 
“Azərbaycanda xalq-iqtidar birliyi güclüdür. Bu güc cənab Prezidentin seçkilərdə yüksək faizlə qalib gəlməsi, aparılan rəy sorğularında Onun rəy reytinqinin yüksək olması, ölkə başçısının siyasi kursunun cəmiyyət tərəfindən birmənalı şəkildə dəstəklənməsidir. Təsadüfi deyil ki, müxalif qüvvələr nə qədər cənab Prezidentə alternativ görünmək istəsələr də, seçicilər onlara dəstək vermirlər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Deputat bildirib ki, xaricdən ölkəmizə cənab Prezidentin apardığı siyasətə təsir etmək cəhdləri tez-tez olur: “Ancaq Azərbaycan dövləti Prezidentin simasında və cəmiyyətin Prezidenti dəstəkləməsi fövqündə bu təzyiqlərə hər zaman sinə gəlir. Biz Azərbaycanın apardığı siyasətin qalib gəldiyini görürük. Düzdür, Azərbaycan cəmiyyətində 5-ci kalon yaratmaq, Azərbaycanda xaricdən müəyyən dairələrin maraqlarını həyata keçirmək istəyənlər də olur. Çox təəssüf ki, yüksək vəzifədə işləyib, çıxdıqdan sonra iqtidara qarşı mübarizə aparanlara da rast gəlinir. Ancaq onların cəmiyyətdə dəstəyi yoxdur. Cəmiyyət Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycanın müstəqilliyinin qoruyub saxladığının şahidi oldu. Cəmiyyət Prezident cənab İlham Əliyevin apardığı daxili-xarici siyasətin uğurunu hər dəfə həm ölkə səviyyəsində, həm də hər kəs öz həyatında hiss edir. Kiminsə cənab Prezidentə, Azərbaycan iqtidarının apardığı siyasətə alternativ yaratmaq istəməsi məğlubiyyətə düçardır.Son baş verən hadisələr də bir daha göstərir ki, dövlətimiz ilk növbədə xalqın öz Prezidentinə olan sevgisi, dəstəyi ilə güclüdür və bu dəstək hər zaman olacaq. Cənab Prezidentə alternativ olmaq istəyən, Azərbaycanı getdiyi müstəqillik yolundan çəkindərmək istəyərsə, özünün şəxsi maraqlarını milli maraqlarımıza zidd olaraq həyata keçirmək istəyəcəksə, onlar məğlub olacaqlar. Onlar cəmiyyətin dəstəyini qazanmayacaq, onların yanında cəmiyyətin ziyalıları, iş adamları, sadə vətəndaşlar olmayacaq. Çünki 1993-cü il 15 iyuna qədər olan tariximiz göstərdi ki, Azərbaycan yalnız düşünülmüş, milli maraqlara cavab verən siyasətlə güclüdür. Bu güc bu gün də cəmiyyətin iqtidara göstərdiyi dəstəkdə özünü büruzə verir”.
Müəllif: Səbinə Hüseynli