlk növbədə külək və günəş enerjisi hesabına elektrik enerjisi istehsalında sürətli artım olacaq. Bunun əsasən Qafqazda, Mərkəzi Asiyada, Şərqi və Cənub-Şərqi Avropada baş verəcəyi proqnozlaşdırılır.

Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin proqnozlarına görə, alternativ enerji mənbələrinə keçid karbon qazı emissiyasının azaldılması ilə yanaşı, sosial-iqtisadi inkişafa təkan verəcək. Qlobal iqlim dəyişikliyinin qarşısının alınması üçün 2050-ci ildən sonrakı dövrdə karbon qazı emissiyasının minimum həddə endirilməsi nəzərdə tutulur. Hidrogen və sintetik yanacaqlar, birbaşa elektrikləşdirmə, bioyanacaqlar innovativ biznes modellərinə və bu sahədə struktur dəyişikliyinə ciddi təsir göstərəcək.

Dünyada iqlim dəyişikliyinin dağıdıcı risklərinin və enerji təhlükəsizliyinə hədələrin qarşısının alınması üçün növbəti 30 il ərzində qlobal enerji sistemində dərin və ardıcıl transformasiyaların baş verəcəyi proqnozlaşdırılır. 2030-cu ilədək qlobal istiləşmənin qarşısını almaq üçün illik 5,7 trilyon ABŞ dolları məbləğində sərmayə qoyuluşu tələb olunur. 1,5°C qlobal istiləşmə strategiyasına uyğun olaraq 2030-cu ilədək xeyli sayda əlavə iş yerinin yaradılması proqnozlaşdırılır.

“Yaşıl enerji”dən istifadə həm də insanların sağlamlığı üçün əhəmiyyətlidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 13 milyondan çox ölüm halları havanın çirklənməsi ilə bağlıdır. Çirkli ekologiya ürək xəstəlikləri və infarkt hallarına səbəb olur. Dünyada hər 8 ölümdən biri hava çirkliliyi səbəbindən yaranmış xəstəliklərdən olur. Qapalı və açıq məkanlarda yaranan çirkli hava insanlarda müxtəlif xəstəliklərə səbəb olaraq ömrünü qısaldır. Havadakı qaz, his, ozon və metan nisbətindəki dəyişikliklər sadəcə iqlim dəyişikliyinə səbəb olmur, eyni zamanda hər il milyonların ölümünə rəvac verir. Astma və allergiya kimi tənəffüs xəstəlikləri çirkli havanın yaratdığı ən birinci xəstəliklərdir. Zamanla xərçəngə qədər gedib çıxan xəstəliklərin sırasına hər il yeniləri qoşulur.

“Yaşıl enerji”yə keçid bu xəstəliklərin yaranmasında birbaşa rolu olan ekoloji təsirləri zərərsizləşdirəcək. Çünki bərpaolunan enerji imkanları qlobal ekoloji problemlərin həllində mühüm rol oynayır. “Yaşıl enerji”yə keçid ekosistemdə dayanıqlığın əsasını təşkil edəcək. Həmçinin bu enerji əldə etmə üsuslu insanın tələbatları ilə təbiətin imkanları arasında tarazlığın təmin olunmasında böyük paya sahibdir. Bərpaolunan enerji mənbələrindən enerji istehsal etmək iqlim dəyişikliyinin və qlobal istiləşmənin qarşısının alması üçün dünyanın qarşısında duran ən vacib işdir.

Əgər yaşıl enerji istehsalı sahələri inkişaf etdirilsə, səmərəli şəkildə istifadə edilsə enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynaması ilə yanaşı dünyanın xilası üçün də ciddi addım olacaq. Bu sahənin inkişaf etməsi yeni texnologiyaların və innovasiyaların inkişafına da təkan verəcək. Azərbaycan coğrafi baxımdan əlverişli “yaşıl enerji” potensialına malik olduğu üçün bu sahənin inkişafına ciddi kapital qoyulması və ondan səmərəli şəkildə istifadə edilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti aparılır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Ekologiya və ətraf mühitin mühafizəsi istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər