Mədəniyyət

  • 2 380

Qarabağın inciləri: “Eşitmirsən? Cabbar oxuyur...”

image

Ona “şərq musiqisinin peyğəmbəri” deyirdilər. Səsi gələndə oturanlar ayağa qalxar, başında papaq olan papağını çıxarar, danışan susardı. Səsi qrammafon valına həkk edilən ilk azərbaycanlı xanəndə, bəstəkar, musiqi xadimi Cabbar Qaryağdıoğlu...

Azərbaycan xanəndəlik sənətinin mahir bilicisi Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşanın Seyidli məhəlləsində anadan olub. Bu məhəllə Cıdır düzünə yaxın yerləşirdi. Atası boyaqçı olub, buna görə də Cabbara da öz sənətini öyrətmək istəyib. Amma kiçik Cabbarın fikri oxumaqda idi, elə uşaqlıqdan məhəllə uşaqları ilə Qayabaşında, Qırxpilləkəndə, Ağzıyastı kahada quzu otarkən mahnı oxuyardı. Onun səsinə valeholan insanlar Cabbarı məclislərinə dəvət etməyə başlayırlar, amma atası icazə vermədiyi üçün Cabbar məclislərdə oxumağa gedə bilmir.

Bütün qəlbi ilə oxumağa aşiq olan təcrübəsiz xanəndə qonşuluqda yaşayan həkim Smirnovdan atasını razı salmağı xahiş edir. Həkim Cabbarın atasına yalan danışmalı olur, ona o dövrdə “incə xəstəlik” deyə tanınan vərəm xəstəsi diaqnozu qoyduğunu, elə buna görə də ürəyindən nə keçirsə onu etməyə icazə verməyini deyir. “Əgər oğlun oxumasa öləcək” deyən həkimə inanan Məşədi İsmayıl oğlunun ən böyük istəyinə yox demir. Beləcə, Cabbar oxumağa başlayır.

O məclislərdə oxuduqca xanəndəlik sənətinin əslində çox dərin olduğunun fərqinə varır. Səsi var, boğazı var, avazı var, amma musiqi biliyi yoxdur və 10 yaşlı oğlan bunun fərqindədir. Beləcə 10 yaşında musiqi dərslərinə başlayır, o xanəndəliyin sirlərini Mirzəli Zeynalabdinoğlundan öyrənir. 13 yaşından məclislərdə adından bəhs etdirir. Onun sənətindəki debütü 16 yaşında oxuduğu “Kürdi-Şahnaz”ı olur. Müəllimi ilə bir məclisdə bu muğamı oxuduqdan sonra dövrün ən məşhur xanəndələrindən olan Hacı Hüsü ayağa qalxır və onun alnından öpür.

Bu ifası və Hacı Hüsünün ona verdiyi dəyər Cabbarı daha da məşhurlaşdırır. Bundan sonra yeniyetmə Cabbar məşhur tarzən Sadıqcanın təklifi ilə Şuşada “Xandəmirovun teatr salonu”nda təşkil edilən xeyriyyə gecəsində çıxış edir. Oxuduğu “Heyratı” dinləyənləri sözün həqiqi mənasında heyrətə salır, onun istedadının əks-sədası tezliklə Gəncəyə, Şamaxıya, Bakıya yayılır. Onu Orta Asiyaya, İrana dəvət edirlər, şəninə məclislər qururlar, onu dinləmək üçün uzaq-uzaq diyarları qət edib gəlirlər. Azərbaycanı, qonşu ölkələri diyar-diyar gəzir, məlahətli avazı hər eldə eşidilir. Belə səfərlərinin birində, 1905-ci ildə Gəncədə tarzən Qurban Pirimovla tanış olur, kamança ustası Saşa Ohanezaşvilinin də onlara qatılmasından sonra muğam üçlüyü yaradırlar. Bu üçlük dövrünün ən tanına musiqi qrupu olur.

Cabbar Qaryağdıoğlu həm də Azərbaycan opera sənətinin ilk ifaçılarından biri kimi tariximizə düşüb. 1897-ci ildə Əbdürrəhim bəy Haqverdiyev tərəfindən Şuşada hazırlanan “Məcnun Leylinin qəbri üstündə” adı verilmiş musiqili səhnəcikdə Məcnun rolunu oynayır. Onun məzar üstündə həm xanəndəlik, həm də aktyorluq etməsi isə tamaşaçıları heyrətə salır. Beləcə o həm də operamızın ilk aktyoru olur. Sonralar Üzeyir Hacıbəyov yazırdı: “Leyli və Məcnun” operasının yazmağa mən 1907-ci ildə başlamışam, amma bu operanın yaranması fikri məndə hələ 1897-1898-ci illərdə 13 yaşımda ikən Şuşa şəhərinin həvəskarlar tərəfindən tamaşaya qoyulan “Məcnun Leylinin qəbri üstündə”ki musiqili faciəsini görərkən oyanmışdı”.

1911-ci ildə Cabbar Qaryağdıoğlu Bakıda “Nikitin qardaşlarının teatrı”nda “Fərhad və Şirin” operasının ilk tamaşasında Fərhad rolunu ifa edir. Dövrün mətbu orqanları bu barədə belə yazırdılar: “Qaryağdı Fərhadın ariyasını çox gözəl və ruh yüksəkliyi ilə oxuyurdu”. Seyid Şuşinski isə Cabbarın oxumasını belə təsvir edirdi: “Cabbar oxuyanda elə bil qüvvətli bir dağ çayı daşaraq aləmi selə-suya bürüyüb qabağına qatır”.

Qarabağın xoş avazlı xanəndəsi bütün yaradıcılığı boyunca 500-dən çox xalq mahnısına yenidən nəfəs verir. Yenidən can verdiyi qədim mahnılar onun avazı ilə yenilənir, qanadlanır. Şöhrətindən və avazından xəbər tutan Üzeyir Hacıbəyov və Müslüm Maqomayev Cabbarı konservatoriyaya dəvət edir və repertuarınmdakı mahnıları nota köçürməyi təklif edirlər. Cabbar 30-a yaxın ifasının onların notlara köçürməsinə şərait yaradır. Bu əməyinə görə ona 10 min manat qonarar təklif etsələr də, Cabbar Qaryağdıoğlu “mən xalqdan topladığımı xalqa sata bilmərəm”, - deyib puldan imtina edir.

Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri kimi də Cabbar Qaryağdıoğlu uzun illər bu mədəniyyət ocağında klassik musiqidən dərs deyərək gələcək xanəndələrin yetişməsində fədakarlıq göstərdi. Azərbaycan Dövlət Filarmoniyasında, radioda solist kimi uzun illər çalışdı. Cabbar Qaryağdıoğlu tarixə həm də səsi qrammofon valına yazılan ilk azərbaycanlı xanəndə kimi düşüb. Xanəndə 1906-1912-ci illərdə Kiyev, Moskva və Varşava şəhərlərinə dəvət alıb və orada səsi qrammofon valına yazılıb.

Onun haqqında dildən-dilə gəzən bir rəvayət də var. Özü söyləyirmiş, İrəvandakı bir toy məclisində oxuyan Cabbar Qaryağdıoğlundan bəy tərifi istəyirlər. Cabbar el mahnılarından oxuyaraq bəyi tərif edir. Amma gəlinin atası bəyin dayanmadan tərif edilməsindən xoşlanmır, Cabbardan xahiş edir ki, gəlini də vəsf etsin. O dövrdə bildiyimiz kimi, gəlinlər kişilərin olduğu mağara gələ bilmirdi. Cabbar gəlini vəsf edə bilmək üçün bir özəlliyini soruşur, ona gəlinin yanağında qoşa xalın olduğunu deyirlər. Cabbar bədahətən, elə toy məclisindəcə “İrəvanda xal qalmadı” mahnısını oxuyur. Sözləri də, bəstəsi də özünə aid bu gözəl mahnı bu gün xalq mahnısı kimi təqdim edilsə də, onun müəllifi xanəndə özü olub.

1965-ci ildə Moskvada çıxan “Pesnya i Muzıka Azerbaydjana” kitabında qeyd edilir ki, Varşavada konsert verən Cabbar Qaryağdıoğlu konsertdən əldə olunan gəlirin hamısını tələbələrə paylayır. Qayıdanbaş Moskvada öz ansamblı ilə bir aya yaxın vaxt ərzində “Şərq konserti” adı altında konsertlər verir. O dəfələrlə Osmanlı sultanlarının, İran şahlarının saraylarına dəvət alır, sultanlar, padşahlar onun səsinin vurğunu olub. Sergey Yesenin onunla görüşəndə səsinə valeh olaraq “Şərq musiqisinin peyğəmbəri” adlandırarkən necə böyük bir istedad olduğunu təsvir edir.

Ona “niyə evlənmirsən?”, - deyə soruşanlara zarafatla “evlənsəm, səsim batar”, - deyə cavab verirmiş. Şuşadan Bakıya köçəndə kirayə qaldığı mənzilin qonşuluğundakı bir qıza elçi düşür. Özündən 35 yaş kiçik olan Səlmaxatun adlı qızın atası “evi olmayana qız vermərəm” dediyi üçün Cabbar özünə 20 otağı olan böyük bir imarət tikdirir. 3 mərtəbəli imarətin inşasında sement yerinə yumurtadan istifadə edilir. Bundan sonra Səlmaxatunun atası onların evliliyinə icazə verir. Cabbarın 48 yaşı olanda qurduğu bu ailədə onların 6 qız, 2 oğul övladı doğulur.

XX əsrin əvvəllərində bu məşhur imarət Azərbaycan ziyalılarının toplaşdığı işıq, ocaq olub. M.Ə. Sabir, Əli Nəzmi, Əliağa Vahid, Qurban Pirimov, Seyid Şuşinski, Bülbül və bir çox ziyalı Cabbar Qaryağdıolunun ocağında görüşüb mədəniyyətimizin, ədəbiyyatımızın, musiqimizin tarixini yazıblar. Bu ev bir çox tanınmış mütəfəkkirin, ədibin, şirin yuvası olub. “Ay dərya kənarında bir ev tikmişəm” adlı məşhur mahnımız da bu evin şərəfinə yaranıb.

Cabbar Qaryağdıoğlunun oxuduğu yerdə heç bir xanəndə ağzını açmazdı. Ən böyük ənamlar, ən qiymətli xələtlər də vəd edilsə xanəndələr Cabbarın avazı gəlincə lal olurdular. “Niyə oxumursan?”, - deyə soruşulsa, “eşitmirsən? Cabbar oxuyur!”, - deyə cavab verirdilər. Bu, ustada, xalq musiqisinin və muğamının mahir bilicisinə verilən dəyər idi. Hətta el arasında “Cabbarın səsi gəlirsə, quşlar da susur”, - deyə məsəl də yaranmışdı.

Cabbar oxuyur, 84 il dayanmadan, yorulmadan, usanmadan. Az qala bütün ömrünü muğama. Musiqiyə həsr edib. Bəstəkar Süleyman Ələsgərov onunla bağlı bir xatirəsində yazırdı: “Dünya vokal məktəbi tarixində heç bir müğənni 70 il oxumayıb. Qaryağdıoğlunun təkrarolunmaz bir xüsusiyyətini də qeyd etmək istərdim ki, o, 84 yaşına kimi ancaq tarın “do” kökündə oxumuşdur. Bu isə ifaçılıq aləmində ağlagəlməz cəsarət, məharət və möcüzə idi”.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər