Hər şey Ermənistannın XİN başçısı Ararat Mirzoyanın ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə birgə keçirdiyi mətbuat konfransı zamanı “ölkəmizin üçüncü şəxslərin təzyiqi ilə Konstitusiyanın dəyişdirilməsinə heç vaxt əməl etmədiyi və etməyəcəyi” barədə bəyanatından sonra başladı. Mirzoyan daxili auditoriyaya hesablanmış ritorikası ilə özünü və ölkəsini təriflədi, hətta bundan sonra daha qətiyyətli olacağını demək cəsarəti də tapdı. Sizcə, bu nəyə hesablanmış gediş idi, niyə məhz ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşündən sonra, jurnalistlər önündə dedi bu fikri? Səsəbsiz, məqsədsiz heç nə olmur. Necə ola bilər ki, iki gün öncə Ermənistanın Baş naziri Paşinyanın ölkəsində referenduma hazırlıqla bağlı verdiyi açıqlamasını Mirzoyan təkzib etsin? Bunun məhz seçkiqabağı bir gediş olduğunu ekspertlərin əksəriyyəti qəbul edir.
Dünya erməniləri, xüsusən də erməni mətbuatı Mirzoyanın timsalında verilən cavabı bir qələbə anonsu kimi tirajlamaqdadırlar. “Bu, dünyada milyonlarla ermənini narahat edən suallara çoxdan gözlənilən cavab kimi səsləndi. Uzun müddətdən sonra ilk dəfə olaraq ölkə rəhbərliyinin səsi onların gözlədiyi tonda – ləyaqət, məsuliyyət və milli özünə hörmət tonu kimi səsləndi”. “Armenianreport”un şərhində deyilir. Əlavə olaraq qeyd edilir ki: “Azərbaycanla danışıqlar prosesinin əvvəlindən Bakı israrla Ermənistan konstitusiyasına dəyişiklik edilməsinin, daha dəqiq desək, “Qarabağ respublikası”nın hər hansı qeydinin çıxarılmasının zəruriliyini irəli sürüb. Bu cür tələblər suveren dövlətin daxili işlərinə birbaşa müdaxilə kimi səslənir və beynəlxalq hüquqa etinasızlığı nümayiş etdirir. Reallıqda bu, “sülh” qayğısı yox, onilliklər boyu xalqın taleyini formalaşdıran məsələni erməni siyasi yaddaşından tamamilə silmək cəhdidir. Bakı sadəcə olaraq diplomatik oyunda qalib gəlməyə deyil, İrəvana məğlub olan, öz prinsiplərindən açıq şəkildə imtina etməli olan bir tərəfin davranışını sırımağa çalışır. Ancaq tarix bizə öyrədir: təcavüzkara güzəştlər sülhə gətirib çıxarmır, yeni tələblərə səbəb olur”.İndi söhbətin nədən getdiyini anladınızmı? Ermənistan rəhbərliyinin Azərbaycanın haqlı tələbinə düzəliş vermək cəhdinə ermənilərin hansı reaksiya verdiyinə siz də şahidlik edin. Mirzoyan və bütün erməniləri bilməmiş deyillər ki, Azərbaycana ərazi iddialarını Ana yasasında təsbit edən və onu dəyişmək istəməyən ölkə ilə sülhü biz də istəmirik. Bir də, Ermənistandan soruşan varmı ki, konstitusiya dəyişikliyinə gedirsən, ya yox? Ermənistan müqaviləsinin imzalanmasını əngəlləyən bütün neqativləri silməli, iddialarından birdəfəlik əl çəkməli, maneələri sıfırlamalıdır. Əks halda, İrəvan sülh masasını hələ çox gözləməli olacaq.Ararat Mirzoyan “Azərbaycanda saxlanılan erməni məhbusların azad edilməsinin zəruriliyi” ilə bağlı bəyanat verir. Həmin şəxsləri günahsız adlandırır. Amma XİN başçısı beynəlxalq qanunları, BMT sənədlərini yada salsa, Təhlükəsizlik Şurasının 4 qətnaməsini bir daha oxusa idi, yəqin ki, ATƏT-in fəaliyyətdə olan sədrinə yalan danışmazdı. Buna diplomatiyada çahillik deyirlər. Bakıda məhkəmələri keçirilən qondarma qurumun hərbi-siyasi rəhbərləri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilirlər.
Rəsmi mövqe və daxili suverenlik prinsipi
Mirzoyan vurğulayır ki, Konstitusiyanın dəyişdirilməsi və ya yeni Konstitusiyanın qəbul edilməsi Ermənistan xalqının səlahiyyəti, daxili siyasi məsələdir. Xarici tərəflərlə heç bir öhdəlik götürülməyib. Onun sözlərinə görə, bu məsələ Ermənistan ilə Azərbaycan arasında danışıqlarda “birgə razılaşdırılmış gündəmdə” deyil. Yəni Bakı həmin tələbi sülh müqaviləsinin imzalanması üçün şərt kimi qoyur, amma İrəvan bunu qəbul etmir. Azərbaycan tərəfi Ermənistanın Konstitusiyasında müəyyən “plebmissiya” (preamble, giriş hissəsi) və ya “İstiqlal Bəyannaməsinə” istinad edilməsinin Qarabağla bağlı ərazi iddialarına yol aça biləcəyini əsas gətirərək, bu istinadların aradan qaldırılmasını tələb edir. Azərbaycan tərəfi bu tələbin sülh müqaviləsinin ratifikasiyasından əvvəl yerinə yetirilməsini istəyir. Mirzoyan bildirir ki, Konstitusiya mətnində hüquqi olaraq Azərbaycan ərazi bütövlüyünü zərbə altına alan heç bir müddəa yoxdur. Giriş hissəsindəki İstiqlal Bəyannaməsinə istinad — hüquqi normallıq baxımından Konstitusiyanın əsas (rəsmi) hissəsi kimi şərh edilməlidir, lakin hazırkı Konstitusiya mətnində bu cür açıq ərazi iddiaları yoxdur. Ermənistan üçün Konstitusiyanın xaricdən gələn tələblə dəyişdirilməsi daxili siyasi baxımdan çətinliklər, prestij itkisi, milli suverenlik hissinin zədələnməsi kimi təsirləri ola bilər.Dəyişikliklərin referenduma çıxarılması, ictimai müzakirələr, qanunverici prosedurlar kimi mürəkkəb prosesləri tələb etməsi — yəni sürətli və “qarşı tərəfdən tələb olunan” formatda dəyişikliklər üçün vaxt və siyasi konsensus problemləri var. Ermənistan hökuməti bu mövzuda beynəlxalq ictimaiyyətə mesaj vermək istəyir ki, onlar sülh müqaviləsini istəsələr də, milli Konstitusiyanın əsas prinsiplərinə hörmət edirlər və heç bir məcburiyyət altına düşmək istəmirlər. Əlbəttə, yuxarıda dediyimiz kimi, Ermənistanın indiki hökuməti 8 aydan sonar keçiriləcək parlament seçkilərində qələbə qazanmağa ümidlidirlər. Seçkilərə qədər konstitusiya dəyişikliyi isə avtomatik olaraq onların məğlubiyyətini təmin edəcək.Baş naziri Nikol Paşinyan da bunu əvvəllər qeyd edib ki, yeni geosiyasi şəraitə uyğun olaraq Konstitusiyanın yenidən işlənməsi fikri var, lakin bu fikir xarici təzyiqə cavab kimi deyil, daxili islahat kimi nəzərdə tutulur. Ayrıca, Konstitusiyada olan bəyanatlarla real hüquqi müddəaların arasındakı fərqə diqqət yetirilir — bəyanatlar bir səviyyədir, müvafiq hüquqi məsuliyyət və ya hüquqi təsir daşıyan hissə isə başqa. Ermənistan tərəfi bu iki məsələni fərqləndirməyə çalışır. Nəticədə, Mirzoyanın fikrinin arxasında duran ən əsas arqumentlər bunlardır: Konstitusiya dəyişikliklərinin tamamilə daxili məsələ olması və heç bir xarici tərəflə öhdəlik götürülməməsi, Azərbaycan tərəfinin tələblərinin siyasi və diplomatik təzyiq xarakteri daşıması, Ermənistanın Konstitusiyasında iddiaedici müddəaların olmadığı, ya da məhkəmə yolları ilə tənzimlənə biləcəyi düşüncəsi, dəyişikliklərin sadəcə sülh müqaviləsi imzalamaq üçün “pretsedent” kimi qoyulmasının qəbul edilməməsi.
Azərbaycan haqlı tələbi
Azərbaycan hökuməti Ermənistan Konstitusiyasında “Ərazi bütövlüyünə təhlükə” kimi görülən müddəaların aradan qaldırılmasını — xüsusilə Konstitusiya girişində (“preamble”) 1990-cı il Ermənistanın müstəqillik bəyannaməsinə və 1989-cu il Sovet dönəmində Qarabağla (“Artsax”) bağlı birləşmə çağırışlarına istinadlara - dəyişiklik üçün vacib şərt kimi təqdim edir. Azərbaycan Xarici İşlər Nazirliyi dəyişiklik tələbinin sülh müqaviləsinin imzalanması üçün “legitim” və “təxirə salınmaz” şərt olduğunu vurğulayır.Erməni ekspertlərin fikirləri isə bunlardır. Onnik Krikoryan deyib ki, az sayda ekspertlər Ermənistanın yeni Konstitusiyanın hazırlanacağını və preambulanın (giriş hissəsinin) dəyişdiriləcəyini hesab edirlər. Onun fikrincə, bu dəyişikliyin ictimai qəbulu Ermənistan üçün əsas maneədir. Armen Mazmanyan (konstitusiya hüquqşünası) isə xəbərdarlıq edir ki, Ermənistan cəmiyyəti artıq çox qütbləşib, belə məqamda Konstitusiyaya ciddi dəyişikliklər etmək riski daha da böyüyən daxili qarşıdurmalara səbəb ola bilər. Mazmanyan deyir ki, bu, həm siyasi legitimitə, həm qərarların qəbul edilməsi baxımından problemlər yarada bilər.
Mümkün ssenarilər
Bəs, Ermənistanın Konstitusiyasında dəyişiklik məsələsində real ssenarilər hansı ola bilər? İlk versiya sülh müqaviləsinin Konstitusiya Məhkəməsi tərəfindən qiymətləndirilməsi və uyğun olmadığı halda dəyişiklik təşəbbüsüdür. Bu ssenari Paşinyanın belə bir yol tutma ehtimalını göstərir ki, sülh müqaviləsi imzalandıqdan sonra, məhkəmə “uyğunsuzluq” aşkar etsə, Konstitusiyada lazım gələn dəyişikliklər olsun. Beləliklə, Ermənistan həm sülh müqaviləsini əldə etmiş olar, həm də Konstitusiyaya uyğunluğu təmin etmiş olar. Məsələn, bu proses referenduma çıxarıla bilər, lakin referendumun nəticəsi ictimaiyyətin sülh müqaviləsinin detallarından asılı olacaq. Həmçinin, müxalifət və ictimai tərəflərin etirazları artacaq.
İkinci versiya tam yeni Konstitusiya layihəsinin hazırlanması və referendumla qəbul edilməsidir. Paşinyan və hökumət bir neçə dəfə bildirib ki, yeni Konstitusiya üzərində iş gedir və 2026-cı ilin parlament seçkilərinə qədər, ya da onlara yaxın vaxtlarda bu sənəd hazır ola bilər. Yeni Konstitusiya müzakirələrinin legitimliyi artırmaq, daxili siyasi stabilliyi təmin etmək məqsədi daşıya bilər. Yeni Konstitusiyanın mətnində nə qədər dəyişiklik edilsə də, ictimai inam və legitimlik məsələləri - xüsusilə “xarici şərt kimi” qəbul edilməməsi - hələ də açıq qalır. Dəyişikliklərdən sonra yeni narazılıqlar yarana bilər.
Üçüncü versiya kifayət qədər məhdud dəyişikliklər (preambulanın redaktəsi və mətnin aydınlaşdırılması) ola bilər. Əgər əsas problem girişdəki bəyanatlardırsa, bu hissə dəyişdirilə bilər ki, “ərazi iddiaları” kimi təfsir edilən hissələr aradan qaldırılsın və ya aydınlaşdırılsın. Bu, Azərbaycanla sülh imzalanmasına maneə olan formal məqamları aradan qaldırmaq üçün daha asan yol ola bilər. Lakin belə dəyişikliklər müxalifət və cəmiyyət arasında “nə qədər yetərli” olduğu sualını doğuracaq. Ayrıca, belə bir redaktə tam sülhün təmin edilməsinə kifayət etməyəcəyini düşən tərəflər olacaq.
Dördüncü versiya dəyişikliklərin referenduma çıxarılması, lakin uğursuz nəticədir. Hökumət dəyişiklikləri referendumla təsdiq etdirmək istəyə bilər. Lakin ictimai rəydə sonradan ciddi narazılıq olarsa, referendum uğursuzluqla nəticələnə bilər. Bu, sülh prosesinə ziyan vura bilər, hakimiyyətin legitimliyini sarsıda bilər. Referendumun keçməsi üçün ictimaiyyətin inamı vacibdir. Kampaniyaların ədalətli aparılması, mətbuat azadlığı və müxalifət iştirakının təmin olunması şərtdir. Əks halda, nəticə siyasi böhrana gətirib çıxara bilər.
Risklər və perspektivlər də var. Konstitusiyada dəyişikliklər, xüsusilə də “territorial iddialar”la bağlı məsələlər, Ermənistan cəmiyyətində güclü emosional rezonans doğurur. Qütbləşmə artarsa, hakimiyyət və müxalifət arasında siyasi gərginliklər yarana bilər. Əgər dəyişikliklər xarici təzyiq nəticəsində və yaxud sülh müqaviləsini imzalamaq tələbi kimi xarakter alarsa, bu, hakimiyyətin etibarlılığına mənfi təsir göstərə bilər. Bakının tələbləri ilə Ermənistanın daxili prosesləri arasında zaman fərqi və bürokratik maneələr sülh müqaviləsinin imzalanmasını gecikdirə bilər. Qərb ölkələri və beynəlxalq təşkilatlar sülh prosesini dəstəkləyir, lakin “preşərtlər”in sülhə mane olmaması lazım olduğunu vurğulayırlar. Belə hallarda Ermənistan xarici tərəfdən dəstək almağa çalışacaq, lakin eyni zamanda suverenliyi ilə bağlı narahatlıqları da diqqətə almalıdır.
Paşinyan erməni kilsəsinə hücum edir
Erməni Apostol Kilsəsinin (EAK) rəhbəri katolikos II Qareginin qardaşı oğlu ən azı iki ay həbsdə yatacaq. Ölkə hakimiyyəti onu seçki prosesinə müdaxilə etməkdə və tabeliyində olanları müxalifətin mitinqlərində iştirak etməyə məcbur etməkdə ittiham edir. Dünyəvi hakimiyyətin ruhani hakimiyyətə hücumu bütün yeparxiyanı iflic vəziyyətinə salıb. İrəvan Şəhər Birinci İnstansiya Cinayət Məhkəməsi Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının rəhbəri yepiskop Mkrtiç Proşyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Hüquq-mühafizə orqanları onu seçki hüquqlarının həyata keçirilməsinə və seçki komissiyalarının işinə mane olmaqda (6 ilədək həbs), habelə insanları mitinqlərdə iştiraka məcbur etməkdə (beş ilədək azadlıqdan məhrum etmə) ittiham edir.Ovannavank kilsəsinin rəhbəri keşiş Aram Asatryanın İctimai Televiziyada verdiyi açıqlama ilə bağlı “Məlumatlı Vətəndaşlar Birliyi” ictimai təşkilatının hesabatı əsasında cinayət işi açılıb. Din xadimi 2021-ci ildə müxalifətin mitinqlərinə öz istəyi ilə deyil, yuxarıların göstərişi ilə qatıldığını bildirib. "Arxiyepiskop Mkrtiçin işi o qədər "dövlət əhəmiyyətlidir" ki, onun üçün yaradılmış istintaq qrupu 54 müstəntiqdən ibarətdir. 54 müstəntiq Erməni Apostol Kilsəsinə aid məsələlər üzərində işləyir və heç nəyi şansa buraxmır", - yepiskopun vəkili Yepiskop Yerem Sarkisyan bildirib. O əlavə edib ki, bu, Ermənistan üçün görünməmiş haldır.Bununla belə, Proşyan adi yepiskop deyil, katolikosun qardaşı oğludur. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan son bir neçə aydır ki, II Qaregini istefaya məcbur etməyə çalışır, onu korrupsiyada və subaylıq andını pozmaqda ittiham edir və dövlət çevrilişinə cəhddə iştirakına eyham vurur. Proşyan oktyabrın 15-də səhər tezdən saxlanılıb. Ondan başqa, 12 din xadimi, bir mühasib, bir xəzinədar və Araqatsotn yeparxiyasının məmuru da həbs edilib. Muğnidəki Müqəddəs Gevork kilsəsinin rektoru, Araqatsotn yeparxiyasının kanserliyinin rəhbəri, keşiş Qaregin Arsenyan bir aydır ki, həbs edilib. Təhlükəsizlik rəsmiləri hesab edir ki, o, cinayətlərin törədilməsində Proşyana kömək edib. Qalan məhbuslara şahid statusu verilib. “Araqotn yeparxiyasının başçısı, keşişlər və yeparxiya əməkdaşlarının qanunsuz cinayət təqibi hakimiyyətin başlatdığı kilsə əleyhinə təşkil olunmuş kampaniyanın növbəti təzahürüdür”. Erməni Apostol Kilsəsinin katolikosu II Karekinin mətbuat xidməti bəyan edib: “Bu cür qınaq obyekti açıq-aşkar bir qərəzli məqsəd güdür: kilsənin normal fəaliyyətini iflic etmək, onun nüfuzunu sarsıtmaq, ruhanilər, möminlər və geniş ictimaiyyət arasında qorxu və təşviş mühiti səpmək”.Bundan başqa, Erməni Apostol Kilsəsi hesab edir ki, Ermənistan hakimiyyəti bu cür repressiv tədbirlərdən istifadə etməklə dini etiqad azadlığı hüququnu kobud surətdə pozur, dindarların dini hisslərini təhqir edir, nifrət və ədavət toxumu səpməkdə davam edir, sosial parçalanmanı dərinləşdirir. Buna baxmayaraq, kilsə öz parishionerlərini təxribatlara boyun əyməməyə və keşişləri qorumağa çağırır. Öz növbəsində səlahiyyətlilər Proşyanın evində aparılan axtarışın nəticələri barədə məlumat veriblər. Təhlükəsizlik qüvvələri avro, dollar, rubl və dram bağlamaları aşkar ediblər. Baş nazirin aparat rəhbəri Arayik Arutyunyan əməliyyat fotolarından birində mövhumata görə uğurlar gətirməli olan iki dollarlıq əskinasa diqqət çəkib. "Bu insanlar Allaha inanmaq əvəzinə boş şeylərə inandıqları halda necə dəli olmayasan! Onlar İsa Məsihin davamçıları deyil, onlar Ceffersonun (iki dollarlıq əskinasda təsvir olunan üçüncü ABŞ prezidenti) davamçılarıdır", - Arutyunyan bildirib.Politoloq Tiqran Köçəryan hesab edir ki, hakimiyyət katolikosun ətrafını həbs etməklə kifayətlənəcək, lakin onu şəxsən hədəfə götürməyəcək. "Erməni ənənələrinə görə II Qareginə birbaşa hücum etmək çətindir. Bunun əvəzində Paşinyan, məsələn, "Ermənistan Apostol Kilsəsi" adlanacaq alternativ kilsə yaratmağa cəhd edə bilər. Üstəlik, bu təşkilatın rəhbəri baş nazirlə razılaşdırılacaqdı, biz artıq Konstantinopol Erməni Patriarxlığının fəaliyyət göstərdiyi Türkiyədə də buna bənzər bir şey görürük”, - deyə Köçəryan bildirib.Üç erməni apostol kilsəsinin yeparxiyasının rəhbərləri hazırda dəmir barmaqlıqlar arxasındadır: Araqatsotndan Proşyan, Şirakdan Mikael Ajapaxyan və Tavuşdan Baqrat Qalstanyan. Ajapaxyan artıq dövlət çevrilişinə çağırışa görə 2 il, Qalstanyan isə üsyan hazırlamağa görə 15 ilə qədər həbs cəzası alıb.Kilsənin müdafiəsi üçün ilk çıxış edənlərdən olan oliqarx Samvel Karapetyan bəyan edib ki, parlament müxalifəti Paşinyanı sakitləşdirə bilməsə, başqa üsullara əl atacaq. Buna cavab olaraq Ermənistan hakimiyyəti Karapetyanı dövlət çevrilişinə çağırışda ittiham edib və həbs edib. Onu 5 ilə qədər həbs gözləyir. O, artıq 110 gündən çox dəmir barmaqlıqlar arxasında yatıb və oktyabrın 15-də onun həbs müddəti daha bir ay uzadılıb. Karapetyan həbsdə olduğu müddətdə Paşinyan ona məxsus olan Ermənistanın Elektrik Şəbəkələrinin milliləşdirilməsi prosesinə başlayıb.
V.VƏLİYEV