PDF Oxu

Siyasət

  • 344

İkitərəfli əlaqələrin yeni zirvəsi - ŞƏRH

İkitərəfli əlaqələrin yeni zirvəsi - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də İrlandiyanın
paytaxtı Dublin şəhərinə səfəri çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə keçirdiyi görüş iki ölkə arasındakı
ikitərəfli münasibətlərdə mühüm tarixi mərhələnin əsasını qoydu. Görüşün ən əlamətdar məqamı iki ölkə arasında əlaqələrin keyfiyyətcə yeni müstəviyə qaldırılmasını təmin edən “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə
Bəyannamə”nin mübadilə olunması oldu.
Bu sənəd iki ölkə arasındakı uzunmüddətli münasibətlərə, 1994-cü il 23 fevral tarixli
“Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə”yə və 1998-ci il 21 iyul tarixli
“Dostluq münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”yə əsaslanır.
Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə təsdiqləyir ki, tərəflər Birləşmiş
Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə və normalarına, xüsusən də beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına,
eləcə də suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmətlə bağlı prinsiplərə
sadiq qalacaqlar. Sənəddə 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi
Bəyannaməsinin əhəmiyyəti vurğulanır, Azərbaycan ilə Ermənistan arasında
münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımları
alqışlanır. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, ikitərəfli dialoq
yolu ilə regionda davamlı sülhə nail olmaq məqsədi daşıyan iki ölkənin səylərinə
davamlı dəstəyi bir daha təsdiqlənir. Həmçinin güclü, dayanıqlı və şaxələndirilmiş
iqtisadi artımın, açıq ticarətin, investisiyaların və innovasiyanın hər iki iştirakçı üçün
uzunmüddətli sabitlik və rifahın vacib təməlləri olduğu qəbul edilir. Hər iki tərəf
davamlı tərəfdaşlığın etimad, səmimilik və güclü insanlararası əlaqələr üzərində
qurulduğunu tanıyır. Uzunmüddətli artım və rəqəmsal transformasiya üçün təməl kimi
təhsil, elm, innovasiya və bacarıqlar sahəsində praktik əməkdaşlığın vacibliyi
təsdiqlənir. İştirakçılar, həmçinin icmalararası birbaşa əlaqənin qarşılıqlı faydasını
tanıyır və bu Tərəfdaşlığın məqsədinə yönəlik layihə və proqramları dəstəkləməyi
öhdələrinə götürürlər.
Bəyannamədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi də
əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Tərəflər müdafiə sahəsində təlimlərin, təcrübə mübadiləsinin, peşəkar hazırlığın və müdafiə sənayesi üzrə mümkün birgə təşəbbüslərin genişləndirilməsi imkanlarını nəzərdə tuturlar. Eyni zamanda hüquq-mühafizə orqanları arasında əməkdaşlığın, sərhəd idarəçiliyinin və hüquqi sahədə qarşılıqlı əlaqələrin gücləndirilməsi məsələləri də sənəddə öz əksini tapıb. İqtisadiyyat, ticarət və investisiya əməkdaşlığı Bəyannamənin digər mühüm istiqamətidir. Böyük Britaniya Azərbaycanın uzunmüddətli iqtisadi tərəfdaşlarından biridir. Sənəddə investisiya mühitinin genişləndirilməsi, sahibkarlıq əlaqələrinin inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və yeni biznes imkanlarının yaradılması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə bərpaolunan enerji, infrastruktur, xidmətlər və digər prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin iqtisadi maraqlarına xidmət edən istiqamətlərdəndir. Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli münasibətləri keyfiyyətcə yeni zirvəyə daşıyır. Dublində baş tutan bu görüş və əldə olunan razılaşmalar gələcək illərdə həm hər iki ölkənin milli maraqlarına xidmət edəcək, həm də geniş regionda sabitliyin, iqtisadi inkişafın və tərəqqinin təmin olunmasına mühüm töhfə verəcəkdir. Bu gün Azərbaycanın beynəlxalq əhəmiyyəti yalnız onun enerji resursları və coğrafi mövqeyi ilə müəyyənləşmir. Ölkəmizin siyasi sabitliyi, iqtisadi potensialı, nəqliyyat imkanları, müstəqil xarici siyasəti və regionda sülhün formalaşdırılmasında iştirakı da bu mövqeyi gücləndirən əsas amillərdir.

Şövqi Həsənov,
YAP Şəmkir rayon təşkilatı Aparatının əməkdaşı

Digər xəbərlər