PDF Oxu

Siyasət

  • 448

Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ - ŞƏRH

Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ - ŞƏRH

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi və xarici siyasət əlaqələrinin daha da genişlənməsi baxımından mühüm hadisədir. 2026-cı il noyabrın 12-də İrlandiyanın Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhəm tərəfindən imzalanan bu sənəd iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir.

Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın möhkəm təməlləri uzun illər ərzində formalaşıb. 1994-cü ildə imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, 1998-ci ildə qəbul edilmiş Dostluq münasibətləri və tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayıb. Xüsusilə enerji sektorunda 30 ildən artıq davam edən əməkdaşlıq Böyük Britaniyanın Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından birinə çevrilməsinə şərait yaradıb. Bu gün Böyük Britaniya Azərbaycanın Avropadakı ən böyük investorudur. Yeni sənəd isə mövcud əlaqələrin yalnız enerji sahəsi ilə məhdudlaşmadığını, daha geniş istiqamətləri əhatə etdiyini təsdiqləyir.
Birgə Bəyannamədə əməkdaşlığın üç əsas istiqaməti – müdafiə və təhlükəsizlik, ticarət, investisiya və iqtisadi inkişaf, təhsil və innovasiya müəyyənləşdirilib. Müdafiə və təhlükəsizlik sahəsində hərbi hazırlıq, institusional potensialın artırılması, sərhəd təhlükəsizliyi, hüquq-mühafizə və hüquqi əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bu yanaşma regionda sabitliyin qorunmasına, yeni təhlükəsizlik çağırışlarına qarşı birgə fəaliyyət imkanlarının inkişafına xidmət edir.
İqtisadi əməkdaşlıq sənədin ən mühüm istiqamətlərindən biridir. Ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, infrastruktur layihələrinin inkişafı, biznes əlaqələrinin genişləndirilməsi tərəflərin əsas hədəfləri sırasındadır. Xüsusilə Orta Dəhlizin inkişafına verilən dəstək Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sistemində rolunun daha da artması baxımından əhəmiyyətlidir. Bərpaolunan enerji, yaşıl maliyyələşmə və aşağı karbon texnologiyaları üzrə əməkdaşlıq isə Azərbaycanın enerji strategiyasının şaxələndirilməsinə və ölkəmizin qlobal enerji keçidində iştirakının genişlənməsinə yeni imkanlar yaradır.
Bəyannamənin digər mühüm istiqaməti təhsil, elm və innovasiya sahələrini əhatə edir. Ali və peşə təhsili, rəqəmsal bacarıqların inkişafı, elmi tədqiqatlar, süni intellekt və müasir texnologiyalar üzrə təcrübə mübadiləsi gələcək əməkdaşlığın əsas prioritetləri kimi müəyyənləşdirilib. Bu, xüsusilə Azərbaycanın qeyri-neft sektorunun inkişafı, insan kapitalının gücləndirilməsi və rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması baxımından əhəmiyyətlidir.
Sənəddə Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik də xüsusi vurğulanır. Böyük Britaniyanın Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunması istiqamətində ikitərəfli dialoqa dəstəyini ifadə etməsi regionda sabitliyin təmin olunması baxımından diqqətəlayiq məqamdır.
Ümumilikdə, Azərbaycan ilə Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə sadəcə diplomatik sənəd deyil, uzunmüddətli qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın yeni yol xəritəsidir. Hər il strateji tərəfdaşlıq görüşlərinin keçirilməsinin nəzərdə tutulması isə müəyyən edilmiş hədəflərin həyata keçirilməsinə sistemli nəzarət imkanı yaradır. Bu sənəd Azərbaycanın balanslaşdırılmış və çoxşaxəli xarici siyasətinin növbəti uğuru olmaqla yanaşı, ölkəmizin beynəlxalq nüfuzunun, iqtisadi imkanlarının və regional əhəmiyyətinin artmasına xidmət edən mühüm siyasi nailiyyətdir.

Nicat Əsədli

YAP Ordubad rayon təşkilatının əməkdaşı

Digər xəbərlər