Ümummilli Lider Heydər Əliyev bildirmişdir: “Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır.” Dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin diqqətində olub. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirildi. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanılmışdır.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev daim bu çağırışı edirdi ki, Azərbaycan gəncləri dilimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi öyrənməli, inkişaf etdirməli və qorumalıdır. Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. O, vurğulayırdı ki, Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.
Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik ruhuna, milli düşüncəyə malik, ölkənin ictimai-siyasi həyatında rolu artan gənclər ordusu formalaşıb. «Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin» sözləri ilə gənclərə inamını ifadə edən Prezident İlham Əliyev bildirir ki, ən çıxılmaz vəziyyətdə belə, gənclər qətiyyətli olmalıdırlar.
Göstərilən diqqətin nəticəsidir ki, Azərbaycan gəncliyi elmi-texniki tərəqqinin sürətli inkişaf etdiyi müasir dövrümüzdə bütün sahələrdə özünü doğruldur. Ziyalı potensialı, milli sərvətimiz sayılan, mədəniyyət, incəsənət, elm və idman sahəsində böyük inamla irəliləyən gənclərimiz zəngin mədəni irsimizin qorunub saxlanması və təbliğində mühüm addımlar atırlar. «Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir» söyləyən Prezident İlham Əliyev savadına, siyasi hazırlığına, istedadına güvəndiyi gənclərin Azərbaycanın gələcəyi üçün etibarlı davamçı olacaqlarını inamla vurğulayır.
Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır. Gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini göstərir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə gənclərimiz xoşbəxt, parlaq gələcəyə doğru inamla irəliləyirlər. Elmi nailiyyətləri, aparılan islahatlarda fəallıqları, özəl sahələrdə qazandıqları nailiyyətləri ilə güclü intellektual potensiala malik olduqlarını Vətənə xidmətləri ilə bildirən Azərbaycan gəncliyi dünyada mövcud olan ən müasir texnologiyalar əsasında yeniliklərə imza atmaqda da fərqlənirlər. Mədəniyyətimizin qorunub saxlanılmasında, təbliğində milli və beynəlxalq muğam müsabiqələrinin keçirilməsi, gənclərimizin ifaçılıq məharətinin bütün müsəlman ölkələrinin təmsilçiləri tərəfindən yüksək dəyərləndirilməsi ölkəmizdə davam etdirilən gənclər siyasətinin uğurudur. Dördüncü Sənaye İnqilabı ilə bağlı olan yeniliklər, ilk növbədə, Azərbaycanda gənclər tərəfindən mənimsənilir və gənclər xətti ilə bu siyasət icra olunur. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Bu gün gənclərimiz qalib Azərbaycanın uğurları ilə qürur duyurlar.
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri