Sənədli televiziya filmlərinin istehsalı başa çatıb
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin "Aztelefilm" Yaradıcılıq Birliyində "Qəm karvanı" və "Akademik Ziyad Səmədzadə" sənədli televiziya filmlərinin istehsalı başa çatıb. "Qəm karvanı" filmi tanınmış Azərbaycan şərqşünası, maarifçi, rus şərqşünaslıq elminin banilərindən biri olan Mirzə Kazım bəyin təzadlı və əzablı ömür yoluna həsr olunub. Film Azərbaycan və müsəlman Şərqinin tarixinin, ədəbiyyatının, dini etiqadının tədqiqində müstəsna xidmətləri olan dahi şərqşünasın gündəliyində və qızı Olqanın xatirələrində əks olunmuş faktlar əsasında qurulub. Filmin ssenari müəllifi Camal Yusifzadə, rejissoru Oqtay Əlizadə, operatoru Nəriman Şıxəliyevdir.
"Akademik Ziyad Səmədzadə" filmi isə AMEA-nın akademiki, Milli Məclisin üzvü, MM İqtisadi Siyasət Daimi Komitəsinin sədri Ziyad Səmədzadənin həyatına və elmi fəaliyyətinə həsr olunub. Çəkilişləri Bakının Buzovna qəsəbəsində, Moskvada və Pekində aparılan filmdə akademikin Moskvadan, Minskdən və Tbilisidən olan həmkarları onun haqqında öz fikirlərini bölüşüblər. Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Miri Rzayev, operatoru Adil Abbasovdur.