PDF Oxu

Siyasət

  • 275

Enerji sahəsində həyata keçirilən layihələr Azərbaycan-Britaniya əməkdaşlığının inkişafına mühüm təsir göstərib - ŞƏRH

Enerji sahəsində həyata keçirilən layihələr Azərbaycan-Britaniya əməkdaşlığının inkişafına mühüm təsir göstərib - ŞƏRH

Beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin möhkəmliyi yalnız siyasi təmasların intensivliyi ilə deyil, həm də qarşılıqlı maraqların uzunmüddətli əməkdaşlığa çevrilməsi ilə ölçülür.
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə məhz belə bir yanaşmanın ifadəsidir. Bu sənəd iki ölkə arasında mövcud münasibətlərin yeni mərhələyə keçidini, əməkdaşlığın daha geniş istiqamətlər üzrə inkişaf etdirilməsini və gələcək əlaqələrin konkret hədəflər əsasında qurulmasını nəzərdə tutur. Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin əsası müstəqilliyimizin ilk illərində qoyulmuşdur. Böyük Britaniya 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanımış, 1992-ci il martın 11-də isə iki dövlət arasında diplomatik münasibətlər yaradılmışdır. 1994-cü və 1998-ci illərdə imzalanmış birgə sənədlər qarşılıqlı əlaqələrin hüquqi və siyasi əsaslarını möhkəmləndirmişdir. Sonrakı dövrdə xüsusilə enerji sahəsində həyata keçirilən layihələr Azərbaycan-Britaniya əməkdaşlığının inkişafına mühüm təsir göstərmişdir. Britaniya şirkətlərinin ölkəmizin iqtisadi həyatında iştirakı, investisiya fəaliyyəti və enerji layihələri bu münasibətlərin praktik məzmununu formalaşdıran əsas amillərdən olmuşdur. 2025-ci ildə münasibətlərin Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində siyasi qərarın açıqlanması, 2026-cı il noyabrın 12-də isə Dublin şəhərində Birgə Bəyannamənin imzalanması bu prosesin mühüm mərhələsini təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnham tərəfindən imzalanan sənəd qarşılıqlı əlaqələrin daha sistemli və geniş çərçivədə inkişaf etdirilməsinə xidmət edir. Bəyannamədə tərəflər suverenliyə, müstəqilliyə, ərazi bütövlüyünə və beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında əməkdaşlığı davam etdirmək niyyətlərini ifadə etmişlər. Sənədin diqqətçəkən cəhətlərindən biri əməkdaşlığın üç əsas istiqamət üzrə müəyyənləşdirilməsidir. Müdafiə və təhlükəsizlik sahəsi bu istiqamətlərdən birincisini təşkil edir. Müasir dövrdə təhlükəsizlik anlayışı yalnız hərbi müdafiə ilə məhdudlaşmır. Sərhəd təhlükəsizliyi, hüquq-mühafizə fəaliyyəti, hüquqi əməkdaşlıq və yeni təhdidlərə qarşı birgə tədbirlər də bu anlayışın mühüm tərkib hissəsinə çevrilmişdir. Bəyannamədə müdafiə sahəsində təlimlərin, təcrübə mübadiləsinin, institusional imkanların artırılmasının və təhlükəsizlik məsələləri üzrə koordinasiyanın inkişaf etdirilməsi nəzərdə tutulur. Bu yanaşma Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasında və beynəlxalq əməkdaşlıq sistemində iştirakının gücləndirilməsi baxımından əhəmiyyətlidir.İqtisadi əməkdaşlıq sənədin digər mühüm istiqamətidir. Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi münasibətlər uzun müddət enerji sektorunun aparıcı mövqeyi ilə seçilmişdir. Lakin müasir iqtisadi reallıqlar əməkdaşlığın yalnız bir sahə ilə məhdudlaşmasını məqsədəuyğun hesab etmir. Bəyannamədə ticarət əlaqələrinin genişləndirilməsi, investisiya imkanlarının artırılması, infrastruktur layihələrinin inkişafı, xidmət sektorunda əməkdaşlıq və biznes əlaqələrinin təşviqi xüsusi yer tutur. Bu baxımdan sənəd iqtisadi münasibətlərin daha şaxəli xarakter almasına istiqamət verir. Xüsusilə Orta Dəhlizin inkişafına dəstək məsələsi Azərbaycanın beynəlxalq nəqliyyat və logistika imkanları baxımından diqqətəlayiqdir. Şərq ilə Qərb arasında yerləşən ölkəmizin coğrafi mövqeyi onu regional nəqliyyat əlaqələrinin mühüm iştirakçısına çevirir. Nəqliyyat marşrutlarının genişləndirilməsi, logistika imkanlarının artırılması və ticarət əlaqələrinin asanlaşdırılması Azərbaycanın tranzit potensialının daha səmərəli istifadəsinə şərait yarada bilər. Böyük Britaniya ilə bu istiqamətdə əməkdaşlığın inkişafı iqtisadi əlaqələrə əlavə imkanlar qazandırmaqla yanaşı, ölkəmizin beynəlxalq iqtisadi sistemdəki mövqeyini də möhkəmləndirə bilər. Azərbaycan-Britaniya münasibətlərinin yeni mərhələsi ölkəmizin xarici siyasətində çoxşaxəli əməkdaşlığa verilən önəmin göstəricisidir. Müxtəlif dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan əlaqələrin inkişafı Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, iqtisadi imkanlarının genişlənməsinə və regional təşəbbüslərinin dəstəklənməsinə xidmət edir. Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə də bu baxımdan yalnız iki ölkə arasındakı münasibətləri əks etdirən sənəd deyil, həm də gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirən siyasi və iqtisadi yol xəritəsidir. Sənədin əsl əhəmiyyəti onun müddəalarının həyata keçirilməsi, qarşılıqlı etimadın qorunması və müəyyən edilmiş istiqamətlər üzrə real nəticələrin əldə olunması ilə daha aydın görünəcəkdir. Müdafiə, iqtisadiyyat, enerji, təhsil və innovasiya sahələrində əməkdaşlığın genişlənməsi Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin daha möhkəm əsaslar üzərində inkişafına şərait yarada bilər. Bu tərəfdaşlıq gələcəkdə hər iki ölkənin maraqlarına uyğun yeni imkanların formalaşmasına və beynəlxalq əməkdaşlığın daha səmərəli məzmun qazanmasına xidmət edən mühüm siyasi addım kimi qiymətləndirilə bilər.
Bütün bunlarla yanaşı, Azərbaycan ilə Böyük Britaniya arasında strateji münasibətlərin inkişafı beynəlxalq və regional məsələlər üzrə qarşılıqlı dialoqun davam etdirilməsini də zəruri edir. Müxtəlif beynəlxalq platformalarda fikir mübadiləsi, qlobal problemlərə münasibətdə əməkdaşlıq və qarşılıqlı maraqların uzlaşdırılması tərəfdaşlığın siyasi məzmununu daha da zənginləşdirə bilər. Bu, iki dövlətin yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş beynəlxalq müstəvidə də əməkdaşlıq imkanlarını artırır. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin gələcək inkişafına yeni perspektivlər açan sənəd kimi diqqət çəkir. Onun əhəmiyyəti tərəflərin mövcud əlaqələri qorumaqla kifayətlənməyərək, dəyişən beynəlxalq şəraitə uyğun yeni əməkdaşlıq mexanizmləri yaratmaq niyyətində olmalarında ifadə olunur. Bu baxımdan sənəd dövlətlərarası münasibətlərin davamlı inkişafı, qarşılıqlı maraqların qorunması və gələcək nəsillər üçün daha geniş əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Şəhla Cəfərova

YAP Şərur rayon təşkilatının fəal üzvü

Digər xəbərlər