Əhməd Əzizov dağlar diyarı Lerikdə insanlar tərəfindən dərin məhəbbətlə, hörmətlə qarşılanan ziyalılardandır. Ömrünün 70-ci ilini yola salan bu dəyərli şəxsiyyət rayonun Nurəvud kəndində uzun illərdir gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. Azərbaycanın əməkdar müəllimidir. Əslən, qəlbən, ruhən müəllim olan Əhməd Əzizov öz peşəsində həvəslə çalışır, Vətəninə, xalqına fayda verməkdən mənəvi zövq alır. Mərdlik, insanpərvərlik, xeyirxahlıq onun qanındadır. Həm də bu ürəyi genış, qibtə olunası müdirik şəxsiyyət Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının ən fəal üzvüdür. Təcrübəli, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan Əhməd müəllimdən öyrənilməsi, nümunə götürüləsi keyfiyyətlər çoxdur. Onun bütün hərəkətləri, danışıqları bir qayda olaraq dərin zəkaya, düşüncəyə söykənir. ..
Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının qərargahında Əhməd Əzizovun anadan olmasının 70 illik yubileyi münasibətilə səmimi və yadda qalan görüş keçirildi.
Yubilyarı ürəkdən təbrik edən Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev onun həm partiya sıralarında, həm də təhsil sahəsində göstərdiyi xidmətlərdən geniş danışdı: “Əhməd Əzizov uzun illər müəllim kimi fəaliyyət göstərərək gənc nəslin savadlı, vətənpərvər böyüməsində mühüm rol oynamış, öz bilik və təcrübəsini böyük fədakarlıqla bölüşərək cəmiyyətə layiqli vətəndaşlar yetişdirib. Təşkilatçılıq bacarığı, işgüzarlığı rayonun inkişafında özünü yaxşı göstərir.”
Digər natiqlər- Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, rayon təşkilatının əməkdaşları Elnur Məmmədov və Elman Rəcəbov çıxışlarında yubilyarın xalqına gərəkli bir ömür yaşadığını dedilər, ona bundan sonra da möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində yeni uğurlar arzuladılar.
Öz növbəsində Əhməd müəllim göstərilən diqqət və ehtirama görə dərin təşəkkürünü bildirdi, bu səmimi münasibətin onun üçün böyük dəyər daşıdığını dedi.
Tədbirin sonunda Əhməd Əzizova rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına, eləcə 70 illik yubileyi münasibətilə YAP Lerik rayon təşkilatı tərəfindən Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olundu.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü