Mədəniyyət

  • 7 708

Mənalı mühəndis ömrü... (Portret cizgiləri)

image

Qeybulla Babayev-70

İllər ötür, yaş üstünə yaş gəlir. İnsanlar arxada qalan həyat yoluna yenidən boylanır. Zamanın süzgəcindən necə keçdiyinə bir daha nəzər salır. Belə anlarda yaşadığın illərə, tutduğun əməllərə görə peşman deyilsənsə, deməli xoşbəxt adamsan. Mayın 9-da yetmişinci baharına qovuşan Qeybulla Atakişi oğlu Babayev də belə maraqlı ömür sahiblərindən biridir…

Onu hamı zəhmətkeş, məsuliyyətli, öz işinə tələbkar yanaşan vəzifə sahibi, yaxşı mənada mühafizəkar insan kimi tanıyır. Çalışdığı sahələrdə təşkilatçılığı və xeyirxahlığı ilə seçilib, həmişə kollektiv üzvlərinin sevgisini qazanıb.

Qeybulla müəllim ömrünün çox hissəsini Sumqayıtla bağlayıb. Uşaqlığını ucu-bucağı görünməyən, bərəkətli Mil-Muğan torpağında, İmişlidə keçirib. Lakin gənclik şəhəri də o yerlər qədər ona doğma və əzizdir. Xəzərin ləpədöyənində özünə əbədi ünvan tapmış Sumqayıt onun yüksəlişində, arzularının çiçəklənməsində mühüm rol oynayıb. Həyatının mənasını burada anlayıb, burada ailə qurub, ev-eşik sahibi olub, çoxlu dost tapıb. Bu səbəbdəndir ki, o, şəhərimizin cazibəsindən çıxa bilmir, özünü bu gözəl məkandan ayrı təsəvvür etmir. Onun haqqında, “sinəsi Sumqayıtla döyünür” desək, daha doğru olar.

Qeybulla Babayevlə ilk tanışlığım 1990-cı illərə təsadüf edir. Redaksiyanın tapşırığı ilə “Sumqayıtelektrikquraşdırma” idarəsindən yazı hazırlamalı idim. Həmin idarəyə yollandım. Onu zəhmli, bir qədər də qaraqabaq bir insan kimi qəbul etsəm də, sonralar “səhvimi” anladım. Sən demə, o, əsl söz adamı, deyib-gülən, zarafatından qalmayan insan imiş. Uşaqlıqdan bədii ədəbiyyata hədsiz maraq göstərib. Poeziya vurğunudur. Sözündən, söhbətindən doymursan. Ürəyinə yatan şeir nümunələrini də gözəl avazla təmasda olduğu insanlara yüksək ustalıqla çatdırır. Özünün dediyi kimi, tənhalıqla baş-başa qalanda ürəyinin səsini, qəlbinin çırpıntılarını misralara köçürüb.

Qeybulla müəllim jurnalist peşəsinə maraq göstərsə də sonralar bu fikrindən yan keçib. Mühəndis olmaq istəyib. Bu istəklə Azərbaycan Neft və Kimya İnistitutunun energetika fakültəsinə daxil olub. ixtisası üzrə əmək fəaliyyətinə başlayıb. Sazlayıcı sahəsində çalışıb. 1977-ci ildə “Sumqayıtelektrikquraşdırma” idarəsində usta, sahə rəisi, idarə rəisi işləyib. Bacarığını, qabiliyyətini görüb onu daha da irəli çəkiblər.

“Su daşı suda sınar”,- deyiblər. Beləliklə, gənc, boylu-buxunlu Qeybulla Babayevin yüksəliş yolu davam edib. 1987-ci ildə onu daha məsul işə - Sumqayıt şəhər Texniki Peşə Təhsili idarəsinin rəisi vəzifəsinə təyin ediblər. Fəaliyyəti ağır və mürəkkəb bir dövrlə üst-üstə düşməsinə baxmayaraq burada da özünü doğruldub. Çoxsaylı istehsal müəssisələri və xidmət sahələri üçün peşə kadrları hazırlayan məktəblərin mövcud problemlərinin həllinə çalışıb. Kadrların yetişməsinə xüsusi diqqət yetirib. 1988-ci ilin əvvəllərində erməni millətçilərinin əli ilə şəhərimizdə törədilən hadisələr Qeybulla müəllimə də rahatlıq verməyib. Texniki peşə məktəblərində oxuyan gənclərimizin bu cür təhriklərdən çəkindirmək üçün əlindən gələni edib. Hadisələrlə bağlı sorğu-suallardan, yersiz ittihamlardan üzü ağ çıxıb, işçilərin və tələbələrin nahaqdan ləkələnməsinə imkan verməyib. Şəhərdə ictimai sabitliyin bərqərar olması işində fəallıq göstərdiyi üçün ünvanına xoş sözlər deyilib. Hörməti, nüfuzu artıb. Ona daha böyük etimad göstərilib. Üç çağırış Sumqayıt şəhər Sovetinin deputatı olub. Şəhər XDS İcraiyyə Komitəsinin üzvü kimi səmərəli iş aparıb.

1991-ci ildə texniki peşə idarələri ləğv edilərək təhsil şöbələrinin tabeliyinə verildi. Qeybulla müəllimin şəhərimizin ictimai-siyasi və sosial-iqtisadi həyatındakı fəallığı nəzərdən yayınmadı. Ona görə də şəhər rəhbərliyinin təqdimatı ilə Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Sumqayıtdakı müəssisələrindən birinə direktor təyin edildi. Buna baxmayaraq, o, yenidən doğma kollektivinə qayıtmağa can atırdı. Beləcə, mühəndis ömrünün yeni səhifələrini yaşadı. 1998-ci ildə “Sumqayıtelektrikquraşdırma” idarəsinin bazasında Səhmdar Cəmiyyəti yaradıldı. Qeybulla müəllim o vaxtdan həmin cəmiyyətin sədridir.

Çox keçmədi ki, kollektiv “Əsrin müqaviləsi”nə daxil olan tikintilərə qoşuldu. Elektrik xətlərinin və avdanlıqlarının quraşdırılması işlərinə cəlb olundu. Bakı-Supsa neft kəmərinin Ucar və Şəmkir rayonlarında yerləşən nasos stansiyalarında elektrik işləri Sumqayıt quraşdırıcıları tərəfindən yüksək keyfiyyətlə yerinə yetirildi. Bu uğurlara görə şirkətin rəhbəri İsveçrədə keçirilən Beynəlxalq Sənayeçilər İttifaqının tədbirinə dəvət olundu, kollektivin əməyi “Brilyant Ulduz” mükafatına layiq görüldü. Həmin dövrdə Yaponiyanın krediti hesabına dövlət zəmanəti ilə Sumqayıtda tikintisinə başlanan Buxar-Generator Kompleksi elektrik quraşdırıcıları üçün əsl hünər meydanına çevrildi. Bu nəhəng kompleksdə də kollektiv üzvləri fədakarlıq nümunəsi göstərdilər. Elektrik quraşdırma, sazlama, yanğından mühafizə, radiolaşma və telefonlaşma işlərini yüksək keyfiyyətlə yerinə yetirdilər. Sumqayıtın elektrik şəbəkəsində, çoxsaylı müəssisə və sosial obyektlərdə də Qeybulla müəllimin rəhbərlik etdiyi Səhmdar Cəmiyyətinin izləri bu gün də görünür.

Bu işləri sadalasaq böyük bir siyahı alınar. Söz düşəndə həmsöhbətim deyir ki, “sadə, zəhmətkeş bir ailədə böyümüşəm. Məni bu səviyyəyə çatdırdıqlarına görə ilk növbədə valideynlərimə borcluyam. Sumqayıt isə mənim həyat məktəbimdir. Son on illikdə şəhərimiz daha da inkişaf edib. Möhtəşəm işlər görülüb. Xoşbəxtəm ki, şəhərimizin quruculuğunda az da olsa əməyim, zəhmətim var. Bu xidmətlərimə görə cənab Prezidentimizin imzaladığı sərəncamla “Tərəqqi” medalı ilə mükafatlandırılmışam”.

Qeybulla müəllim bu gün də şərəfli mühəndis ömrü yaşayır. Şəhərimizin ictimai həyatında yaxından iştirak edir. Yeni Azərbaycan Partiyasının fəal üzvlərindəndir. Eyni zamanda Sumqayıt şəhər Ağsaqqallar Şurasının üzvüdür. Var qüvvəsi ilə doğma Sumqayıtımızın inkişafına, abadlığına çalışır, töhfələr verir.

Söz düşəndə Qeybulla müəllim onu da deyir ki, “ömrümün qazancları içərisində ən çox fəxr etdiyim ailəmdir”. Həqiqətən onun gözəl ailəsi var. Oğula bərabər beş qız atasıdır. O, vaxtı ilə el qeyrətli valideynlərindən aldığı təmiz və saf tərbiyəni öz övladlarına aşılayıb. Ailədəki səmimiyyət uşaqlarına da sirayət edib. Onların hamısı ali təhsil alıb, hərəsi bir işin qulpundan yapışıb. Anaları Qəribə xanım isə ixtisasca pedaqoqdur. Uzun illər balaca fidanlarımızın təlim-tərbiyəsi ilə məşğul olub. Uşaq bağçasının müdiri kimi səmərəli fəaliyyət göstərib. Övladlarının təlim-tərbiyəsi bir ana kimi ən çox onun üzərinə düşüb. Onları əsl vətəndaş kimi böyüdüblər. Onların altı nəvələri var.

• Maraqlı və mənalı 70 illik ömür Qeybulla müəllim üçün artıq bir keçmişdir. Qarşıda onu uzun, həm də qurub-yaratmağı ilə zəngin bir yol gözləyir. Bu yolda ona sağlam həyat, bol-bol uğurlar arzulayıram. Belə yerdə dahi Konfutsinin bu kəlamı yada düşür: “Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır”.

Sübhan QAFAROĞLU

Digər xəbərlər