O unudulmaz günün uzaqlığından düz 30 il keçir. "Söz" müstəqil ədəbi-publisistik jurnalın işıq üzü gördüyü günü deyirəm. Bu dəqiqə zaman mənim üçün o günlərin içindədir. O zamanın içində "Söz"ü mübaliğə olmasın, öz həyatı qədər sevən Şəkər Aslan var. "Söz"ün yaranmasını alqışlayan Məmməd Araz var, Bəxtiyar Vahabzadə var, Nəbi Xəzri var, Fikrət Qoca var, Vaqif Səmədoğlu var, Mirhaşım Talışlı və neçələri var. Həmin unudulmaz keçmişə 30 ilin ayrılığından qayıdıram.
Mən yaşa dolmuşam. Ömrümün gəncliyindən 30 il ayırır məni. Onlar isə gözümdə həmin yaşda, həmin simadadırlar.
"Söz"ü ilin əvvəlindən nəşrə hazırladığımızdan çapını martın əvvəlinə nəzərdə tutmuşduq. Poliqrafik materialların çətin tapıldığı həmin dövr hamımızın yaxşı yadındadır. Lakin "Azərbaycan" nəşriyyatının baş direktoru, Şəkər Aslanın yaxın dostlarından olan Şəddat Cəfərov yeni yaranan jurnala xüsusi diqqət göstərirdi. Mayın 9-u doğum günümdür.Çox istəyirdim ki, "Söz" həmin günə hazır olsun. Çünki bir il əvvəl ata-baba yurdum Şuşa işğal olunduğundan gözəlliklər məskəni azad olunmayana qədər doğum günümü qeyd etməyəcəyimə söz vermişdim. Məni ən çox yandırıb cızdağımı çıxaran Şuşanın işğal xəbərini Təbrizdə eşitməyim idi.
Donub qalmışdım. Heç nə, heç kəs məni ovundura bilmirdi. Sonralar " Həsrət yolları" qeydlərimin "Təbriz ağlayırdı dağlar başında" hissəsində acılarımı belə qələmə aldım: “Əli qələmli və qılınclı Şah babamızın yurdu Ərdəbildən ayrılıb avtobusa oturduq. Sərab, Nəmin... kədərli xəyallarımın, ağrılı hisslərimin dumanı altında Təbrizə qovuşuram... Yanımdakılar sonralar danışırdılar ki, sevincin həyəcanından sənə nəsə olacağından qorxurduq. Mən nə fanatikəm, nə də möcüzəyə inanan. Lakin Təbriz göylərinin möcüzəsi məni indi də heyrətləndirir. Təbrizə yetişən kimi hava günəşli olsa da, göylər bir göz qırpımında "göz yaşlarını" boşaltdı. Bu "ağlama" biz Təbrizdən çıxanda da eynilə həmin yerdə təkrar olundu. İllərin şirin xatirələrindən xəyallarından uçub gəlmişəm bura. Həsrət dolu baxışlar, şirin kəlmələr ruhumu oxşayır... Üç il əvvəlki Qarabağ səfərim
yadıma düşür. Füzuliyə getmişdik. Bədnam qonşularımızın Qarabağ savaşı yenicə başlamışdı. Evlərində qonaq olduğumuz ailə nə qədər dil töküb yalvarsa da, bir gecə də qalın, sabah Şuşaya gedərik. Şuşanı gələn vörüşə saxlayıb Füzulidən
qayıtdıq. O zaman qəlbimizdə Təbriz nisgili vardı. Ən dəhşətlisi odur ki, Təbrizə əlimiz yetəndə Şuşa əlimizdən getdi."
Mətləbdən xeyli uzaqlaşdım. Tanrı bizi VAHİD AZƏRBAYCAN arzumuza qovuşdursun. Amin!
Rəqəmlərin düşərli və ya nəhs olduğunu kimin kəşf etdiyini bilmirəm. 13 rəqəminə nəhs deyirlərsə, mənim həyatımda ən uğurlu rəqəmdir. Sadalasam, böyük bir siyahı alınar. Elə birincisi, mənə övladım qədər əziz olan "Söz"ün işıq üzü görməsi mayın
13-ə təsadüf elədi. Etiraf edirəm ki, həmin günün sevincini heç cür yazıya gətirə bilmərəm.
Siqnal nüsxələri götürən kimi Şəkər Aslana zəng vurdum. Əlbəttə, sevinci ölçüyəgəlməzdi. Tərif söyləməkdə bir az xəsis olan Şəkər müəllim mənə minnətdarlıq etməyə sanki söz tapmırdı. Baş redaktorun kiçik zəhmətimə verdiyi böyük dəyərdən gözlərim yaşarmışdı. Sonra bir məktub da ünvanladı:" Sənin tay-tuşların zər-ziba, daş-qaş yığır, sən isə yaxşı mənada söz yayırsan..."Jurnallardan 2 nüsxə yol maşını ilə Şəkər müəllimə göndərdim. Görəndən sonra bir daha razılığını bildirdi və müxtəlif ünvanlara çatdırmağı tapşırdı. Azərbaycan Televiziyası və Radiosu "Söz"ün nəşrini geniş işıqlandırdı. Jurnalın təsis
olunmasında xüsusi səyi olan Prezident Administrasiyasında Dövlət müşaviri Hidayət Orucova, Mətbuat və İnformasiya Nazirliyinə, Yazıçılar Birliyinə, Jurnalistlər Birliyinə və s. çatdırdım. 3000 sayda çıxan "Söz"ün xoş sədası respublikanın hər tərəfinə yayıldı.
Sonralar Cənubi Azərbaycanda, Türkiyədə, Orta Asiya respublikalarında, Avropa ölkələrində də oxucularımız tapıldı.
Jurnalın mayın 13-də işıq görməsinin maraqlı məqamlarından biri Xalq yazıçısı Elçinin 50 illiyi ilə bir günə düşməsi idi. Dediyim kimi jurnalın ilk sayını mart ayına nəzərdə tutduğumuzdan Şəkər müəllim Vaqif Yusiflinin Elçinə həsr olunmuş yubiley yazısını may ayına saxlamışdı və yazıyla yanaşı bir neçə şəkil də vermişdi. Şəklin biri Lənkəran Dövlət Dram Teatrında lentə alınıb. Hüseyn Abbaszadə, Elçin, Cabir Novruz və Şəkər Aslan Lənkəranın ədəbi ictimaiyyətilə görüşdədirlər. Həmin görüşdə mən də varam. Son dərəcə səmimi və canlı keçən görüşün şəxsən şahidiyəm. Bunun da əsas səbəbi sualların canlı və məzmunlu
olması idi. Elçinin hansısa bağdakı şəkli də həmin günün yadigarıdır. Fotonun təbiiliyi diqqətimi o qədər çəkdi, şəklin altında bu sözləri yazdım: "Lənkəranda naringi bağında naməlum fotoqraf tərəfindən yaxalanmış Elçin."Açığı, bu gün o zaman yazdığım şəkilaltı sözlərimə görə cəsarətimə heyrət edirəm. Şəkər Aslan Lənkəranda, mən Bakıda yaşayıb işləsək də, jurnalın az qala hər sözünə nəzarət edirdi.
Tiraj hazır olandan sonra Lənkərana getdim. Şəkər müəllim jurnalı vərəqləyib həmin səhifəyə çatdı. Üzündə ani təbəssüm yaransa da, alnının düyünlənməsindən narazı qaldığını hiss elədim. Mənə bir söz deməsə də, pərt olmuşdum. Asta-asta
"şəkil özü mənə bu sözləri yazdırdı " söylədim.Bir neçə gün sonra Bakıya qayıtdım. Ertəsi gün Şəkər müəllim bizə zəng vurdu.
Çox yüksək əhval-ruhiyyədə idi. Elçin müəllimə göndərdiyi jurnallara görə onun "müsbət rəyli" məktubunu mənə oxudu.
Əzizim Şəkər!
Bütün nömrələrini izlədiyim "Söz"ün 3-4-cü sayını oxudum. Mənim haqqımdakı materiala görə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Sən də sağ ol, Vaqif Yusifli də sağ olsun. Ən əsası isə, ədəbiyyatın az qala axırıncı dərəcəli bir
məmulata çevrildiyi bir dövrdə, çox çətin və ağır bir zamanda sevimli Lənkəranda bu jurnalı nəşr edirsən. Azərbaycan ədəbiyyatının təəssübünü çəkirsən. Sənə eşq olsun, qardaşım! Vaqif Hüseynovun şeirini oxudum, bədbəxt Sabir Almazovun
şəklinə baxdım, doğrusu, çox təsirləndim.Başqa yazıları da zövqlə seçirsən, sağ ol. Unudulmaz Hüseyn Arif haqqındakı
essen də xoşuma gəldi. Bir sözlə, həm naşir, həm də əhli-qələm kimi nəcib iş görürsən və bu iş ədəbiyyatımız üçün bu acı günlərdə ən yüksək qiymətə layiqdir.Sənə də, səninlə birlikdə çalışan qələm dostlarına da ən səmimi arzularımı bildirir,
yeni ilinizi təbrik edir, xoşbəxtlik və yeni-yeni yaradıcılıq qələbələri diləyirəm.
Sənin Elçinin.
10.1.94. Bakı.
P. S. O "naməlum" fotoqrafın şəkillərindən varsa, mənə göndərə bilərsən, sənə minnətdar olaram.
Böyük şəxsiyyətləri hər zaman ali hisslərə malik, xırdaçılıqdan uzaq görmüşəm.
Sonralar - Elçin müəllimin hər yazısını oxuyandan sonra, televiziya verilişlərində hər çıxışından sonra ürəyimdə ona məktub da yazmışam. Amma kağıza köçürüb ünvanlamamışam. Bu günlərdə köhnə əlyazmalarımı axtaranda bir məktub tapdım.
Nə zaman yazdığımı yazmamışam. Kiril əlifbasıyla yazdığımdan məlumdur ki, ötən əsrin sonlarında qələmə alınıb. Unudulmaz, hər zaman müasir Xalq yazıçısı İlyas Əfəndiyevdən başlayıb Elçinin yaradıcılığıyla bitirmişəm. "İlyas Əfəndiyevin yaradacılığı bizim gəncliyimizin mənəvi, ruhi qidasıydı.
Qəhrəmanları xəyal dünyamızın ən yaxın sirdaşlarıydı. Pyeslərini kitablardan oxuyanda belə ruhumu tamaşalarına baxmaqdan az oxşamırdı. Sonralar sizi oxumağa başladım. Sadə adamların daxili aləmini o qədər təbii, səmimi qələmə alırsınız, sevməmək mümkün olmur. Bunlar barədə yazsam, böyük yazı alınar.
Hörmətli Elçin müəllim!
Şəkər Aslanın "qız qardaşı" olaraq "Söz" jurnalını yaşatmağa çalışıram. Oxucularımızın sizin yazılarınıza da ehtiyacı var. Gözləyirik. Yoxsa naringi bağında yaxalanmış xeyli şəkliniz var ha..."
"Söz"ün 30 illiyi ərəfəsində bir anlığa qısa da olsa, keçmişə qayıtdım.
Ömrün müdrik çağını - 80 yaşını başa vuran Xalq yazıçısı Elçinə kiçik kollektivimiz və çoxsaylı oxucularımız adından sağlam canla uzun ömür arzusuyla yaradıcılıq uğurları diləyir, "Söz" jurnalına isə əbədiyaşar söz ömrü arzulayıram.
Nə xoş ki, Elçin müəllim 80 yaşını, "Söz" jurnalı 30 illiyini Şuşalı, bütövlükdə Qarabağlı Azərbaycanda qeyd edir. Bu günü çox arzulamışdıq. Sevimli Prezidentimiz İlham Əliyevin Valdayda böyük inamla söylədiyi "Qarabağ Azərbaycandır!" nidası elə həmin günlərdə çapa imzalanan "Söz"ün manşetində əksini tapdı. Qarabağın xilaskarının Prezidentimizin "Şuşa, sən azadsan! Biz sənə qayıtmışıq. Biz səni dirçəldəcəyik." sevincinə "Şuşanın dağları başıbayraqlı" təbrikimlə cavab verdim.
Bu sevincimiz əbədi olsun inşallah!

Sevda ƏLİBƏYLİ,
"Söz" jurnalının baş redaktoru
Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…
Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...