COP29

  • 9 800

Gübrələrlə iqlimi necə dəyişdiririk?

image

İqlim dəyişikliyinin ən çox müşahidə olunan nəticələrindən olan qlobal istiləşmə və quraqlıq kənd təsərrüfatı sektoru üçün hər gün artan təhlükə yaradır. Ekologiyaya vurduğumuz zərərlərin fərqinə vardığımız gündən bəri həm də onun xilası üçün çalışırıq. Birinci addım kimi ekoloji təmiz məhsullar yetişdirməyə başladıq, beləliklə həm torpağı, həm orqanizmimizi, həm də iqlimi qorumuş oluruq. Lakin ekoloji təmiz məhsul yetişdirmək daha çox məsuliyyət və daha az məhsul əldə etmək demək olduğu üçün məhsuldarlığı süni şəkildə artıran kimyəvi gübrələrə daha çox meyl edirik. Halbuki kənd təsərrüfatında istifadə edilən kimyəvi gübrələrin və pestisidlərin insan sağlamlığına təsiri barədə son illərdə ciddi əsaslandırmalar var.

Kimyəvi maddələrin istifadəsi ekosistemə ciddi ziyan vurur. Bu gübrələrin istifadəsi ətraf mühitə bol miqdarda zərərlo maddələrin atılmasına səbəb olur. Atılan bu maddələr torpaqda şoranlığın artmasına, ağır metalların yığılmasına və suda evtrofikasiyaya səbəb olur. Evtofikasiya su bitkilərinin normadan artıq böyüməsi və daha çox oksigen istifadə etməsi deməkdir, bunun nəticəsində isə suda yaşayan canlılar oksigen çatışmazlığından əziyyət çəkir.

Bundan əlavə, gübrələr vasitəsi ilə atmosferə istixana qazları da atılır. Bunlardan ən təhlükəlisi karbon qazından 300 dəfə daha təsirli olan azot oksidləridir. İstixana qazı emissiyalarının 12%-nə səbəb olan kənd təsərrüfatı sektoru iqlim dəyişikliyinin təsirlərinə də məruz qalır. İqtisadiyyatında kənd təsərrüfatının əhəmiyyətli payı olan ölkələrdə bu problem daha çox müşahidə olunur.

Əgər qədərində istifadə edilsə iqlimə bu qədər təsiri də olmaz gübrələrin. Kimyəvi gübrələr azot, fosfor və kalium kimi mühüm elementləri ehtiva edən müxtəlif formul kimi istehsal olunur və fermerlərə kənd təsərrüfatı sahələrində daha səmərəli məhsul əldə etmək imkanı verir. Ancaq həddindən artıq istifadə ekoloji problemlərə səbəb olur və təbii tarazlığı poza bilir. Ona görə də kimyəvi gübrələrdən şüurlu və balanslı istifadə həm kənd təsərrüfatının səmərəliliyini artırmaq, həm də ekoloji dayanıqlığı təmin etmək üçün vacibdir.

Gübrələmənin ətraf mühitə təsiri torpaqda, suda, havada və məhsulun keyfiyyətində özünü büruzə verir. Gübrələrin ifrat istifadəsi torpağın turşulaşmasına, keyfiyyətinin pisləşməsinə, dolayısı ilə məhsuldarlığın zəifləməsinə, məhsulun keyfiyyətin düşməsinə səbəb olur. Gübrələrin nəzarətsiz istifadəsi nəticəsində torpaqda ağır metallar, zəhərli maddələr arta bilər. Gübrələmə səviyyəsi yüksək olan əkinçilik ərazilərində soğulcanlar, qurdlar və mikroorqanizmlər az gübrələmə olan ərazilərlə müqayisədə az olur. Bu torpaq canlılarının öz funksiyaları var, onların olmadığı ərazilərdə məhsuldarlıqda da azalma müşahidə edilir.

2025-ci ilə qədər dünya əhalisinin 8-10 milyarda çatacağı təxmin edilir. Bu da kənd təsərrüfatı məhsullarına olan tələbatın ildə 3,1% artmasına səbəb olacaq. Kənd təsərrüfatı yüksək inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ötən əsrdə qeydə alınmış məhsuldarlığın 60 % və ya daha çox artımı təbii gübrələrin istifadəsi ilə bağlıdır. Daha aydın desək, heyvandarlıqdan əldə edilən təbii gübrələr – peyinlər vasitəsi ilə torpağın məhsuldarlığı artırırlır və bu da dolayısı ilə məhsulun keyfiyyətinə və ekoloji təmizliyinə səbəb olur.

Müasir kənd təsərrüfatı üsulları torpağı çirkləndirir, zərərli gübrələr vasitəsi ilə torpaq, su, atmosfer zəhərlənir. Gübrələmə nəticəsində torpağın şoranlaşması baş verir. Kimyəvi gübrələrdə olan duzlar torpaqda toplanır, torpağın strukturunu poza bilər və bitki köklərinin su qəbul etməsinə mane olur. Başqa bir təhlükə də torpağın turşulaşmasıdır. Bəzi kimyəvi gübrələr torpağı turşulaşdıra və torpağın pH balansını poza bilər. Gübrələr torpaq eroziyasına da səbəb olur. Kimyəvi gübrələrin həddindən artıq istifadəsi torpaqdakı təbii orqanizmləri öldürə və torpağın strukturunu zəiflədə bilir.

Kimyəvi gübrələr torpağın münbitliyini azaldır. Bu gübrələrin davamlı istifadəsi torpağın təbii qida maddələrinin tükənməsinə və yavan qalmasına, məhsuldarlığın zəifləməsinə səbəb olur. Yeraltı suların çirklənməsi də bu gübrələr sayəsində olur. Kimyəvi gübrələr torpağın alt qatlarında toplanır və qrunt sularını çirkləndirir. Kimyəvi gübrələrin həddindən artıq istifadəsi bitki xəstəlikləri və zərərvericilərini artıra bilər. Çünki bu gübrələr torpaqdakı faydalı mikroorqanizmləri öldürür, bu mikroorqanizmlərin hər birinin öz funksiyası var və vəzifələrini yerinə yetirmədikləri üçün torpaqda zərərvericilər artır.

Kimyəvi gübrələr adətən bitkilərin ehtiyac duyduğu əsas qida maddələrini ehtiva edir və bitki böyüməsini dəstəkləmək, məhsuldarlığı artırmaq və ya müəyyən qida çatışmazlığını düzəltmək üçün istifadə olunur. Azotlu gübrələr bitkilərin zülal və xlorofil istehsalı üçün vacib olan azotu ehtiva edir. Azotlu gübrələr xüsusilə yarpaqların və yarpaqların böyüməsini stimullaşdırır. Fosforlu gübrələr enerjinin ötürülməsi, hüceyrə bölünməsi və bitkilərin kök inkişafı üçün lazım olan fosfor ehtiva edir. Fosforlu gübrələr kök və çiçək inkişafını dəstəkləyir deyə bilərik.

Kalium gübrələri bitkilərin su balansını tənzimləmək, xəstəliklərə qarşı müqavimətini artırmaq və ümumi böyüməsini təşviq etmək üçün kalium ehtiva edir. NPK gübrələri isə azot (N), fosfor (P) və kaliumun (K) birləşməsini ehtiva edən tam balanslaşdırılmış gübrələrdir. Bu növ gübrələr bitkilərin ümumi sağlamlığını dəstəkləmək və əsas qida maddələrinin tam təchizatını təmin etmək üçün istifadə olunur. Mikroelement gübrələri isə bitkilərin çox az miqdarda ehtiyac duyduğu dəmir, sink, mis kimi mikroelementləri ehtiva edir. Kimyəvi gübrə növləri kənd təsərrüfatı məhsuldarlığının artırılması və qida çatışmazlığının aradan qaldırılması üçün mühüm vasitədir. Lakin düzgün istifadə edilmədikdə ətraf mühitə təsir göstərə biləcəyi üçün balanslı şəkildə istifadə edilməlidir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Ekologiya və ətraf mühitin mühafizəsi istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər