Azərbaycan Respublikasında ordu quruculuğu dövlət təhlükəsizliyinin təmin olunmasında fundamental əhəmiyyət kəsb edən strateji istiqamətlərdən biridir. Bu sahədə sistemli yanaşmanın formalaşdırılması və institusional əsasların yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasi liderliyi və uzaqgörən dövlətçilik konsepsiyası nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində nizamsız silahlı birləşmələrdən müasir, peşəkar və yüksək döyüş qabiliyyətinə malik orduya çevrilmişdir.1990-cı illərin əvvəllərində ölkədə mövcud olan siyasi qeyri-sabitlik, hərbi idarəetmədə pərakəndəlik və vahid komandanlıq sisteminin olmaması ordunun effektiv fəaliyyətini ciddi şəkildə məhdudlaşdırırdı. 1993-cü ildən etibarən Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində bu problemlər mərhələli şəkildə aradan qaldırılmış, vahid komandanlıq prinsipi təmin edilmiş, orduda nizam-intizam və idarəetmə mexanizmləri gücləndirilmişdir. Eyni zamanda, hərbi kadr hazırlığı sisteminin təkmilləşdirilməsi, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Formalaşdırılmış bu strateji əsaslar sonrakı mərhələdə Azərbaycan Ordusunun keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlməsinə şərait yaratmışdır. Məhz bu inkişafın real nəticələri 2016-cı ilin Aprel döyüşləri zamanı özünü aydın şəkildə göstərmişdir. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq cəbhə xəttində baş verən gərginlik Ermənistan silahlı qüvvələrinin təxribatları fonunda genişmiqyaslı hərbi toqquşmalara çevrilmişdir. Azərbaycan Ordusu isə bu təxribatlara qarşı operativ və adekvat cavab verərək əks-hücum əməliyyatlarına başlamışdır.Dörd gün davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələri yüksək peşəkarlıq, koordinasiyalı fəaliyyət və müasir döyüş texnologiyalarından səmərəli istifadə nümayiş etdirmişdir. Strateji əhəmiyyətə malik mövqelərin, xüsusilə Lələtəpə yüksəkliyinin azad olunması əməliyyatların gedişində mühüm dönüş nöqtəsi olmuşdur. Bu uğurlar yalnız taktiki nailiyyət kimi deyil, həm də operativ-strateji üstünlüyün təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.Elmi-nəzəri yanaşma baxımından Aprel döyüşləri Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu modelinin effektivliyinin praktiki təsdiqi kimi qiymətləndirilə bilər. Bu model güclü dövlət idarəçiliyi, peşəkar kadr potensialı, müasir texniki təminat və yüksək mənəvi-psixoloji hazırlıq kimi əsas komponentlər üzərində qurulmuşdur. Həmin komponentlərin vəhdəti real döyüş şəraitində özünü doğrultmuş və Azərbaycan Ordusunun operativ imkanlarını açıq şəkildə ortaya qoymuşdur.
Nəticə etibarilə, Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin gücünü nümayiş etdirməklə yanaşı, ölkənin hərbi-strateji potensialının və siyasi iradəsinin də ifadəsinə çevrilmişdir. Bu hadisələr sonrakı dövrdə əldə olunan hərbi-siyasi uğurların, o cümlədən ərazi bütövlüyünün bərpası istiqamətində atılan addımların mühüm başlanğıc mərhələsi kimi tarixə düşmüşdür. Beləliklə, Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu siyasəti yalnız öz dövrü üçün deyil, həm də gələcək inkişaf üçün dayanıqlı və effektiv konseptual baza yaratmışdır.
Arzu Bağırova
Qusar rayon Heydər Əliyev Mərkəzinin elmi İşçisi