PDF Oxu

Mədəniyyət

  • 5 535

Rektor: Bakı bizim üçün doğma yerdir, çünki biz Azərbaycanla hər cür bağlıyıq - MÜSAHİBƏ

image

Rusiya ilə Azərbaycan arasında qırılmaz mədəni əlaqələr mövcuddur. Rusiya Teatr Sənəti İnstitutu Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə birgə layihələr həyata keçirir və hər zaman yeni layihələrə hazırdır. Bu barədə “Moskva-Baku” portalına Rusiyanın əməkdar artisti, filologiya elmləri namizədi, teatrşünas və Rusiya Teatr Sənəti İnstitutunun (QİTİS) rektoru Qriqori Zaslavski məlumat verib. O, sentyabrın 14-də kinoteatrlarda premyerası keçiriləcək “İnsanların başına gələnlər” filmində niyə iştirak etmək qərarına gəldiyini və Azərbaycanda onu, xüsusilə, nəyin heyran etdiyini açıqlayıb.

- Qriqori Anatolyeviç, sentyabrın 14-də sizin iştirakınızla “İnsanların başına gələnlər” filminin premyerası olacaq. Sizi filmə cəlb edən nə oldu və niyə filmdə iştirak etmək qərarına gəldiniz?

- Bu filmdə radio aparıcısı kimi çıxış edirəm, kadrlarda görünmürəm. Birincisi, bu film bizim məzun prodüsserimiz və rejissorumuz Valeri Belotserkovski tərəfindən çəkilmişdir. Mənə zəng vurub, gəlib çəkilməyimi istədi. Ona görə də bu filmin yaxşı və ya pis olmasından asılı olmayaraq, mən hər halda razılaşmalıydım, çünki Belotserkovski nəsə edirsə, xüsusən də, eksperimental olaraq, mən ona dəstək olmalıyam. Telefonla dedi ki, filmdə radio aparıcısı kimi çəkiləcəyəm. Bu, mənim üçün heç də çətin deyil, çünki bu, mənim adi işimdir. Rektor olmağımla bərabər hələ də müntəzəm olaraq radioda işləməyə davam edirəm, Vesti FM-də, Radio Kultura-da çıxış edirəm, orada müntəzəm bazar günü proqramım var. Ona görə də bundan qətiyyən imtina edə bilməzdim. Sonra hər şeyi izləməyə başlayanda çox sevindim, hətta mənim üçün şok oldu! Bunun çox bahalı film olduğunu deyə bilmərəm, amma eyni zamanda, çılğın bir heyət var- Lavronenko (Konstantin), Gorevoy (Mixail), Khabensky (Konstantin), Baluev (Aleksandr) və Yuri Stoyanov.

- Aprel ayında Azərbaycanla dörd yaradıcı layihə üzrə müqavilədən danışdınız. Tətbiq etməyə başlaya bildinizmi?

- Layihələrdən birini artıq Bakıda həyata keçirmişik. Bundan əlavə, bu yay biz ikinci dəfə İssık-Kulda (Qırğızıstan) Qittis Məktəbini keçirdik. İştirakçılar arasında Azərbaycandan olan tələbələr və gənc rəssamlar da var idi ki, bu da bizi çox sevindirdi. Qalan layihələr hələ planlardadır, lakin biz ilk çağırışda onları həyata keçirməyə hazırıq. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Ceyran xanım Mahmudova zəng etsə, təcili yardım maşını kimi cavab verərik. QİTİS birgə layihələr həyata keçirməyə hazırdır və biz çox fəal olacağıq. İnstitutumuz bütün təkliflərə açıqdır, yeri gəlmişkən, pandemiya zamanı fasilədə olan Pekin Mərkəzi Dram Akademiyası ilə əməkdaşlığı fəal şəkildə inkişaf etdiririk, oktyabr ayında müxtəlif nümayəndə heyətləri, tamaşalarla Çinə 3 səfərimiz olacaq, konfranslar və digər görüşlər keçiriləcək. Biz Türkiyə və Qırğızıstanla da əlaqələri fəal şəkildə inkişaf etdiririk. Həmçinin Rusiya-Afrika sammitindən sonra sevgi və dostluğa doğru irəlilədiyimiz Seneqal və Nigeriya ilə əməkdaşlıq etməyi planlaşdırırıq.

- Siz özünüz də bir neçə dəfə Azərbaycanda olmusunuz. Bakı haqqında təəssüratlarınızdan danışın...

- Bəli, sonuncu dəfə apreldə Bakıda olmuşam, ancaq orada cəmi bir gün keçirmişəm. Sadəcə, Azərbaycan teatrının 150 illiyinə həsr olunmuş konfransda çıxış etməyə və mağazalara baxmağa vaxtım oldu. Mənim üçün çox maraqlı idi ki, yeganə xarici qonaq Rusiyanın nümayəndəsi olaraq mən və İstanbuldan gələn rektor idi. Təbii ki, bu, bizim üçün çox vacibdir. Bu, QİTİS üçün hörmət və diqqətdir və biz Azərbaycan tərəfindən belə dəyərli münasibəti yüksək qiymətləndiririk.

Azərbaycanda Bakının ab-havasını hiss edə biləcəyiniz şəhərin köhnə hissəsini çox bəyənirəm. İndi sürətlə inkişaf edərək dünyanın ən müasir və gözəl şəhərlərindən birinə çevrilir. Ən çox sevdiyim yerlərdən biri də memar Zaha Hadidin layihəsi olan Heydər Əliyev Mərkəzidir. Məncə, bu, fantastik binadır...

- Bu gün Rusiya ilə Azərbaycan arasında hansı mədəni əlaqələri şərh edə bilərsiniz? Xüsusilə də, Azərbaycanla QİTİS arasında.

- Azərbaycan və Bakı bizim sevimli məkanlarımızdır. Bu yaxınlarda müəllimimiz Tamara İlyiniçna Sinyavskayaya zəng etdim, o, mənə Maqomayevin Bakıda ad gününə gəldiyini söylədi. Bizim üçün isə bura sadəcə doğma yerdir, çünki biz Azərbaycanla hər cür bağlıyıq.

Bundan əlavə, biz Heydər Əliyev Fondu ilə birgə birgə layihənin həyata keçirilməsinə başlamağı planlaşdırırıq. Bu, mənim fikrimcə, çox maraqlı bir quruluşda olan tamaşadır ki, artıq Azərbaycan Musiqili Komediya Teatrının direktoru ilə biz Bakıya gələndə səhnəyə qoymağı razılaşdırmışıq. Bu, Leyla Əliyevanın illüstrasiyaları olan Azərbaycan xalq nağılları kitabı əsasında xüsusi olaraq yazılmış tamaşadır və ümid edirik ki, o, bu tamaşanın quruluşçu rəssamı olacaq, şübhəsiz ki, bunda onun marağı var. Bu, tamamilə unikaldır, biz bunu əvvəllər heç kimlə etməmişik. Bu tamaşada Azərbaycan xalq nağıllarının qəhrəmanları bugünkü həyata daxil olur və azərbaycanlıların üzləşdiyi bütün problemləri həll edirlər. Bu, gözəl bir musiqi performansı yarada biləcək gözəl hekayədir. Yeri gəlmişkən, ROSEXİMBANK ASC-nin İdarə Heyətinin sədri Azər Talıbov bu layihəyə vəsait ayırmağa hazırdır. Amma teatr nə qədər pul lazım olduğunu hələ hesablamayıb. Ümid edirəm ki, bu məsələlər öz həllini tapacaq və biz bu layihəyə başlaya bilərik.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər