PDF Oxu

Siyasət

  • 752

"COP31 Azərbaycan-Türkiyə əməkdaşlığının yeni imkanlarını nümayiş etdirdi" - POLİTOLOQ DANIŞDI

"COP31 Azərbaycan-Türkiyə əməkdaşlığının yeni imkanlarını nümayiş etdirdi" - POLİTOLOQ DANIŞDI

"Azərbaycan-Türkiyə münasibətləri COP31-in Türkiyədə keçirilməsi fonunda yeni strateji məzmun qazandı deyə bilərik. İki ölkə arasında tarixi qardaşlıq, siyasi etimad və qarşılıqlı dəstək üzərində qurulmuş müttəfiqlik artıq təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, regional və qlobal proseslərdə də mühüm təsir mexanizminə çevrilib. Şuşa Bəyannaməsi ilə hüquqi və siyasi əsasları daha da möhkəmləndirilən bu müttəfiqlik Azərbaycanın COP29, Türkiyənin isə COP31 prezidentliyi dövründə beynəlxalq iqlim diplomatiyasında ortaq fəaliyyətlə özünü göstərir".Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.Onun sözlərinə görə, Bakının Ankaraya COP31-in təşkili istiqamətində verdiyi dəstək xüsusi əhəmiyyət daşıyır. Azərbaycan COP29 sədrliyi dövründə əldə etdiyi təcrübəni Türkiyə ilə bölüşür, iqlim maliyyələşdirilməsi, yaşıl enerji keçidi və beynəlxalq əməkdaşlıq məsələlərində koordinasiyanı gücləndirir. Bu əməkdaşlıq sadəcə diplomatik həmrəylik deyil, həm də iki ölkənin beynəlxalq gündəliyin formalaşdırılmasında birgə iştirak etmək imkanlarının genişlənməsidir:"Əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri şübhəsiz ki, enerji sektorudur. Azərbaycan və Türkiyə uzun illərdir Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və TANAP kimi layihələrlə Avropanın enerji təhlükəsizliyinə töhfə verirlər. İndi isə bu tərəfdaşlıq yeni mərhələyə – elektrik enerjisinin ötürülməsi və yaşıl enerji dəhlizlərinin yaradılmasına doğru genişlənir. Noyabrın 10-da Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişinin imzalanması bu baxımdan mühüm hadisədir. Layihə Xəzər hövzəsində istehsal edilən yaşıl enerjinin Türkiyə və Gürcüstan vasitəsilə Avropa bazarlarına çatdırılması perspektivini gücləndirir.Digər tərəfdən, Azərbaycan-Türkiyə əməkdaşlığının regional əhəmiyyəti nəqliyyat, logistika və təhlükəsizlik sahələrində də özünü göstərir. Orta Dəhlizin inkişafı, Zəngəzur istiqamətində nəqliyyat bağlantılarının genişləndirilməsi və türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi hər iki ölkənin strateji mövqelərini gücləndirən faktorlardır. Bu proses Mərkəzi Asiya ilə Avropa arasında yeni iqtisadi və kommunikasiya imkanlarının formalaşmasına xidmət edir.Təbii ki, bu əməkdaşlığın genişlənməsi regiondakı digər güc mərkəzləri tərəfindən də diqqətlə izlənilir. Lakin Bakı və Ankaranın əsas məqsədi qarşıdurma yaratmaq deyil, regional sabitliyi, iqtisadi inkişafı və qarşılıqlı faydalı tərəfdaşlığı təşviq etməkdir.Ümumilikdə isə, COP31 Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni imkanlarını nümayiş etdirən mühüm beynəlxalq platforma oldu deyə bilərik. Bu əməkdaşlığın və müttəfiqliyin yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə Cənubi Qafqaz və daha geniş Avrasiya məkanının inkişafına ciddi töhfə verəcəyinə də şübhə yoxdur".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər