Mədəniyyət

  • 3 741

Sağlamlıq turizmi - TƏHLİL

image

Mülayim iqlimi, günəş şüası ilə yanaşı, bol yağışı, bəyaz qarı Azərbaycanın təbiətinə rəngarənglik qatır. Həm florası, həm də faunası ilə zəngin olan Azərbaycanın hər bir bölgəsinin təbiəti digər bölgənin təbiətindən xeyli dərəcədə fərqlənir. Belə məkana sahib olan Azərbaycan turist ölkəsi olaraq tanınıb. İstər qədim dövrlərdə, istərsə də sovet məkanında yaşadığımız zamanda Azərbaycan təbiəti, təbii sərvətləri, iqlimi, yeraltı və yerüstü sərvətləri ilə xarici vətəndaşların diqqətində olub.

Azərbaycanın ən gözəl məkanları olan Qubanın Xınalıq kəndi, İsmayıllının Lahıc qəsəbəsi, Qusarın "Şahdağ" Qış-Yay Turizm Kompleksi, Şəkidəki Kiş Alban məbədi, Şəki Xan sarayı, dənizkənarı bulvarı ilə seçilən gözəl təbiətli Astara, Şuşanın, Laçının sərin bulaqları və əzəmətli dağları və meşələri də turizm üçün əlverişli məkandır. Qobustan qaya təsvirlərini dünya miqyasında görmək istəyən çoxlu insanlar var ki, qədim insan məskənlərini görmək, onlarla tanış olmaq hamı üçün maraqlıdırlar.

Ölkəmizdə turistlər üçün diqqətçəkan məkanlar dövlət tərəfindən xüsusi tarixi əhəmiyyət daşıyan nümunələrə, qalalara, istehkamlara, məbədlərə, təbii qoruqlara diqqət və qayğı artıb. Ölkə ərazisində yerləşən bir sıra abidələrdə, Bakı şəhərində "Şirvanşahlar Saray Kompleksi", "Məhəmməd" məscidi, "Kiçik Karvansaray", "Bazar meydanı", "Məktəb-məscid", Şəki rayonunda "Şəki Xan Sarayı", qala divarları, "Kiş" alban məbədi, "Aşağı Karvansaray", "Şəkixanovların evi", Quba rayonunun Xınalıq kəndində "Əbu-Müslüm" və "Xıdır Nəbi" məscidləri, Şərur rayonunda "Qudi-Xatun" türbələri, Babək rayonunda "Əshab-ül-Kəhf" ziyarətgahı dini-mədəni abidə kompleksi, Gəncə şəhərində Nizami Gəncəvi məqbərəsi, Hacıqabul rayonunda "Pir Hüseyn" xanəgahı və digər mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri aparılıb.

Dünya turistlərinin diqqətini Azərbaycana cəlb etmək üçün müxtəlif istiqamətlərdə fəal işlər görülüb. Ölkənin turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq məqsədilə kitablar, bukletlər, disklər hazırlanıb və yayılıb, dünyanın müxtəlif televiziya kanallarında reklamlar nümayiş etdirilib.
Bu gün beynəlxalq aləmin dövlətimizə olan marağının miqyası daha da genişlənib, turizm sahəsində həyata keçirilən dövlət proqramları, layihələr bu sahəsində böyük uğurlara səbəb olub. Ölkəmizdə turizmin müxtəlif növləri inkişaf edib. Qış turizmi, yay turizminə malik olan ölkəmizdə sağlamlıq turizmi, istirahət turizmi, idman turizmi və s. mövcuddur. Öz təbii sərvətləri ilə seçilən torpaqlarımız səfalı və müalicəvi əhəmiyyətə malikdir.

PALÇIQ VULKANININ MÜALİCƏVİ ƏHƏMİYYƏTİ

Zəngin relyefə və təbiətə malik olan Azərbaycanın vulkanların sayına, müxtəlifliyinə və aktiv fəaliyyətinə görə dünya ərazisində oxşarı yoxdur. Palçıq vulkanları ekoturizmin inkişafı üçün yaxşı obyektlər hesab edilir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılıb və onlardan bəziləri təbiət abidəsi kimi formalaşıb. Bu vulkanlar ölkəmizin təbii sərvəti olmaqla yanaşı, həm də xaricdən turistlərin cəlb olunması, ekoturizmin inkişafı üçün mühüm zəmin yaradır.Palçıq vulkanı müalicəvi əhəmiyyətə də malikdir. Belə ki, vulkanların palçığından 10-dan çox xəstəliyin müalicəsində istifadə olunur. Vulkan palçığı dəri, onurğa sütunu, mədə-bağırsaq traktı, şəkərli diabet xəstəlikləri, urologiya, kosmetologiya sahələri və s. üçün faydalıdır. Azərbaycana gələn turistlər palçıq vulkanları ilə tanış olmağa meyillidirlər. Mütəxəssislərin qənaətinə görə, Azərbaycanda vulkan palçığı neftlə qarışıq olduğu üçün o daha keyfiyyətlidir, kimyəvi tərkibinə görə Naftalan nefti ilə təxminən eynidir.

Dünyada olan 1700 palçıq vulkanından 700-ü ölkəmizdədir. Əsasən, Abşeron yarımadası, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı arxipelaqındadır. Onlardan 350-si aktiv vulkandır. Azərbaycanda 2 vulkan çox nadir hallarda rast gəlinən vulkanlardan sayılır ki, bunlar Qobustandakı "Qoturdağ" və "Çeyildağ" vulkanlarıdır. Palçıq vulkanları həm müalicəvi xüsusiyyətinə, həm də maraqlı təbiət hadisəsi olduğuna görə turistlərin diqqətindədir.

DAVA-DƏRMANSIZ MÜALİCƏ "İSTİSU"

Ölkəmizdə bütün növ turizmlə yanaşı, sağlamlıq turizmin inkişafı üçün potensial böyükdür. Burada turistlər yüksəkkeyfiyyətli tibbi müalicə əldə edə bilirlər. Min bir dərdin dərmanı olan Azərbaycanın müxtəlif bölgələrində yerləşən istisu mənbələrinin, Naxçıvandakı Duzdağın, Şabrandakı Qalaaltının müalicəvi imkanlarından və s. insanlar yararlanırlar. Masallının istirahət mərkəzləri arasında "İstisu"yun öz yeri var. Buraya gələnlər dincəlməklə yanaşı, müxtəlif xəstəliklərdən də yaxa qurtarmaq imkanı əldə edirlər. "İstisu" sanatoriyası uzun illər primitiv şəkildə fəaliyyət göstərirdi. Masallı şəhərindən 13 kilometr aralıda, qərar tutmuş sanatoriya Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir. Tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Bu məhlul xəstəlikləri dava-dərmansız sağaldır. Qədim dövrlərdən yerli sakinlər bu sudan müalicə kimi istifadə ediblər. Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadları, pisarioz, germatit, neyrodermit, göbələk xəstəliyi, ekzema, böyrək və sidik yolları xəstəlikləri – pielit, uretrit, piolonefrit, habelə radikulit, prostatit, hipertoniya, qara ciyər xəstəlikləri və öd xəstəlikləri, qadın xəstəlikləri, mədə-bağırsaq ağrıları, travmatik ağrılar müalicə oluna bilər.

DUZDAĞ – SAĞLAMLIĞIN BƏRPASINDA ƏVƏZOLUNMAZ YER

Unikal müalicəvi keyfiyyətlərinə görə dünyada tanınmış Naxçıvanda yerləşən Duzdağ Fizioterapiya Mərkəzi də turistlərin sevimli istirahət və müalicə məkanıdır. Yay aylarında təbii üsullarla bronxial-astma və digər yuxarı tənəffüs yolları xəstəliklərindən müalicə olunmaq üçün Naxçıvan şəhərindən cəmi 12 kilometr məsafədə yerləşən Duzdağ Fizioterapiya Mərkəzinə müraciət edənlərin sayında hər il artım müşahidə olunur. Duzdağ sağlamlığını bərpa etmək istəyənlər üçün əvəzolunmaz yerdir. Keçən əsrin 70-ci illərində Duzdağ şaxtalarında təşkil olunmuş yeraltı müalicə mərkəzinin şöhrəti hər tərəfə yayılıb. Burada tətbiq olunan müalicə üsulu mütəxəssislər tərəfindən də yüksək qiymətləndirilir.

Ümumiyyətlə, Naxçıvanın təmiz havası ilə bərabər, Duzdağ şaxtalarında mövcud olan hava şəraiti müalicənin müsbət nəticələr verməsinə şərait yaradır. Belə ki, insanların dərinliyə enmədən birbaşa duz şaxtasına daxil olması, il ərzində havanın sabit müsbət 20 dərəcə temperaturda qalması, 24 faiz nisbi rütubət, oksigenin havadakı miqdarının 20 faiz təşkil etməsi, sıfıra bərabər hava cərəyanı və zəhərli qazların son dərəcə minimum səviyyəsi Duzdağın müalicəvi effektini artıran əsas amillərdəndir.

Görülən işlər ölkəmizin turizm potensialının daha da üzə çıxarılmasına istiqamətlənib. Azərbaycanın turizm məkanlarının coğrafiyası yaxın zamanlarda daha da genişlənib. İşğaldan azad olunan ərazilərdə turizm mərkəzləri yaradılır. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə xəstəlikləri müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdi. Zəngilan isə meşə ehtiyatı ilə zəngindir. Bütün Avropada ən böyük çinar meşəsi bu rayonda olub. Hər bir torpağımızda zəngin turizm məkanları mövcuddur. Qarabağ bölgəsinin təkrarolunmaz təbiəti, səfalı yerləri və tarixi abidələri buranı qısa bir zaman məsafəsində turizm məkanına çevirəcək.

Mövcud potensialdan səmərəli istifadə iqtisadiyyatın şaxələndirilməsini sürətləndiriləcək, turizm imkanlarımız daha da artacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər