“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatında 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, YAP Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal bələdiyyəsinin əməkdaşları, şəhid ailə üzvləri, qazilər, müharibə veteranları, YAP Yasamal rayonu ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və fəal gənclər iştirak ediblər.
Tədbirin rəsmi hissəsindən öncə Yasamal rayonunda yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunaraq kompleks önünə gül dəstələri düzülüb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev geniş və əhatəli nitqlə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin yenilməz siyasi iradəsi, uzaqgörən sərkərdəlik məharəti və şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün tam bərpa olunduğunu bildirib. B.Nəbiyev vurğulayıb ki, 44 günlük Vətən müharibəsi çoxəsrlik dövlətçilik tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının milli iftixar və qürur mənbəyinə çevrilmiş, cəmiyyətimizi Müzəffər Ali Baş Komandanın “dəmir yumruq” strategiyası ətrafında vahid bir qüvvə kimi birləşdirmişdir. Qeyd olunub ki, haqq mübarizəsində tarix yazan şanlı Ordumuz, qəhrəman əsgər və zabitlərimiz güclü dövlət, nizamlı ordu, sarsılmaz milli birlik və həmrəylik vəhdətini bütün dünyaya aydın şəkildə nümayiş etdirmişdir. Bəxtiyar Nəbiyev öz çıxışında işğaldan azad edilmiş ərazilərdə sürətlə davam etdirilən nəhəng bərpa və yenidənqurma layihələrinə diqqət çəkərək, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yürüdülən uğurlu Böyük Qayıdış proqramı nəticəsində öz doğma yurdlarının həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətlə qayıtmasının müstəsna əhəmiyyətini nəzərə çatdırıb. Eyni zamanda, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa edildiyini, bu tarixi addımın Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olunması üçün əsaslı zəmin yaratdığını diqqətə çatdırıb. B.Nəbiyev əlavə edib ki, bu Şanlı Qələbə 19 sentyabr 2024-cü il tarixində qəbul edilən “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nın təməlində dayanan ideyaların mütləq təntənəsidir. Həmin tarixi sənəd xalqımızın öz taleyinə sahib çıxmaq iradəsini rəsmiləşdirərək müstəqil dövlətin hüquqi-siyasi təməllərini daha da möhkəmləndirmişdir. 2024-cü ildən etibarən hər il 20 sentyabr tarixinin Dövlət Suverenliyi Günü kimi qeyd edildiyini bildirən təşkilat sədri, bu əlamətdar günün müstəqil Azərbaycanın şanlı tarixində əbədi yaşayacağını ifadə edib və çıxışının sonunda tədbir iştirakçılarını 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edib.
Tədbirdə çıxış edən 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayevin anası, YAP Yasamal rayonu “Hüseyn Cavid 33A” (“Bakı Metropoliteni” QSC) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Rahilə Ramazanova Azərbaycanı böyük Zəfərə aparan şanlı tarixi yolun təməlinin məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik siyasəti ilə qoyulduğunu vurğulayıb. O, nitqində bildirib ki, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş və dəqiq strategiyası sayəsində Azərbaycanın əzəli torpaqları işğaldan azad edilərək yenidən dirçəldilmişdir. Müzəffər Prezidentimizin ətrafında sıx birləşən qəhrəman xalqımız, şəhidlərimiz, qazilərimiz, əsgər və zabitlərimiz göstərdikləri vətənpərvərlik, mərdlik və dönməzliklə tariximizin ən şərəfli səhifələrini yazaraq gələcək nəsillərə örnək olmuşlar. Çıxışında şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən dövlət qayğısından söhbət açan R.Ramazanova, bu diqqətə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə edib, iştirakçıları bayram münasibətilə təbrik edib.
Çıxış edən YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov 8 Noyabr Zəfərinin tarixi, siyasi və mənəvi əhəmiyyətindən geniş bəhs edərək, bu Böyük Qələbənin əsasının Ulu Öndər Heydər Əliyevin hələ illər öncə müəyyənləşdirdiyi milli dövlətçilik konsepsiyasına və güclü ordu quruculuğu siyasətinə dayandığını vurğulayıb. M.Mərdanov qeyd edib ki, Ümummilli Liderin siyasi irsini və strateji hədəflərini uzaqgörənliklə gerçəkləşdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanı regional və qlobal miqyasda qüdrətli bir dövlətə çevirmiş, otuz illik torpaq həsrətinə son qoyaraq xalqımızın milli qürurunu tam bərpa etmişdir. O, nitqində xüsusi olaraq diqqətə çatdırıb ki, qazanılan tarixi Zəfər yalnız hərbi uğur deyil, eyni zamanda milli ideologiyamızın, sarsılmaz birliyimizin və gənc nəslin vətənpərvərlik ruhunun təntənəsidir. Bu şanlı Zəfərin yetirdiyi qəhrəmanlıq ənənələrinin gələcək nəsillərə çatdırılmasının, dövlətçilik dəyərlərimizin təbliğinin əhəmiyyətini vurğulayan Misir Mərdanov, şəhidlərimizin əziz xatirəsinin və qazilərimizin şücaətinin hər bir Azərbaycan vətəndaşı üçün əbədi ilham və fəxarət mənbəyi olduğunu bildirib, tədbir iştirakçılarına öz təbriklərini çatdırıb.
Sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Daha sonra xatirə şəkli çəkdirilib.
Tədbirdən sonra YAP Yasamal rayon təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Günü ilə əlaqədar aksiya təşkil olunub. Aksiya çərçivəsində Yasamal rayonunda yaşayan şəhid ailələri və qazilər ziyarət olunaraq onlara bayram sovqatları təqdim edilib. Şəhid ailələri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.