Mədəniyyət

  • 27 397

Daş yaddaşımıza salınan izlər: tarixi və ZƏFƏR muzeylərimiz TƏHLİL

image

Xalqın tarixi irsi və mənəvi dəyərlərinin qoruyucusuna çevrilən muzeylər neçə illərin, qərinələrin yolunda bizlərə həyatımızın yaşanılan tarixindən olan xəzinələri təqdim etdirən eksponatları, nadir nümunələri ilə Azərbaycan xalqının kimliyini sərgiləyir. İlmələrin toxunuşunda, musiqilərimizin dilində, poeziyamızın qanadlarında əks olunan ictimai-siyasi hadisələrin əksi tariximizdən soraq verir. Tarixi qəhrəmanların gücündə, istiqlal və mücadiləmizdə yaşanılan birlik və həmrəyliyi yaşadan tarixi nümunələr bu məkanlarda qorunub saxlanılır. Ən əsası da bu dövləti qurub-yaradan Dahi Şəxsiyyət Heydər Əliyevin keçdiyi həyat yolunun fəlsəfəsini əks etdirən nümunələr Onun adını daşıyan muzeylərdə qorunub saxlanılır. Bakıda yerləşən Heydər Əliyev Mərkəzinin ən cəlbedici və maraq doğuran bölümü Heydər Əliyev Muzeyidir. Dizaynı və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən muzey Mərkəzin modern üslubu ilə həmahəngdir. Muzey Azərbaycan tarixinin və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir. Burada toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Muzeydə Ümummilli Lider Heydər Əliyevə aid maraqlı faktlar, foto və video materiallar və digər unikal eksponatlar təqdim olunur. Azərbaycanın bir sıra yerlərində belə muzeylər fəaliyyət göstərir.

Hər il dünyada 18 May Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu bayram, bir qayda olaraq, "Xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək" şüarı ilə keçirilir. Beynəlxalq Muzeylər Günü - Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunub. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir. Bu bayram dünyanın 150-dən artıq ölkəsində qeyd edilir. Tarixi, maddi və mənəvi abidələrlə zəngin olan ölkəmizdə də Beynəlxalq Muzeylər Günü qeyd edilir. Azərbaycanda da bu gün qeyd olunmaqdadır. Azərbaycanda muzey işinin tarixi çox da qədim deyil. Azərbaycanın ictimai-siyasi və mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən, sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan vermişdir. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunmuşdur. Ötən əsrin əvvəllərində isə Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində pedaqoji, həmçinin, Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzeylər yaradılmışdır. Lakin Nehrəm kəndindəki muzey istisna olmaqla, adları qeyd edilən məkanlar çarizmin maraqlarına xidmət etmişdir. Təsadüfi deyil ki, Azərbaycanda aşkar edilən qiymətli arxeoloji əşyalar Tbilisi, Moskva və Peterburq muzeylərinə göndərilmişdir. Azərbaycanda muzeylərin təşəkkül tapmasının əsası XX əsrin ikinci onilliyinin əvvəllərində qoyulmuşdur. "Doğma diyarın öyrənilməsi muzeyi" adlanan ilk muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaradılmışdır. Azərbaycanın dəyərli eksponatları 1920-ci ildə ilk muzey yaranana qədər Rusiya, Avropa, o cümlədən, Böyük Britaniya muzeylərini bəzəsə də, bu gün tariximiz və incəsənət nümunələrimiz dövlət muzeylərimizdə nümayiş olunur. Azərbaycanda muzey fondu ölkə milyonçularının sovet hakimiyyətinin ilk illərində müsadirə edilmiş sənət əsərləri əsasında yaradılmışdır. H.Z.Tağıyevə, M.Muxtarova, M.Nağıyevə, bir sözlə, Bakı milyonçularına məxsus qiymətli sənət əsərləri ilk muzeyimizin eksponatları olmuşdur.

AZƏRBAYCANIN 60-DƏK RAYONUNDA TARİX-DİYARŞÜNASLIQ MUZEYİ YARADILDI

Ölkəmizdə bu sahənin inkişafı, muzeylər şəbəkəsinin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz həmişə muzeylərə böyük önəm vermiş, bu sahəyə də diqqət və qayğı ilə yanaşmışdır. Xalqımızın böyük oğlu Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızda muzeylərin, xüsusilə, tarix-diyarşünaslıq, xatirə, ev-muzeylərinin və digər profili muzeylərin yaradılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə mühüm tədbirlər həyata keçirmişdir. Qısa müddətdə Azərbaycanın 60-dək rayonunda tarix-diyarşünaslıq muzeyi yaradılmışdır. Dahi Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra mədəniyyət sahəsi, həmçinin, muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilmişdir. 1994-cü ildə bu müşavirənin materialları əsasında "Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında" qərar qəbul edilmişdir. 2000-ci il martın 24-də qüvvəyə minmiş "Muzeylər haqqında" Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bunlarla bağlı münasibətləri tənzimləyir. Bu gün Prezident İlham Əliyev tərəfindən bu sahədə uğurlu addımlar atılır, böyük layihələr reallaşır. Hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir. Dövlətimizin başçısı İlham Əliyevin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal Muzeyinin yaradılması və İstiqlal Abidəsinin ucaldılması haqqında" 2006-cı il 18 dekabr və "Müasir İncəsənət Muzeyinin yaradılması haqqında" 2006-cı il 19 dekabr tarixli sərəncamları muzey işinə dövlət qayğısının aydın təzahürüdür. Prezident İlham Əliyevin "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" 2007-ci il 6 mart tarixli Sərəncamı, 2009-cu il 22 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı" və digər normativ aktlar bu sahədə hüquqi bazanın formalaşdırılmasının əyani ifadəsidir. Həmin Sərəncama əsasən, Azərbaycan Xalçası və Xalq Tətbiqi-Sənət Dövlət Muzeyinin müasir tələblərə, beynəlxalq standartlara cavab verməsi üçün yeni binada fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilmiş, muzeyin yeni binası tikilmişdir.

ERMƏNİ TƏCAVÜZÜ NƏTİCƏSİNDƏ 100 MİNDƏN ARTIQ ƏŞYANIN TOPLANDIĞI 22 MUZEY İŞĞAL OLUNMUŞ ƏRAZİDƏ QALMIŞDI

Bu gün işğaldan azad olunan ərazilərimizdə muzeylərimizə yeni həyat verilir. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 30 il ərzində maddi-mədəniyyət abidələrimiz vəhşicəsinə dağıdılaraq, yerlə-yeksan edilmişdir. Əlbəttə ki, bu erməni vandallığının bir nümunəsidir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi torpaqlarımızı düşməndən azad etdikdən sonra erməni vandallarının bədxah əməlləri bütün dünyaya çatdırıldı və dünya özü bu vəhşiliyin canlı şahidinə çevrildi. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində kitabxanalar, mədəniyyət evləri, mədəniyyət mərkəzləri, klublar, muzeylər, uşaq musiqi məktəbləri daxil olmaqla, 180 mədəniyyət obyekti tamamilə dağıdılıb. Erməni tərəfinin törətdiyi qeyri-insani hərəkətlərinin ağır nəticələrini nəinki insanlarımız, eləcə də tarixi-dini mədəniyyət abidələrimiz də yaşamışdır. 1988-ci ildən başlayaraq, erməni təcavüzü nəticəsində 100 mindən artıq əşyanın toplandığı 22 muzey işğal olunmuş ərazidə qalmışdı. Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyində 30 mindən artıq tarixi əhəmiyyətli əşya olub. Zəngilan, Qubadlı, Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeylərində də minlərlə abidə talan edilib. Bu muzeylərdə qorunub saxlanılan eksponatlar ermənilər tərəfindən ərazidən çıxarılıb. Bir qisim muzey əşyalarımız 3-cü ölkələrə də aparılıb. Canlı muzey hesab olunan Şuşa şəhərində 8 muzey fəaliyyət göstərmişdi. Şuşanın işğalı zamanı Xalça və Tətbiqi Sənət Muzeyinin Şuşadakı filialı, Üzeyir Hacıbəylinin Şuşadakı Ev Muzeyi və s. işğala məruz qalıb. Şuşa şəhərində Şuşa və Xankəndi diyarşünaslıq muzeyləri tamamilə dağıdılıb. Dövlət Qarabağ Tarixi Muzeyi, Natəvanın, Bülbülün, Əbdürrəhimbəy Haqverdiyevin, Mir Mövsün Nəvvabın və başqalarının ev muzeyləri, Qurban Pirimovun Ağdamdakı xatirə muzeyi, Ağdam, Füzuli, Xocalının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Eyni zamanda, Ağdamdakı unikal Çörək muzeyi də digər muzeylər kimi dağıdılıb. Bu gün işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində muzeylərimiz də bərpa və təmir olunur. Musiqiçilərdən Bülbülün, Üzeyir Hacıbəylinin ev muzeyləri təmir və bərpa olunub.

MİLLİ XALÇA MUZEYİNİN ŞUŞA FİLİALI

Milli Xalça Muzeyinin Şuşa filialı da özünəməxsusluğu ilə seçilib. XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdı. Görülmüş işlər nəticəsində binanın daxili divarları, döşəmələri, tavanları bərpa olunub. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar götürülərək binanın tarixi siması özünə qaytarılıb. Binanın fasadındakı çatlar bərpa olunub və daşla üzlənib. Qarabağ torpaqlarının Ermənistanın işğalına məruz qaldığı dövrdə Azərbaycan Milli Xalça Muzeyi filialda saxlanılan sənət nümunələrinin təhlükədə olduğunu nəzərə alaraq, 1992-ci il fevralın 29-da onların təxliyəsini təşkil etmişdi. Beləliklə, Şuşa filialının kolleksiyasındakı 246 eksponatdan 183-ü Bakıya gətirilmişdi. Şəhər işğal altında olduğu dövrdə Şuşa filialı öz fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirirdi.

Artıq bu gün muzey bərpa və təmir olunaraq istifadəyə verilib. Ziyarətçilərin eksponatlar haqqında daha dolğun məlumat əldə edə bilmələri üçün ekspozisiyada sensor ekran quraşdırılıb. Ekranda Qarabağın, xüsusilə də Şuşanın maddi və qeyri-maddi irs nümunələri, kübar ailələri, xarici kolleksiyalarda qorunan Qarabağ xalçaları, Şuşa filialının 1992-2022-ci illər ərzindəki fəaliyyəti haqqında məlumatlar verilir.

Azərbaycan xalqının tarixi, mədəniyyəti və məişəti ilə, dövlət və cəmiyyətin həyatındakı ən mühüm hadisələrlə, elm və texnikanın, incəsənət və ədəbiyyatın inkişafı ilə, ictimai-siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin, hərbçilərin, tarixi hadisələrin fəal iştirakçılarının həyatı ilə bağlı olan əşyaların və kolleksiyaların qorunduğu muzeylərə diqqət və qayğı artmaqdadır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər