PDF Oxu

Mədəniyyət

  • 1 220

Muzeydə geoloq-alim Baba Babazadənin 115 illiyinə həsr olunmuş tədbir keçirilib

image


Mayın 12-də Milli Azərbaycan Tarixi Muzeyində əfsanəvi neftçi, geoloq, alim Baba Qurbanqulu oğlu Babazadənin (25.04.1911 – 18.08.1962) anadan olmasının 115 iliyinə həsr olunmuş tədbir keçirilmişdir.SİA xəbər verir ki, tədbirdən əvvəl qonaqlar Baba Babazadəyə həsr olunmuş sərgi ilə tanış oldular. Sərgidə B.Babazadənin muzeyin fondlarında qorunan, həmçinin ailə arxivində saxlanılan şəxsi əşyaları, kitabları, portretləri, fotoşəkilləri, mükafatları, sənədləri nümayiş etdirildi.Tədbiri giriş sözü ilə açan Baba Babazadənin nəvəsi Nigar Babazadə qonaqları salamladı, mərasimin və sərginin təşkilində göstərdiyi dəstəyə görə muzeyin kollektivinə öz minnətdarlığını bildirdi. O, Azərbaycanın neft tarixində böyük xidmətləri olan, 1911-ci ildə Bakının Ramana kəndində dünyaya göz açan babasının həyat yolundan danışdı.Daha sonra çıxış edən Geologiya və Geofizika İnstitutunun baş elmi işcisi, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Şahvələd Köçərli, Əqli Mülkiyyət Agentliyi nəzdində Respublika Elmi-Texniki Kitabxanasının direktor müavini Sevda Rəsulova, SOCAR-ın şöbə rəisi, “Neftçi Geoloqlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini, yer elmləri üzrə fəlsəfə doktoru Elvin Əhmədov və Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov B.Babazadənin elmi irsindən, neft və geologiya sahəsində xidmətlərindən bəhs etdilər.
Tədbirin sonunda B.Babazadəyə həsr olunmuş “Mənalı ömür” sənədli filmi nümayiş etdirildi.
Qeyd edək ki, Baba Babazadə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Bakının neft mədənlərində əmək fəaliyyətinə başlamışdır. Əvvəl texnik, sonra isə mühəndis- geoloq vəzifəsində çalışmış B.Babazadə Bakının keçmiş Əzizbəyov (indiki Xəzər) rayonunda geoloji xidmət işlərinə başçılıq etmişdir. O, 1953-cü ildən ömrünün sonuna kimi “Azərneft” Birliyinin baş geoloqu vəzifəsində işləmiş, özünü neft geologiyası sahəsində dərin bilikli və bacarıqlı mütəxəssis, işgüzar rəhbər kimi göstərmiş və neft yataqlarının kəşf edilməsi və işlədilməsinin inkişafına böyük qüvvə sərf etmişdir. B.Babazadənin rəhbərliyi altında və bilavasitə iştirakı ilə Buzovna, Maştağa, Zirə, Neft Daşları, Palçıq pilpiləsi, Qaradağ, Qum adası, Gürovdağ, Müşovdağ və digər neft-qaz yataqları kəşf edilmişdir. Onun 80-dan çox elmi əsəri, o cümlədən 3 monoqrafiyası Azərbaycanda və keçmiş Sovet İttifaqının bir sıra digər neft rayonlarında geoloji kəşfiyyat işlərinin düzgün istiqamətləndirilməsinə, neft və qaz yataqlarının səmərəli işlədilməsinə kömək etmişdir. B.Babazadə 1949-cu ildə elmlər namizədi elmi dərəcəsini almış, 1959-cu ildə Azərbaycan EA-nın müxbir-üzvü seçilmiş, 1962-ci ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrini almışdır.B.Babazadənin səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. 1944-cü ildə SSRİ və Azərbaycan neftçiləri arasında ilk dəfə məhz B.Babazadəyə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Sonrakı illərdə o, I dərəcəli Stalin Mükafatına, “Lenin” ordeninə, Lenin Mükafatına, üç dəfə "Qırmızı Əmək Bayrağı" ordeninə və digər təltiflərə layiq görülmüşdür.

Digər xəbərlər

Metyu Perrinin şəxsi əşyaları hərraca çıxarılıb...

Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...

Merilin Monronun görünməmiş fotoları ortaya çıxıb...

60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…

İki film Tom Kruzu necə yeni səviyyəli ulduz etdi...

Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...

“Mən nəyəsə inanıram, amma nəyə inandığımı deyə bilmirəm...”

Çulpan Xamatova 14 yaşında “şüuraltı” vəftizindən danışıb və tatar dilində danışmadığını etiraf edib