PDF Oxu

Mədəniyyət

  • 478

SƏN MƏNİ UNUTSAN İNDİDƏN UNUT ŞEİR

image

Səni ürəyimin dərinliyində,

Qazıb basdırmışam qanımın altda.

Sənlə yaşadığım gün-güzəranın,

Tayını tapmaram eh..bu həyatda.

İllər, başım üsdə qara bulud tək,

Sənin yoxluğuna ağlayacaqdır.

Aylar,yaram üsdə duz ələyəcək,

Günlər, sevincimi dağlayacaqdır.

Ahu baxışından can alan ömrüm,

İndi can verəcək,yad baxışıyla.

Məndən soruşmasın halımı kimsə,

Gözlərim danışır yalvarışıyla.

Ümid çırağına sarıl əzizim,

Məndən ümidini kəs,yaşamıram.

Sən demə yaşamaq deyil mənimki,

Mən də sanırdım ki,pis yaşamıram.

Burax əllərimi xəyalında da,

Mələk gözlərinin yaşını qurut.

Mən səni qəlbimdə sirr saxlayacam,

Sən məni unutsan indidən unut.

ŞÜKÜR

Harama əlini uzatma qəti,

Kişiyə yaraşmaz burax qeybəti.

Nəyinə gərəkdi min cür neməti,

Bu gün qaynatdığın qazana şükür

Qapıl səcdəsinə,duaya bağlan,

İmanla ömür sür,həyaya bağlan.

Dünyaya aldanma,Xudaya bağlan,

Beş kərə oxunan azana şükür.

Çoxları nə bilər,necədir halın,

Bəxti yazmaq üçün varaqdı alın,

Elə gileylənmə,ay qadan alım!

Denən taleyimi yazana şükür.

ALLAH

Zəhmət çəksən ümidli ol,

Verməz haqqı bada,Allah!

Bir tək ona təvəkkül et,

Möhtac etməz yada Allah!

Mərhəmət et,könül qırma,

Qıybət edib,ara vurma,

Alnı səcdədən ayırma,

Yetişəndir dada,Allah!

Quyu qazıb özgəsinə,

Təkəbbürlə döymə sinə.

Şəkk gətirmə bu haqq dinə,

Atar səni oda,Allah.

Mən zavallı çəksəm qada,

Qəmi sevinc edər Xuda.

Bu dünyada,o dünyada,

Bir dostum var,o da,Allah!

İnsan

Vaxt şütüyür, ömür qaçır,

Fikir başdan dəlik açır.

Qəm ürəyə qəlpə saçır,

Nə aslandır, nə şir insan.

Zaman özü bir möhlətdi,

Yalan sözsüz xəyanətdi.

Günüm şeytana lənətdi,

Fəqət qəlbə dəyir insan

Yığışmır bəndə haqq yola,

İnsaf eyləmir qul qula

Tamah adlı pis xəyala

Bel büküb,baş əyir insan

Daşlasın məni

Yusun yağmurlar dünyanı,

Çisginlər yaşlasın məni.

Mən şeytana daş atıram,

Şeytan da daşlasın məni.

Ömür çatlamış quru lək,

Zaman xırda gözlü ələk.

Məzluma göz dikən fələk

Hədəfə tuşlasın məni.

Əqidəmdir yoxum,varım

Olmasa da milyonlarım.

Haqqa itsə etibarım,

Dar ağacdan asın məni!

Möcüzədir yerim göyüm

Sirləri var düyüm-düyüm.

Qıyıb tər qönçə üzdüyüm,

Güllər bağışlasın məni.

Dəyməz

Yanar odda bir ləhzədə

Yüz quru bir, yaşa dəyməz.

Qəmlə keçən fəsli bahar

Bol nəşəli qışa dəyməz.

Dərddir adamı yuxaldan,

Dərki həyatı çoxaldan.

Adam var ki,baş ucaldan

Adam var quruşa dəyməz.

Bu aləmdə söykək yerin

Kim olubdur düşün dərin.

Seçdiyin o,-hədəflərin

Hər bir vədə tuşa dəyməz.

Nicat, bağlan doğru yola,

Çox boylanma sağa-sola.

Milyon varlı dostun ola

Bir kasıb qardaşa dəyməz.

Nicat Novruzoğlu

İSMAYILLI ŞAİR

Digər xəbərlər