Müasir beynəlxalq münasibətlər sistemində suveren dövlətlərin xarici siyasət strategiyalarının formalaşması, milli maraqların qorunması və qlobal tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi qarşılıqlı etimada, möhkəm hüquqi bazaya və ikitərəfli bəyannamələrə əsaslanır. Bu baxımdan, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında qurulan münasibətlər unikal və hərtərəfli tərəfdaşlıq nümunəsidir. İkitərəfli əlaqələr yalnız siyasi dialoqla məhdudlaşmır, həm də çoxşaxəli iqtisadi, enerji, hüquqi, ticarət və humanitar müstəviləri əhatə edən dayanıqlı strateji tərəfdaşlıq sütunlarına söykənir.
Birləşmiş Krallıq Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 26-da rəsmən tanımışdır. İki ölkə arasında diplomatik münasibətlərin təməli isə 1992-ci il martın 11-də qoyulmuşdur. Ölkələrimiz arasında diplomatik nümayəndəliklərin fəaliyyətə başlaması — 1993-cü ilin sentyabrında Birləşmiş Krallığın Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycan Respublikasının Londonda səfirliklərinin açılması ikitərəfli əlaqələrin institusional inkişafında mühüm mərhələ olmuşdur.
İrlandiyanın paytaxtı Dublində, Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində 2026-cı il noyabrın 12-də imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə iki ölkə arasındakı uzunmüddətli əlaqələri, 1994 və 1998-ci il bəyannamələrini yeni mərhələyə daşıyaraq müdafiə, ticarət, təhsil və innovasiya sahələrində strateji hədəfləri müəyyənləşdirir. Tarixi təcrübə göstərir ki, hər iki dövlət beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə və dövlətlərin suveren bərabərliyinə sadiqlik nümayiş etdirmişdir. İki ölkə arasında imzalanan rəsmi bəyannamələr və xüsusilə 2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” əlaqələrimizin hüquqi-siyasi çərçivəsini keyfiyyətcə yeni səviyyəyə qaldıran başlıca sənəddir.
2026-cı il noyabrın 12-də Dublin şəhərində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə mövcud ikitərəfli münasibətlərin təkamülündə həlledici rol oynayır. Bu sənəd 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməyə və 1998-ci il 21 iyul tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslanaraq tarixi varisliyi təmin edir. Bəyannamə tərəflərin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə və normalarına, xüsusən də beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmətlə bağlı prinsiplərə qəti sadiqliyini təsdiqləyir. Bəyannamədə həmçinin regional təhlükəsizlik və sülh proseslərinə xüsusi yer ayrılmışdır. Sənəddə 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyəti vurğulanır, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımları alqışlanır. Eyni zamanda, Birləşmiş Krallığın ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhə nail olmaq məqsədi daşıyan səylərə davamlı dəstəyi bir daha təsdiq olunur.
İkitərəfli münasibətlərin keyfiyyətcə yeni müstəviyə yüksəlməsində dövlət başçılarının rəsmi səfərləri və təmasları həlledici rol oynamışdır. Müstəqilliyimizin ilk illərində Ümummilli Lider Heydər Əliyevin 1994 və 1998-ci illərdə Birləşmiş Krallığa etdiyi rəsmi səfərlər, Cənab Prezident İlham Əliyevin 2004, 2009, 2012 və 2018-ci illərdə Londona işgüzar səfərləri bu tərəfdaşlığın təməlini qoymuşdur.
2026-cı il Birgə Bəyannaməsi tərəflər arasında əməkdaşlığın əsas sahələrini 3 istiqamət olmaqla, dəqiq istiqamətlər üzrə müəyyənləşdirir. Birinci istiqamət olan “müdafiə və təhlükəsizlik sahəsində” tərəflər regional sülh və sabitliyi dəstəkləmək, ümumi təhdidləri yayındırmaq və qarşısını almaq üçün uzunmüddətli öhdəliklər qəbul edirlər. Təlim, potensialın artırılması, müdafiə sənayesi əməkdaşlığı və hüquq-mühafizə orqanları arasında sərhəd idarəçiliyi ilə məhkəmə sahəsində tərəfdaşlığın gücləndirilməsi nəzərdə tutulur.
İkinci əsas istiqamət olan “ticarət, investisiya və artım sahəsində” bəyannamə güclü, dayanıqlı və şaxələndirilmiş iqtisadi artımı, açıq ticarəti və innovasiyanı təşviq edir. Birləşmiş Krallıq Azərbaycan iqtisadiyyatına indiyədək 34 milyard ABŞ dolları sərmayə qoymuşdur ki, bu da ümumi xarici investisiyaların təxminən 50%-ni təşkil edir və ölkəmizdə 600 Britaniya şirkəti fəaliyyət göstərir. Sənəd çərçivəsində Orta Dəhlizin inkişafı, təmiz enerji keçidi, bərpaolunan enerji, yaşıl maliyyələşdirmə və Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın rolu xüsusi vurğulanır. Azərbaycan–Böyük Britaniya münasibətlərinin inkişafında enerji əməkdaşlığı və iqtisadi layihələr xüsusi çəkiyə malikdir. İki ölkə arasında mövcud olan tərəfdaşlıq təkcə ikitərəfli ticarət əlaqələrini deyil, həm də geniş regionun enerji təhlükəsizliyinin təmin olunmasını əhatə edir
Üçüncü əsas istiqamət olan “təhsil və innovasiya sahəsində” isə tərəflər təhsilin, elmin, tədqiqatın və innovasiyanın uzunmüddətli rifahın və sosial dayanıqlığın təməli olduğunu qəbul edirlər. Ali təhsil, peşə təhsili, süni intellekt, rəqəmsal idarəetmə və həyat elmləri sahələrində universitetlər, tədqiqat institutları arasında tərəfdaşlıq, həmçinin vətəndaş cəmiyyəti və icmalararası birbaşa əlaqələrin inkişaf etdirilməsi bəyannamədə xüsusi yer tutur.
Otuz ildən artıq bir dövrü əhatə edən Azərbaycan–Böyük Britaniya diplomatik münasibətləri qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulmuş nümunəvi əməkdaşlıq modelidir. Ölkələrimiz arasında imzalanmış 26 mühüm dövlətlərarası sənəd və 2026-cı il tarixli Birgə Bəyannamə hüquqi tənzimləmənin sabitliyini və inkişafını təmin edir. Birləşmiş Krallığın Azərbaycan iqtisadiyyatına yatırdığı böyük həcmdə sərmayə və ölkəmizdə fəaliyyət göstərən iri Britaniya şirkətləri strateji tərəfdaşlığın real nəticələridir. Hökumətlərarası Komissiyanın fəaliyyəti, Strateji Dialoq mexanizmi və 2026-cı il bəyannaməsinin gətirdiyi yeni hədəflər bu münasibətlərin gələcəkdө də daha da genişlənəcəyini şərtləndirir. Azərbaycan ilə Böyük Britaniya arasındakı strateji tərəfdaşlıq 2026-cı il Birgə Bəyannaməsi, möhkəm müqavilə-hüquq bazası, qarşılıqlı iqtisadi maraqlar və davamlı siyasi dialoqa əsaslanaraq regionda sülh və sabitliyin təmin olunmasında mühüm rol oynayır. NATO üzvü olan Türkiyə ilə əməkdaşlıqdan əlavə, NATO üzvü olan daha bir böyük dövlət-Birləşmiş Krallıq ilə hərbi və təhlükəsizlik sahəsində tərəfdaşlıq Azərbaycan ordusunun kadr potensialının NATO standartlarına uyğunlaşdırılması, inkişafı sahəsində yeni uğurlar vəd edir. Dublin Bəyannaməsi Azərbaycanın xarici siyasətində çoxvektorlu, balanslı və güclü strateji tərəfdaşlıq xəttinin təntənəsidir. Bu sənəd bir daha sübut edir ki, Azərbaycan Qərbin aparıcı dövlətlərindən biri ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə və ortaq iqtisadi-siyasi maraqlara əsaslanan münasibətlər qurmağa qadirdir.
Ölkəmiz üçün bu bəyannamə — daha çox sərmayə, güclü təhlükəsizlik zəmanəti, beynəlxalq arenada diplomatik dəstək və müasir texnologiyalar və təhsil sahəsində inkişafa açılan yol deməkdir.
Dublin şəhərində imzalanmış tarixi bəyannamə gələcək illərdə ikitərəfli əlaqələrin yeni müstəvilərdə dərinləşəcəyinin qarantıdır. Azərbaycan Respublikasının xarici siyasətində mühüm yer tutan bu tərəfdaşlıq hər iki xalqın ümumi rifahına və tərəqqisinə xidmət edir.
Sevinc Səmədova
YAP Naxçıvan şəhər təşkilatı “Cəlil Məmmədquluzadə 42” ünvanında yerləşən ərazi partiya təşkilatının fəal üzvü,
Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı