PDF Oxu

Siyasət

  • 1 023

Lissabon Sammiti: Diplomatik iradə və siyasi uzaqgörənlik - BAXIŞ BUCAĞI

image

1996-cı ilin dekabrında ATƏT-in Lissabonda keçirilmiş sammiti postsovet məkanında yeni geosiyasi düzənin formalaşdığı bir dövrə təsadüf edirdi. Bu sammit təkcə Avropa təhlükəsizlik sisteminin yenidən qurulması baxımından deyil, həm də Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq müstəvidə müzakirəsi və onun həll prinsiplərinin müəyyənləşdirilməsi baxımından xüsusi tarixi əhəmiyyətə malik idi. Azərbaycana qarşı təcavüz, torpaq itkisi və bir milyondan artıq qaçqın və məcburi köçkünün ağır vəziyyəti fonunda ölkənin ali rəhbərliyi üçün bu sammit diplomatik mübarizənin həlledici məqamı idi.Lissabon sammitinin nəticələri, xüsusilə də ATƏT-in artıq qəbul olunmağa çox yaxın olan "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prinsipləri" haqqında sənədi əslində beynəlxalq təşkilatların bölgədə ədalətli sülhə hazırlığını nümayiş etdirirdi. Bu prinsiplərin qəbulunun qarşısını almaq üçün Ermənistanın göstərdiyi müqavimət isə diplomatik böhran yaradırdı. Məhz belə çətin, ziddiyyətli və gərgin şəraitdə Azərbaycanın mövqeyinin qətiyyətlə müdafiəsi Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin və diplomatik məharətinin ən parlaq nümunələrindən biri kimi tarixə düşdü.

Lissabon Sammitinin mahiyyəti
Öncə, bu, Avropa Təhlükəsizlik Sisteminin Yenilənməsi idi. 1990-cı illərin ortalarında ATƏT-in qarşısında duran əsas vəzifələrdən biri soyuq müharibədən sonra yeni təhlükəsizlik arxitekturasının yaradılması gündəmə gəlmişdi. Sammitin gündəliyində Balkanlardan başlayaraq Cənubi Qafqaza qədər uzanan geniş regionda münaqişələrin tənzimlənməsi əsas prioritet kimi təqdim olunurdu. İkincisi, Ermənistan–Azərbaycan münaqişəsinin Sammitin əsas məsələsinə çevrilməsi idi. Qarabağ münaqişəsi Lissabon sammitində xüsusi yer tuturdu. 1996-cı ilə qədər ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar nəticə vermirdi, işğal olunmuş Azərbaycan əraziləri hələ də Ermənistanın nəzarətində qalırdı. Sammitdə münaqişənin həlli üçün yeni əsas prinsiplərin təsbit olunması təklif edildi.
Azərbaycanın ərazi bütövlüyünün tanınması, “Dağlıq Qarabağ”a Azərbaycanın tərkibində ən yüksək mümkün muxtariyyət statusunun verilməsi, regionun bütün üzvlərinin təhlükəsizliyinə təminat verilməsi təkliflər səradında yer alırdı. Bu üç prinsip beynəlxalq hüquqa tam uyğun idi və Azərbaycanın mövqeyini müdafiə edirdi. Lakin Ermənistan bu prinsipləri qəbul etməkdən imtina edərək sənədin yekdil qəbulunu blokladı.ATƏT tarixində misilsiz hadisə baş verdi. Ermənistanın veto cəhdi sammitin işini dalana salırdı. Lakin ATƏT-in digər 53 üzv dövləti (bir istisna ilə hamısı) Azərbaycan tərəfinin irəli sürdüyü prinsipləri dəstəklədi. Nəticədə, sənəd rəsmi şəkildə qəbul edilməsə də, ATƏT sədri tərəfindən yekun bəyanat kimi elan edildi, bu isə faktiki olaraq dünya birliyinin mövqeyinin Ermənistanınkından köklü surətdə fərqli olduğunu göstərirdi.
Heydər Əliyevin qətiyyəti və diplomatik uğuru
Buna tənha diplomatik mübarizə adı da vermək olar. Lissabon sammiti zamanı Azərbaycanın qarşısında duran maneələr çox idi. Ermənistanın sərt mövqeyi, bəzi dövlətlərin regiondakı maraqları, daxili siyasi və iqtisadi çətinliklər fonunda Azərbaycanın haqq səsinin eşidilməsi asan deyildi. Buna baxmayaraq, Heydər Əliyev müstəsna siyasi qətiyyət göstərərək dünya liderlərini Azərbaycanın mövqeyinin ədalətli olduğuna inandırdı. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi birinci şərt idi. Sammitdə Heydər Əliyevin ən ciddi tələbi Azərbaycanın ərazi bütövlüyünün qeydsiz-şərtsiz tanınması idi. O, beynəlxalq hüququn əsas prinsiplərinə istinad edərək bildirdi ki, işğal faktı mövcud olduğu halda regionda sülh və sabitlikdən danışmaq mümkün deyil. Onun məntiqli, ardıcıl və faktlara söykənən çıxışları nəticəsində ATƏT ölkələrinin böyük əksəriyyəti Azərbaycanın haqlı mövqeyini açıq şəkildə dəstəklədi.Bu sənədin siyasi-hüquqi əhəmiyyəti danılmazdır. Birincisi, Lissabon prinsipləri Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu beynəlxalq səviyyədə təsbit edən ilk və ən nüfuzlu sənəddir. İkincisi, Ermənistanın “müstəqillik”, “status” kimi əsassız iddiaları beynəlxalq hüquqi sistem tərəfindən rədd edildi. Üçüncüsü, danışıqlar prosesinin gələcək parametrləri, Azərbaycanın ərazi bütövlüyü, Qarabağa mümkün geniş özünüidarəetmə və hər iki icmanın təhlükəsizliyi kimi bəndlər – məhz rəsmi şəkildə Lissabon formatında müəyyən olundu.Bu sənəd Azərbaycanın bir dövlət olaraq siyasi mövqeyini möhkəmləndirdi. Lissabon Sammiti göstərdi ki, dünya birliyi separatizmi dəstəkləmir və beynəlxalq hüququn təməl prinsipi – dövlətlərin suverenliyi və sərhədlərinin toxunulmazlığı – danışıqların əsas meyarıdır. Bu prinsip daha sonra bütün beynəlxalq platformalarda Azərbaycanın üstün diplomatik mövqeyini formalaşdırdı.Əslində, 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin siyasi-hüquqi dayaqlarından biri də elə Lissabon Sammitində yaradılmış bu beynəlxalq baza idi. Azərbaycanın ərazi bütövlüyü artıq 1996-cı ildə dünya tərəfindən qəbul edilmişdi. Sonrakı illərin bütün danışıqları, prosesləri, beynəlxalq mövqeləri məhz Lissabon prinsiplərinə əsaslanırdı. Azərbaycan bu möhkəm hüquqi çərçivə üzərində öz legitim mübarizəsini davam etdirdi və nəticə də tarixi oldu.Bu gün Lissabon Sammiti bir daha sübut edir ki, güclü diplomatiya, beynəlxalq hüquqa əsaslanan mövqe və milli maraqların ardıcıl müdafiəsi hər zaman strateji nəticə verir. Heydər Əliyev həmin dövrdə təkcə müzakirələr aparmırdı – o, gələcək qələbənin siyasi xəritəsini cızırdı. Bu xəritə 2020-ci ildə tarixə çevrildi. Lissabon Sammiti Azərbaycanın diplomatik iradəsinin, beynəlxalq legitimliyinin və siyasi uzaqgörənliyinin ən parlaq nümunələrindən biridir. Bu sənəd bu gün də regional və qlobal siyasətdə Azərbaycanın mövqeyini hüquqi əsaslarla gücləndirən mühüm sənəd olaraq qalır.
Ermənistanın tək qalması
Sammitin ən mühüm siyasi nəticələrindən biri Ermənistanın diplomatik təcridə düşməsi idi. 53 dövlət Azərbaycanın irəli sürdüyü həll modelinin lehinə səs verdi. Bu isə beynəlxalq müstəvidə Azərbaycanın böyük diplomatik qələbəsi demək idi. Lissabon sammiti Heydər Əliyevin siyasi çevikliyini, beynəlxalq arenada aparıcı dövlətlərlə işləmək bacarığını, milli maraqları qətiyyətlə qoruma iradəsini aydın şəkildə nümayiş etdirdi. Onun sammitin sonunda verdiyi bəyanat həm Azərbaycanın mövqeyini gücləndirdi, həm də münaqişənin həlli üçün ədalətli baza yaratdı.

V.VƏLİYEV

Digər xəbərlər