PDF Oxu

Mədəniyyət

  • 2 541

70 illik Tele-Tarix: AzTV-yə kənardan baxış

image

Elçin Bayramlı

1926-cı ildə Bakıda Şərqin ilk radio verilişləri stansiyasının fəaliyyət başlamasından düz 30 il sonra- 1956-cı il fevralın 14-də Bakıda televiziya studiyası fəaliyyətə başladı. Bu televiziya da Şərqdə ilk idi.

“Sehirli güzgü”nün efirini sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək gənc aktrisa olan Nəcibə Məlikova “Göstərir Bakı!” sözləri ilə açıb və tamaşaçıları təbrik edib. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.

İlk rəhbəri Ənvər Əlibəyli olan Bakı televiziya studiyası SSRİ-də ən inkişaf etmiş televiziyalardan sayılırdı. 80-ci illərdə müxtəlif proqramlarla Mərkəzi Televiziyadakı çıxışlarına görə ittifaqda 4-cü yeri tuturdu.

1981-ci ildə tikilməsinə başlanan 310 metrlik teleqüllə dünyada ən hündür qüllələrdən biridir. Hazırda Azərbaycan televiziyasının yaydığı verilişlərə peyk və internet vasitəsilə dünyanın bütün ərazilərində baxmaq mümkündür.

1991-ci ildən sonra Azərbaycanda özəl telekompaniyalar yaranmağa başladı. Hazırda respublikada ümumrespublika yayımı olan telekanalların sayı 10-dan çoxdur. Lakin Azərbaycan televiziyası həmişə hamımız üçün sözün hər mənasında Televiziya Məbədi olaraq qalır.

Azərbaycan Televiziyası ölkəmizin, xalqımızın mədəniyyət məbədidir, vizual xəzinəsidir. Onun arxivlərində sayı-hesabı bilinməyən veriliş, kino, müxtəlif filmlər və s teleistehsallar yatır. Televiziyanın zəngin "Qızıl Fond"unda milli mədəniyyətimizin , incəsənətimizin inkişafında xüsusi xidmətləri olan insanlar haqqında çoxlu lent yazıları, görkəmli sənətkarlarımızın ifasında muğamlar, bəstəkar mahnıları, müxtəlif opera və tamaşalardan nadir parçalar qorunub saxlanır.

Həmin arxivin çox hissəsi yeni texnologiya ilə elektron daşıyıcılara köçürürüb qorunur. Onlardan bəziləri AzTV-nin rəsmi vebsaytında, internetdə, sosial şəbəkələrdə paylaşılır. Yaxşı olardı ki, hamısı internetdə yerləşdirilsin ki, ölkə və dünya tamaşaçıları üçün daha əlçatan olsun.

Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC 3 telekanaldan (AzTV, Mədəniyyət, İdman) və 2 radio kanaldan (Azərbaycan radiosu, Beynəlxalq radio) yayım həyata keçirir. QSC-nin tərkibində Televiziya Akademiyası fəaliyyət göstərir ki, burada da peşəkar kadrlar yetişdirilir.

Ana televiziyamızın üstünlüyü təkcə bunlarda deyil. Xalqın maarifləndirilməsi, onların bədii-estetik zövqünün yüksək səviyyədə formalaşması, bilik və dünyagörüşünün artırılması, milli və bəzəri dəyərlərin qorunması və dövlətçiliyin təbliğ edilməsini özündə ehtiva edən proqram siyasətindədir. Bu sözlər AzTV-nin nəzdində yaradılmış və tamaşaçıların sevimli kanalına çevrilmiş “Mədəniyyət” kanalına da aiddir.

15 il əvvəl- AzTV-nin 55 illiyində yaradılmış Mədəniyyət kanalı bir milli televiziya kimi tamaşaçıya yalnız yüksək səviyyəli verilişlər, filmlər, mahnılar və s. teleistehsallar təqdim edir.“Mədəniyyət” televiziyamızın mədəniyyətidir. Ona bircə gün baxmaq kifayətdir ki, bəzi kanallar tərəfindən krolanmış, aşağı səviyyəyə endirilmiş mədəni zövq yenidən yüksəlsin, televiziya qarşısında mədəni istirahətin nə demək olduğunu anlayasan.

Televiziyanın (ümumilikdə medianın) 3 əsas vəzifəsi məlumdur- məlumatlandırmaq, maarifləndirmək, əyləndirmək. AzTV və onun nəzdindəki digər kanallar bu vəzifələrin öhdəsindən layiqincə gəlir. Xüsusən də, maarifləndirmə işini yüksək səviyyədə yerinə yetirir. Bu sətirlərin müəllifi də dəfərlərlə Ana Televiziyamızın verilişlərində qonaq kimi çıxış edərək buna şahid olub.

Hər bir televiziyanın siması onun aparıcılarıdır. Bu baxımdan AzTV əvəzolunmazdır. Azərbaycan televiziyasının aparıcıları aydın səs tonu, səlis nitq qabiliyyəti, xoşagəlimli xarici görünüşü, yüksək efir mədəniyyəti ilə fərqlənir. Və həm kadr arxasında, həm də onların simaları arxasında görünməyən insanlar- peşəkar mütəxəssislər dayanır. Bu səbəbdən də, AzTV Azərbaycan teleməkanında Ana Televiziya statusunu layiqincə daşıyır.

Azərbaycan televiziyası 70 ildə layiqli yol keçib, xalqımızın zəngin mədəniyyətinin dünyaya çatdırılması, cəmiyyətin maarifləndirilməsi, elmin, təhsilin, humanist dəyərlərin təbliği üçün böyük əmək sərf edib.

Hazırda Ana Televiziyamıza AzTV məktəbini keçmiş əməkdar jurnalist Rövşən Məmmədov rəhbərlik edir. O, Prezident İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Keçən 6 illik müddətdə həm telekanalların, həm də radiokanalların efir siyasətində, proqram keyfiyyətində ciddi irəliləyişlər əldə olunub. Yeni, maraqlı tele və radio layihələr həyata keçirilib.

Televiziyanın xəbər siyasəti isə son vaxtlar daha yüksək səviyyədədir- xəbər süjetləri daha operativ, daha peşəkar, daha məzmunlu və daha baxımlıdır. Məhz bu səbəbdən televiziyanın sosial şəbəkə kanallarında da bu xəbərlər çox böyük sayda baxışlar qazanır.

Hazırda AzTV və onun nəzdində olan kanallar dünya standartlarına uyğun keyfiyyətdə fəaliyyət göstərir və dünyanın hər yerində izlənir.

70 illik yulibeyləri münasibətilə Ana Televiziyamızın ilk efir günündən indiyədək orda çalışmış bütün əməkdaşlarını təbrik edir, dünyasını dəyişənlərə ruhu şad olsun deyirik. Bayramınız mübarək!

Digər xəbərlər