PDF Oxu

Siyasət

  • 1 017

“Azərbaycan Avropa ilə Asiya arasında siyasi dialoq və iqtisadi inteqrasiyaya töhfə verir” -MİLLƏT VƏKİLİ

“Azərbaycan Avropa ilə Asiya arasında siyasi dialoq və iqtisadi inteqrasiyaya töhfə verir” -MİLLƏT VƏKİLİ

“Avropa ilə Azərbaycan arasında münasibətlər artıq ənənəvi diplomatik əməkdaşlıq çərçivəsindən çıxaraq yeni geosiyasi və geoiqtisadi məzmun qazanır. Bu gün Avropa üçün əsas məsələlər enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, iqtisadi dayanıqlılıq və regional sabitlikdirsə, Azərbaycan məhz bu istiqamətlərdə mühüm tərəfdaş kimi çıxış edir. Noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı da göstərdi ki, Azərbaycan–Avropa münasibətlərinin gələcəyi təkcə qarşılıqlı maraqlara deyil, həm də konkret strateji layihələrə əsaslanır”.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov SİA-ya açıqlamasında bildirib.Onun sözlərinə görə, Dublin sammitinin nəticələrinə diqqət yetirdikdə Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasətin praktik nəticələrini görürük:“Dövlət başçısının Avropa İttifaqı rəhbərliyi və ayrı-ayrı Avropa ölkələrinin liderləri ilə görüşləri, Böyük Britaniya ilə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması, enerji və nəqliyyat layihələrinin müzakirəsi Azərbaycanın Avropa siyasi məkanında əməkdaşlıq imkanlarının genişləndiyini nümayiş etdirdi. Xüsusilə Avropa İttifaqı ilə yeni saziş üzrə danışıqların bərpası perspektivi münasibətlərin institusional baxımdan inkişafı üçün mühüm imkan yaradır.Burada bir mühüm məqamı xüsusi vurğulamaq istərdim. Əvvəllər Azərbaycan Avropa üçün daha çox etibarlı enerji təchizatçısı kimi qiymətləndirilirdisə, bu gün ölkəmiz həm də Avropa ilə Mərkəzi Asiya arasında strateji bağlantıları təmin edən, Cənubi Qafqazda sülh gündəliyinin irəliləməsində iştirak edən və yeni iqtisadi imkanlar yaradan dövlət kimi çıxış edir. Orta Dəhlizin inkişafı, Xəzər–Qara dəniz bağlantıları və yaşıl enerji layihələri bu əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirir.Dublin sammitinin digər mühüm siyasi nəticəsi Azərbaycan–Ermənistan sülh gündəliyinin davam etdirilməsi oldu. Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə nəqliyyat kommunikasiyaları, TRIPP layihəsi, sərhədlərin delimitasiyası və iqtisadi əlaqələr müzakirə edildi. Bu, sülh prosesinin artıq yalnız siyasi bəyanatlar müstəvisində deyil, konkret iqtisadi və infrastruktur məsələləri üzərində də inkişaf etdirildiyini göstərir.Hesab edirəm ki, Dublin sammitindən çıxarılan əsas siyasi nəticələrdən biri də Azərbaycanın Avropa ilə münasibətlərdə öz milli maraqlarına əsaslanan müstəqil siyasətini davam etdirməsidir. Azərbaycan əməkdaşlığa açıqdır, lakin bu əməkdaşlığın bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət və suveren qərarvermə prinsipləri əsasında qurulmasını vacib sayır. Dublin toplantısında ölkəmizin əlavə siyasi və hüquqi öhdəliklər yaradan bəzi sənədlərə qoşulmaması da məhz bu yanaşmanın təzahürüdür. mfa.gov.azBütün bunların fonunda 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə Toplantısının Bakıda keçirilməsi xüsusi siyasi əhəmiyyət daşıyır. Bu hadisəyə sadəcə növbəti mötəbər beynəlxalq tədbir kimi yanaşmaq düzgün olmazdı. Bakı sammiti Azərbaycanın Avropa siyasi dialoqunda iştirakını daha da genişləndirmək, enerji, nəqliyyat, təhlükəsizlik və regional əməkdaşlıq sahələrində yeni təşəbbüslər irəli sürmək üçün mühüm platformaya çevrilə bilər.Əslində, burada maraqlı bir siyasi məntiq var: Azərbaycan artıq yalnız Avropada qəbul edilən qərarların təsir etdiyi ölkə deyil, Avropanın gələcək iqtisadi və təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələrdə iştirak edən tərəfdaşdır. Prezident İlham Əliyevin praqmatik və milli maraqlara əsaslanan xarici siyasəti ölkəmizin müxtəlif güc mərkəzləri ilə münasibətlərini qarşıdurma deyil, qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurmasına imkan verir.Düşünürəm ki, 2028-ci il Bakı sammitinin əsas əhəmiyyəti də məhz burada olacaq. Azərbaycan Avropa ilə Asiyanın qovuşduğu coğrafiyada yalnız tranzit məkanı deyil, siyasi dialoqun, iqtisadi inteqrasiyanın və regional əməkdaşlığın inkişafına töhfə verən dövlət kimi öz imkanlarını təqdim edə biləcək.Dublin sammiti Azərbaycanın Avropa ilə münasibətlərində mövcud imkanları nümayiş etdirdisə, Bakı sammiti həmin imkanların konkret siyasi və iqtisadi nəticələrə çevrilməsi üçün yeni mərhələ ola bilər”.
Müəllif: Günay Hacıyeva

Digər xəbərlər