Prezident İlham Əliyev Fələstin dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. Bundan başqa, Azərbaycan Xarici İşlər Nazirliyi də Fələstin xalqını və hökumətini Milli Gün münasibətilə təbrik edib.
Azərbaycan-Fələstin münasibətləri hər zaman yaxşı olub”.Bu sözləri SİA-ya politoloq Turan Rzayev deyib.O bildirib ki, Rəsmi Bakı bu gün olduğu kimi, əvvəllər də Fələstinin müstəqilliyini tanıyıb, Fələstin xalqına humanitar yardımlar edib:“Azərbaycanın Fələstində daimi nümayəndəliyi, bu ölkənin isə Bakıda səfirliyi fəaliyyət göstərir. Həmçinin Bakı İsrail-Fələstin münaqişəsinin və onun tərkib hissəsi olan Qüds və Qəzza məsələlərinin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarı olduğunu bildirib.Prezidentin Mahmud Abbasa ünvanladığı təbrik məktubu da Azərbaycanın Fələstin məsələsinə dair mövqeyinin bir daha təsdiqlənməsidir. Prezidentin məktubunda yer alan fikirlər göstərir ki, Azərbaycan Fələstin xalqının müstəqil dövlət qurmaq istəyini dəstəkləyir və bu məsələnin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini vacib hesab edir.Xüsusilə paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasına dəstəyin açıq şəkildə vurğulanması Azərbaycanın bu məsələdəki mövqeyinin dəyişməz olduğunu göstərir. Ölkə başçısının iki dövlət prinsipinə istinad etməsi isə problemin yalnız siyasi bəyanatlarla deyil, beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar və hüquqi mexanizmlər əsasında həllinin vacibliyinə diqqət çəkir.Məktubun diqqətçəkən digər tərəfi Azərbaycanın Fələstinə münasibətinin yalnız siyasi dəstəklə məhdudlaşmamasıdır. Humanitar yardımların davam etdiriləcəyinə dair verilən mesaj Azərbaycan dövlətinin Fələstin xalqının üzləşdiyi humanitar çətinliklərə də həssas yanaşdığını göstərir. Bu baxımdan Bakı həm diplomatik mövqeyi, həm də humanitar fəaliyyəti ilə Fələstin xalqına dəstəyini ifadə edir.
Təəssüf ki, Azərbaycan Prezidentinin açıq şəkildə Fələstin dövlətinin müstəqilliyini dəstəkləyən, həmçinin dövlətimizin Fələstinə yardımlarını özündə ehtiva edən bu məktubu yenə bəzi qüvvələr tərəfindən məqsədyönlü şəkildə təhrif edilir. Türkiyədəki bəlli radikal mühafizəkar dairələr sosial şəbəkələrdə Bakının bu addımını “ikiüzlülük” və “səmimiyyətsizlik” kimi təqdim edirlər. Halbuki Azərbaycanın mövqeyində heç bir dəyişiklik olmayıb. İlk gündən bu xətt tutulub və indi də davam etdirilir.Maraqlıdır ki, İsraildən bu günə qədər Bakıya Fələstin mövqeyinə görə heç bir irad və ya narazılıq bildirilmədiyi halda, Türkiyədəki bəzi dairələr edilən yaxşılığı da pis göstərirlər. Fələstin rəhbəri Mahmud Abbasın Türkiyənin Müstəqillik Günü ərəfəsində Kiprə səfəri və burada adanın bütövlüyünə dair verdiyi açıqlamalara Ankaradan o qədər də reaksiya gəlmədi.Nəticə etibarilə, Fələstin-Azərbaycan münasibətləri bu gün uğurla inkişaf edir. Rəsmi Bakı Fələstinin haqq işində onun yanındadır. Ona dəstək verdiyini deyənlər isə bu prosesə, əslində, ən çox maneə olanlardır”.
Ayşən Vəli