COP29

  • 3 799

COP29: Cənubi Qafqazda ilk dəfə Azərbaycanda -TƏHLİL

image

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin: Ümumiyyətlə, belə bir konfrans ilk dəfədir Cənubi Qafqazda keçirilir və bu, bildiyimə görə, gündəliyin təşkili üçün çox iş görmüş Azərbaycanın müstəsna rolunu vurğulayır.

Artıq bir neçə gündür ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Bakıda öz işinə başlayıb. Günlərdir, dünyanın hər yerindən nümayəndələr qlobal iqlim dəyişmələrinə qarşı mübarizə tədbirlərinin birgə müzakirəsi üçün Azərbaycana gəlir. Azərbaycan böyük bir tədbirə ev sahibliyi edir və yaradılan hər bir şərait onu göstərir ki, ölkəmiz üçün bu kimi tədbirlərin keçirilməsində heç bir problem yoxdur. Və Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinin dediyi kimi, bu tədbir həm də Cənubi Qafqazda ilk olaraq Azərbaycanda keçirilir. Bu isə onu təsdiqləyir ki, Azərbaycan regionda, eləcə də dünyada böyük gücə və nüfuza malikdir.

Yaşıl dünya naminə

Azərbaycan nadir təbiətin, ümumilikdə ətraf mühitin qorunmasına həssaslıqla yanaşan ölkələr sırasındadır. 2024-cü ilin ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı bunu təsdiqləyən amildir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Təsadüfi deyil ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.

Digər tərəfdən isə Sərəncamda da deyildiyi kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Bu il iyul ayının 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu məsələyə münsibətini bildirərək demişdir: Bu, dünyada beynəlxalq arenada bir nömrəli konfransdır və ilk dəfədir ki, postsovet məkanında keçirilir. Bizim üçün bu, misilsiz bir şansdır ki, ən yüksək liqaya daxil oluruq. Biz təkcə təşkilati baxımdan işlər görmürük, mahiyyət baxımından da təşəbbüslər irəli sürürük. Biz inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyirik. Biz Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qururuq.

Koordinasiya edilmiş media prosesi

COP29-un Azərbaycanda keçiriıməsi ilə bağlı verilən qərardan sonra Qərb mediasında bizə qarşı hücumlar başladı. Biz hücumlara məruz qalacağımızı əvvəldən bilirdik. Səbəb isə neft və qazla zəngin olan ölkə olmağımızdır. Çünki COP28-in ev sahibi olan Birləşmiş Ərəb Əmirliklərinin də eyni ittihamlarla üzləşdiyinin şahidi olmuşduq.

Dövlətimizin başçısı bu barədə deyirdi: Təəssüf ki, bizə qarşı çox geniş və koordinasiya edilmiş media prosesi başladı, biz ilk vaxtlar buna hazır deyildik. Biz izah etməyə çalışırdıq, bu, bizim günahımız deyil ki, biz neft və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında qiymətləndirilməməlidir. Biz iqtisadiyyatımızı necə şaxələndirmişik, işsizliyin öhdəsindən necə gəlmişik, yoxsulluğu necə azaltmışıq, mövzular bunlar olmalıdır. Bu gün bu göstəricilər inkişaf edən ölkələrin səviyyəsindədir, bəzən ondan daha aşağı, daha azdır, yoxsulluq beş faiz səviyyəsindədir və bəzi ölkələr bunu heç yuxusunda görə bilməz. Qazıntı yanacaq növlərindən əldə etdiyimiz gəlirlərin ədalətli paylanılması çox şəffaf şəkildə, məsuliyyətli şəkildə həyata keçirilir. Buna baxmayaraq, ittihamlar davam edir. Ancaq deyə bilərəm ki, vaxt keçdikcə bizə qarşı hücumların sayı azalır, bizim COP heyətimiz çox səmərəli işləyir, öz vaxtının böyük hissəsini xaricdə keçirir, müxtəlif görüşlər keçirir. Bizim COP-la bağlı gündəliyimiz proqnozlaşdırılabilən, aydın hədəflərə, məqsədlərə, nəticələrə köklənmiş gündəlikdir. Deyə bilərəm ki, qərardan altı ay keçdikdən sonra biz daha az hücuma məruz qalırıq. Ancaq onu bilirik ki, tədbir yaxınlaşdıqca bu ittihamların və hücumların sayı artacaqdır.

Bəli, Qərb medisının Azəbaycanla bağlı iddiaları təbii ki, koordinasiya edilmiş media prosesi idi. Əvvəlcədən müəyyən edilmiş və həyata keçirilən proses. Dövlətimizin başçısının hələ bir neçə ay öncə vurğuladığı kimi, tədbir yaxınlaşdıqca, bu proses də artmağa başladı. Lakin bu ittihamların heç bir əsası yoxdur və COP29-un işinə təsir qüvvəsi ola bilməz.

Məsələyə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 12-də Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda təşkil olunan konfransda çıxış edən Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva da münasibət bildirdi: COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan ətraf mühit məsələlərindən xeyli uzaq olan mülahizələr hesabına ədalətsiz hücum dalğası, yalan hekayətlər və ikili standartlar ilə üzləşib.

Azərbaycan COP29-a ev sahibliyi etmək öhdəliyini üzərinə götürməklə, Qlobal Cənub və Qlobal Şimal, eləcə də inkişaf etmiş və inkişaf edən ölkələr arasında körpülər salmağa çalışır. Məqsədimiz bu məsələnin həllinə verdiyimiz töhfəni ortaq gələcəyə verəcəyimiz töhfəyə çevirməkdən ibarətdir. Bununla belə, bəzi hallarda dəstək vermək və konstruktiv dialoq aparmaq əvəzinə, biz çoxsaylı Qərb mətbuatında böhtan və qarayaxma kampaniyalarının hədəfinə çevrilmişik. Məlumdur ki, həmin media əvvəlcədən cızılmış ssenariyə uyğun getməyən və ya qoyulmuş qaydalarla oynamayan, müstəqil siyasət yürüdən və öz milli maraqlarını qoruyan ölkələri gözdən salmaq üçün alətə çevrilib. Müəyyən ölkələrin təsiri altında olan bəzi iri media platformaları əmr ilə Azərbaycan haqqında mənfi hekayətləri yaymağa başlayırlar.

Böyük tədbir Bakıda böyük müvəffəqiyyətlə keçirilir, dövlətimizin başçısı dünya ölkələri prezidentləri, baş nazirləri və ölkələri təmsil edən nümayəndələrlə görüşür, müzakirələr aparılır. O müzakirələr ki, həm COP-a, həm də ölkələrimiz arasında qarşılıqlı münasibətlərin yaranmasına, inkişafına töhfəsini verir.

Dünya gəncləri iqlim fəaliyyətlərinin ön cəbhəsində

Qeyd etdiyimiz kimi, COP29 çərçivəsində noyabrın 12-də Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda təşkil olunan konfrans özünəməxsusluğu ilə diqqət çəkdi. Tədbirin əsas məqsədi isə Mərkəzi Asiya və türkdilli dövlətlərin iqlim dəyişikliyinə qarşı mübarizəyə verdiyi önəmi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və bu dövlətlərin gənclərini iqlim gündəliyinə cəlb etməklə beynəlxalq öhdəliklər istiqamətində görülən tədbirləri təqdim etməkdir.

Tədbirdə Birinci xanım Mehriban Əliyeva geniş və məzmunlu çıxışında COP29 ölkəsi seçilməyin bizim üçün böyük şərəf olduğunu bildirdi: Biz fərəhlənirik ki, Cənubi Qafqazda, Mərkəzi Asiyada və daha geniş regionda ilk COP konfransı məhz Azərbaycanda keçirilir.

Birinci xanım dünyanın biosferin çirklənməsi, içməli suyun qıtlığı, tez-tez baş verən quraqlıq və ərzaq təhlükəsizliyində artan risklər kimi ciddi ətraf mühit çağırışları ilə üz-üzə qaldığını vuğulamış və bu məsələdə ölkəmizin də istisna olmadığını bildirmişdir: Biz çay sularının, Xəzər dənizinin səviyyəsinin azalmasını müşahidə edirik və su qıtlığı təhlükəsi ilə üzləşirik.

...Mən qeyd etmək istərdim ki, qlobal istixana tullantılarının 0,1 faizi Azərbaycanın payına düşür. Biz havaya tullantıların azaldılması və təmiz enerjiyə keçidin həyata keçirilməsi kimi milli hədəflərimizə doğru gedirik. Bərpaolunan enerji sahəsində əldə edilən nailiyyətlərin cari tempi ilə biz 2027-ci ilə qədər quraşdırılan güclərimizin 32 faizə çatacağını, 2030-cu ilə qədər 30 faizlik azalma kimi ilkin hədəfə üç il əvvəl nail olacağımızı gözləyirik.

Biz, həmçinin Ermənistanın işğalından azad olunmuş Qarabağ və Şərqi Zəngəzur regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında 2050-ci ilə qədər “xalis sıfır atılmalar zonası”nın yaradılmasına diqqət yetiririk. Əsasən Günəş və külək enerjisi layihələri ilə bağlı artıq fəal iş aparılır. Yaşıl enerjinin istehsalı və ixracı Azərbaycanın enerji strategiyasında prioritet təşkil edir.

Təbii ki, bütün bu kimi işlər Azərbyacan gəncləri üçün nümunədir və onları yaşıl dünyaya çağırışdır. Və sözsüz ki, gələcəyimiz gənclər olduğu üçün iqlim dəyişmələrinə qarşı mübarizə də qarşıda onların fəaliyyəti ilə mümkün olacaq. Bu nöqteyi-nəzərdən COP29 çərçivəsində belə möhtəşəm tədbirin keçirilməsi bütün dünya gənclərinin bu çağırışa cəlb edilməsi xarakterini daşıyır.

Azərbaycan körpülər qurur

Bir neçə ay əvvəl dövlətimizin başçısı COP29-a hazırlıq ərəfəsində deyirdi: Təşkilati nöqteyi-nəzərdən mən sözün düzü, hər hansı bir çətinlik görmürəm. Çünki bizim təcrübəmiz kifayət qədər böyükdür. Nəticə etibarilə nə hasil ediləcək, bunu bəri başdan demək çətindir. Bir də ki, bu, artıq bizdən asılı deyil. Biz maksimum edə biləcəyimizi edəcəyik, körpülər quracağıq, Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirəcəyik. Ancaq əlbəttə, bu iqlim məsələsində əsas söz sahibləri təbii ki, Azərbaycan boyda ölkələr deyil. O böyük ölkələrdir ki, onları da bir araya gətirmək üçün biz indi səylər göstəririk.

Bəli, Azərbaycan postsovet məkanında ilk dövlətdir ki, COP29 kimi beynəlxalq tədbirə ev sahibliyi edir, dünya dövlətlərini bir araya gətirir. Bunun özü onun göstəricisidir ki, Azərbaycan kiçik dövlət olsa da, bəzi hallarda böyük dövlətlərə örnəkdir. Bunu pandemiya dövründə də gördük, torpaqlarımızın işğaldan azad olunduğu 44 gündə də, hətta birgünlük antiterror əməliyyatı zamanı da.

Bu gün isə COP29 kimi nəhəng tədbirə həm Azərbaycanın necə uğurla ev sahibliyi etdiyini, həm də qlobal iqlim dəyişməsinə qarşı mübarizəyə hansı təkliflərlə çağırış və kömək etdiyini görürük. Və düşünürəm ki, bu gün Azərbaycanda atılan addımlar, verilən qərarlar növbəti COP tədbirinədək o səviyyədə həyata keçiriləcək ki, artıq həmin sessiyalarda iqlim dəyişmələri ilə mübarizədə əldə olunan uğurlardan danışılacaq.

Mətanət Məmmədova

Digər xəbərlər