Mədəniyyət

  • 4 478

Balaca rəssamlar Əzim Əzimzadənin ev muzeyində - REPORTAJ+FOTOLAR

image

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir. Belə tədbirlərdən biri də dahi Azərbaycan rəssamı, Azərbaycan karikatura sənətinin banisi, Azərbaycan SSR xalq artisti, Əmək Qəhrəmanı Əzim Əzimzadənin ev muzeyində təşkil olunmuşdu.

Əzim Əzimzadənin ev-muzeyi 1968-ci ildə Bakıda yaradılıb. Muzeyin fondunda rəssamın 2000 eksponatı qorunub saxlanılır. Ə.Əzimzadə ev-muzeyinin ekspozisiyası 6 otaqdan ibarətdir. Burada rəssamın 4 üslubda çəkdiyi əsərlər karikaturalar, portretlər, ornamentlər və mənzərələr nümayiş etdirilir.

Muzeyin direktoru İradə Əzimzadə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər günündə muzeyin qapılarını həm ziyarətçilər, həm də balaca rəssamlar üçün açdı. “M.A. ART” Rəssamlıq Studiyasının rəhbəri Münəvvər Allahquliyevanın şagirdləri öz əl işləri ilə muzeyin və ziyarətçilərin qonağı oldu. Münəvvər müəllimənin tələbələri təbiət və tarixi abidələr mövzusunda bu gün üçün xüsusi olaraq işlədikləri əsərlərini qürurla nümayiş etdirdilər.

Muzeyin direktoru İradə Əzimzadə mədəni irsin qorunması, tarixi abidələrin mühavizəsi və gələcək nəsillərə ötürülməsi barədə həm ziyarətçilərlə, həm də balaca rəssamlarla söhbət etdi. O bildirdi ki, kiçik rəssamlarla ünsiyyətdən çox məmnundur və dahi rəssamın ev-muzeyinin qapıları həmişə balaca rəssamların üzünə açıqdır:

“Əgər bu gün bu balaca balalar, yolunu getmək istədikləri ustad rəssamın eksponatlarının olduğu bir muzeydə öz əl işlərini nümayiş etdirirlərsə, bu, onların sənət yolunda böyük stimul olacaq. Mən bayaqdan onların əl işlərinə baxıram, inanın o qədər bəyəndim ki çəkdikləri şəkilləri. Onlar necə gözəl düşünürlərsə, o qədər də gözəl rəsm çəkiblər, daxili aləmlərini də bir o qədər gözəl təsvir ediblər. Rəsm çəkmək fitri istedaddır. Əgər Münəvvər müəllimə onların daxilindəki bu işığı görüb fitri istedadlarını kağıza köçürmələrinə vəsilə olubsa bu çox gözəl bir işdir, o təqdirəlayiq bir iş görür. O fəxr etməlidir ki, belə gözəl tələbələr yetişdirib. Həmçinin, bu gün bu balaca rəssamları bizə təqdim etdiyi üçün Münəvvər müəlliməyə təşəkkür edirəm”.

“M.A. ART” Rəssamlıq Studiyasının rəhbəri Münəvvər Allahquliyeva isə muzeyin rəhbərinə sərgi üçün şərait yaratdığına görə təşəkkür etdi: “Biz artıq bir neçə dəfədir ki, balaca rəssamlarımızın əl işlərini bu muzeydə sərgiyə çıxarırıq. Həm mən, həm də tələbələrim və onların valideynləri hər ziyarətimizdə bizə hər cür şərait yaradan dəyərli İradə xanıma, muzey əməkdaşlarına minnətdarıq. Bu muzey bizim üçün doğma məkana çevrilib, balaca rəssamlarım sərgiyə hər dəfə xüsusi həvəslə hazırlaşırlar. Onlarda bu həvəsi yarada bildiyimiz üçün çox məmnunuq”.

Qeyd edək ki, sərgidə iştirak edən balaca rəssamların ən böyüyünün 13, ən kiçiyinin 4 yaşı vardı. Yaşlarına rəğmən çox peşəkar formada əsərlər işləyib, öz duyğularını, düşüncələrini ustalıqla kağıza köçürmüşdülər. Yazın gəlişi ilə canlanan təbiəti, meşələri, gölləri, çayları, həmçinin misilsiz tarixi abidələrimizdən olan Atəşgahı, Ramana Qalasını, Gövhər Ağa Məscidini, Mömünə Xatun Türbəsini, Şirvanşahlar Sarayını, Qız Qalasını kağıza həkk edən balacalar öz rəsmləri barədə ziyarətçilərə həvəslə məlumat verdilər. Onların al-əlvan rəsmlərinə ziyarətçi marağı böyük idi. Diqqəti çəkən məqamlardan biri də o idi ki, balacalar işğaldan azad olunmuş ərazilərimizdə olan tarixi abidələrimizə də diqqətlə yanaşmışdılar.

Sonda balaca rəssamlar və onların valideynləri həm uşaqların müəlliminə, həm də muzey rəhbərliyinə və ziyarətçilərə sərgiyə yaradılan şərait və göstərilən marağa görə təşəkkür etdilər. Sonra sərgi iştirakçıları ilə birgə xatirə fotosu çəkildi.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Ekologiya Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər