PDF Oxu

Siyasət

  • 801

Şuşa – Azərbaycanın, Türk və İslam dünyasının mədəniyyət paytaxtı - ŞƏRH

Şuşa – Azərbaycanın, Türk və İslam dünyasının mədəniyyət paytaxtı - ŞƏRH

Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai və siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Əsrlər boyu bu qala-şəhərdə musiqi, poeziya, memarlıq, xalçaçılıq və maarifçilik inkişaf edib. Təsadüfi deyil ki, Şuşa haqlı olaraq “Qafqazın konservatoriyası” adlandırılır. Azadlıqdan sonra Şuşanın bu tarixi missiyası rəsmi statuslarla təsdiqləndi və şəhər yenidən Azərbaycanın, eləcə də Türk və İslam dünyasının mədəni mərkəzinə çevrildi.

Şuşanın mədəni zənginliyi onun tarixindən qaynaqlanır. 1752-ci ildə Pənahəli xan tərəfindən əsası qoyulan şəhər Qarabağ xanlığının paytaxtı kimi sürətlə inkişaf etdi. XIX əsrdə burada mətbəələr, məktəblər, teatr tamaşaları və ədəbi məclislər fəaliyyət göstərirdi. Xan qızı Natəvan “Məclisi-üns”, Mir Möhsün Nəvvab isə “Məclisi-fəramuşan” ədəbi məclislərinə rəhbərlik edirdilər. Molla Pənah Vaqif Azərbaycan poeziyasında realizmin banilərindən biri kimi ədəbiyyat tariximizdə xüsusi yer tutur. Şuşanın musiqi mühitində Şərqdə ilk opera olan “Leyli və Məcnun”un müəllifi Üzeyir Hacıbəyli, Azərbaycan vokal məktəbinin banisi Bülbül, böyük xanəndələr Cabbar Qaryağdıoğlu və Xan Şuşinski yetişiblər. Şuşa Azərbaycan muğam sənətinin beşiyi sayılır.
Şəhərin memarlıq irsi də heyrətamizdir. XIX əsrin görkəmli memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilən Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Saatlı, Çöl Qala və Mamayı məscidləri, Mehmandarovların malikanə kompleksi, Pənahəli xanın sarayı və qala divarları Şuşanın tarixi simasını formalaşdırır. Təəssüf ki, işğal illərində bu abidələr dağıdıldı, talan edildi, şəhərin Azərbaycan kimliyi silinməyə çalışıldı. Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin büstləri belə gülləbaran edildi. Bu gün həmin büstlər Şuşaya qaytarılaraq vandalizmin canlı şahidi kimi nümayiş olunur və şəhərə gələn bütün yüksək qonaqlar onları öz gözləri ilə görürlər.
Azadlıqdan sonra Şuşanın mədəni dirçəlişi dövlət siyasətinin prioritetinə çevrildi. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Fərmanı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Daha sonra “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə şəhərin xüsusi statusu hüquqi baxımdan təsbit olundu. 2022-ci il isə Prezidentin Sərəncamı ilə ölkəmizdə “Şuşa İli” elan edildi və bu il ərzində şəhərdə çoxsaylı mədəni, elmi və beynəlxalq tədbirlər keçirildi.
Şuşanın mədəni əhəmiyyəti beynəlxalq səviyyədə də tanındı. 2023-cü ildə Şuşa Türk dünyasının mədəniyyət paytaxtı oldu və bu il ərzində Türk xalqlarının sənətkarlarını, alimlərini və yazıçılarını bir araya topladı. ISESCO isə Şuşanı 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan etdi. “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılışı 2024-cü ilin mayında VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı ilə birgə baş tutdu. Bundan əlavə, Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı kimi regionun turizm xəritəsində yeni cazibə mərkəzinə çevrilir.
Mədəni həyatın canlanmasında ənənəvi festivalların bərpası xüsusi rol oynayır. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı 2021-ci ildən yenidən Şuşada, Cıdır düzündə keçirilir. Vaqif Poeziya Günləri işğaldan sonra ilk dəfə 2021-ci ilin avqustunda yenidən Şuşada təşkil olundu. Şuşa Yaradıcılıq Mərkəzində təşkil olunan “Heydər Əliyev və Qarabağ” sərgisi, Milli Xalça Muzeyinin Şuşa filialı şəhərin mədəniyyət xəritəsini zənginləşdirir. Cıdır düzündə nümayiş olunan Qarabağ atlarının şousu isə Şuşaya gələn qonaqların ən çox heyran qaldığı mənzərələrdəndir.
Bərpa olunan ev-muzeyləri Şuşanın böyük şəxsiyyətlərinin xatirəsini yaşadır. Bülbülün ev-muzeyi 2021-ci ilin avqustunda, Üzeyir Hacıbəylinin ev-muzeyi 2024-cü ilin sentyabrında bərpadan sonra yenidən qapılarını açdı. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi yenidən quruldu. Tarixi məscidlər – Yuxarı və Aşağı Gövhər Ağa, Mamayı, Çöl Qala məscidləri bərpa olundu. 2026-cı ilin iyulunda isə məşhur tarzən Sadıqcanın evi tarix-memarlıq abidəsi kimi bərpadan sonra açıldı.
Şuşa həm də sənətkarlıq ənənələri ilə tanınır. Qarabağ xalçaçılıq məktəbi Azərbaycan xalçalarının ən zəngin və rəngarəng qollarından biridir. Şuşa xalçalarının naxışlarında təbiətin, tarixin və xalq təxəyyülünün izləri yaşayır. Milli Xalça Muzeyinin Şuşa filialı bu irsi yenidən öz vətənində təqdim edir. Bundan əlavə, Şuşa təbiəti – İsa bulağı, Xan qızı bulağı, Turşsu və Saxsı bulaqları, Topxana meşəsi, Cıdır düzünün mənzərəsi şairlərin, rəssamların və bəstəkarların əsərlərinə ilham verib. Bu gün həmin təbiət yenidən qorunur, azadlıqdan sonra Topxana meşəsində və Cıdır düzündə yeni ağaclar əkilib. Mədəniyyətin, təbiətin və tarixin bu vəhdəti Şuşanı bənzərsiz edir və onun mədəniyyət paytaxtı statusunu daha da möhkəmləndirir.
Mədəni irsin bərpası işində Heydər Əliyev Fondunun xidmətləri də xüsusi qeyd olunmalıdır. Fondun təşəbbüsü ilə Şuşanın bir sıra məscidlərində bərpa işləri aparılıb, şəhərdə sərgilər və musiqi tədbirləri təşkil olunub. Bu fəaliyyət Şuşanın mədəni həyatının sürətlə canlanmasına mühüm töhfə verir.
Şuşanın mədəniyyət paytaxtı statusu sadəcə rəmzi ad deyil. Bu, şəhərin milli və mənəvi dəyərlərimizin qoruyucusu, xalqımızın tarixi yaddaşının daşıyıcısı olduğunu təsdiqləyir. Şuşa bu gün Azərbaycanın dünyaya açılan mədəniyyət pəncərəsidir. 8 Noyabr – Şuşa şəhəri günü bizə xatırladır ki, azadlıq qazanmaq qədər, azad edilmiş torpağın mədəni irsini qorumaq və gələcək nəsillərə ötürmək də böyük məsuliyyətdir. Bu məsuliyyəti dövlətimiz və xalqımız şərəflə yerinə yetirir.

Günay Mehdiyeva,

YAP Nəsimi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər