Mədəniyyət

  • 3 180

Həsən Seyidbəylinin nəsri haqqında ilk tədqiqat əsəri

image
Filologiya üzrə fəlsəfə doktoru Baba Babayevin bu günlərdə çapdan çıxmış "Həsən Seyidbəylinin bədii nəsri" monoqrafiyası ədəbiyyatşünaslığımızda ilk sistemli tədqiqat əsəri olmaqla yazıçının 90 illik yubiley tədbirləri ərəfəsində onun yaradıcılığına qiymətli ərməğandır. Monoqrafiyada XX əsrdə Azərbaycanın yaradıcı şəxsiyyətlərindən biri Həsən Seyidbəylinin ədəbi fəaliyyəti tədqiq olunur. Mövzunun aktuallığı bir sənətkarın yaradıcılığı olsa da, problemli yanaşma predmeti genişdir. Həsən Seyidbəylinin mənsub olduğu ədəbi proses təsviri planda xatırladılmış, dövrün ədəbi-sosial şəraiti öyrənilmiş, bədii nəsrin təkamül prosesi, təbii və ziqzaqlı cəhətləri, vulqar xüsusiyyətləri ilə birlikdə göstərilmiş, bədii nəsr sahəsində epik, lirik-psixoloji nəsrin dinamikası izlənilmiş və bu fonda Həsən Seyidbəyli nəsrinin ümumi və fərdi analizi aparılmış, yeri olduqca ədəbiyyat və incəsənət tariximizin ədəbi-nəzəri təcrübəsinə istinad edilmiş, ədəbi-tənqidi fikrimizin görkəmli nümayəndələrinin əsərlərinə, monoqrafiya və məqalələrinə nəzər yetirilmiş, bir sözlə, mövzu-problem obyekti ətraflı öyrənilmişdir.
Monoqrafiyada alimin məqsədi H.Seyidbəylinin XX əsr Azərbaycan ədəbiyyatındakı yerini və mövqeyini müəyyənləşdirərkən, sənətkarın yaşadığı mühiti, həyatı, nasir, dramaturq, publisist, kinorejissor fəaliyyəti təhlil obyekti kimi araşdırılmışdır.
Baba Babayev problemin qoyuluşunu və həllini, mühüm elmi nəticələrini əldə edərkən ədəbi-metodoloji dəyərləndirmə olaraq tarixi-müqayisəli metoddan çox, təsviri-publisistik üsluba üstünlük vermiş, məqsəd və vəzifələrin icrasına uğurla nail olmuşdur. Monoqrafiya müəllifi tədqiqatın I fəslində yazıçı və dramaturqun ədəbi-sosial mühitini, həyat və yaradıcılığını öyrənmiş, məsələ ilə bağlı arxiv materiallarına da istinad etmişdir. Ədəbiyyatşünas bu məcrada H.Seyidbəylinin 1950-1980-ci illərdəki ədəbi-mədəni fəaliyyətinin əsaslarını sintez və analiz etmiş, kitablarını təhlil predmeti etmişdir. Bütün bunlar daha çox məsələnin xarakterindən asılı olaraq təsvir-təhkiyə planındadır. Baba Babayevin tədqiqlərində "Qiymətli damcılar" hekayələr kitabı, "Kür sahilində" oçerklər kitabına verdiyi təfsirlər ədəbi proses fonunda olub, hətta yeri olduqca dövrün partiya, plenum, qurultay qətnamələrinə, ədəbiyyat sahəsində irəli sürülmüş qərarlara da istinad edir. O, bədii əsərlərin təhlilini qiymətləndirmə və dəyərləndirmədən çox, təsvir-təqdimat planında xronika olaraq şərh edir. Fikir və məntiqini ədəbi-tənqidin H.Seyidbəyli, habelə, mövcud ədəbi prosesə verdiyi elmi-nəzəri qiymətlə əsaslandırır, möhkəmləndirir.
Monoqrafiyanın II fəsli H.Seyidbəylinin yaradıcılıq axtarışlarını, ilk nəsr əsərləri, hekayələrinin tədqiqini ehtiva edir. Alim bu hekayələrin təhlili prosesində onların təhkiyə üslubundakı çatışmazlıqları da həssaslıqla duyub ifadə etmişdir. Göstərmişdir ki, bu hekayələrdə obraz rəngarəngliyi də duyulandır, real-psixoloji təbiilik bəzən azlıq da edir, dialoqlardakı yığcamlıq da, hisslərdəki psixoloji təbiilik də bəzən gözlənilmir. Bununla belə, həmin hekayələr yığcam və oxunaqlıdır. Müəllif təhlil zamanı janrın spesifikasına münasibət bildirmiş, sosial-bədii təhlillərinə üstünlük vermişdir. Əsərlər dinamik inkişafda, xronoloji olaraq öyrənilmiş, onların əsasən çap variantlarına istinad edilmişdir. "Bizim Astarada", "Çiçək", "Telefonçu qız", "Cəbhədən-cəbhəyə", "Uzaq sahillərdə", "İllər keçir", "Tərsanə" kimi müxtəlif janrlı əsərlərin təhlili geniş olub, ədəbi-tarixi, elmi-nəzəri aspektdə öyrənilib. Yazıçının povest və romanlarının təhlilinə həsr edilmiş III fəslin tədqiqində əsərlərin dil və üslub xüsusiyyətlərinə toxunulmuş, bədii konfliktdə obrazların yeri, ədəbiyyatda vətəndaş pafosu, gerçəkliyin həyati dərki, bədii material təzəliyi, təsvir və ifadə vasitələrindəki yenilik, müsbət qəhrəmanın bədii həlli, ictimai-əxlaqi problemlərin ifadəsi və başqaları ədəbiyyatşünas alimin təhlil predmetləri kimi diqqəti cəlb edir. Müəllif bütün əsər boyu ideya axtarışında forma və məzmunu diqqət mərkəzində saxlamışdır.
Bütün fəsillərdə problemin izlənilməsi obyektiv elmi-tənqidi səciyyə daşıyır, əsərlərə elmi münasibət qaneedicidir. Baba Babayev monoqrafiyada əldə etdiyi elmi müddəaları onun nəticə hissəsində ifadə etmiş, istifadə etdiyi elmi nəzəri qaynaqları göstərmişdir.

Digər xəbərlər