Əlillərin VII Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi açılıb
Əmək və əhalinin sosial müdafiəsi, mədəniyyət və turizm, təhsil nazirliklərinin dəstəyi ilə T.İsmayılov adına uşaq-gənclər yaradıcılıq sarayında Əlillərin VII Ümumrespublika Yaradıcılıq Sərgi-Müsabiqəsi açılıb.
Tədbiri giriş sözü ilə açan əlillərin sosial müdafiəsi baş idarəsinin rəisi İbrahim Heydərov bildirib ki, sərginin keçirilməsində əsas məqsəd əlillərin cəmiyyətə inteqrasiya edilməsidir. Fiziki qüsuru olan insanlar yüksək peşəkarlıqla hazırladıqları əsərləri ilə sağlam insanlardan heç də geri qalmadıqlarını göstərmək istəyiblər. Natiq qeyd edib ki, sərgidə ölkəmizin bütün regionlarından 249 müəllifin 1150 əsəri nümayiş etdirilir. Müsabiqə iştirakçılarının 154-ü qadın, 11-i Qarabağ müharibəsi əlilidir.
İ.Heydərov qeyd edib ki, bütün müsabiqə iştirakçılarına mükafatlarla yanaşı, onların yol və mehmanxana xərclərinin dövlət qurumları tərəfindən ödənilməsi nəzərdə tutulub.
Çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, Bakı şəhəri icra hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Milli Məclisin deputatı Rauf Əliyev bildiriblər ki, əlillərə diqqət və qayğı göstərilməsini hər zaman diqqət mərkəzində saxlamış Ümummilli Lider Heydər Əliyev 1997-ci ildə Əlillərin Sərgi Müsabiqəsində, 1998-ci ildə bədii yaradıcılıq müsabiqəsində iştirak edərək, dəyərli tövsiyələrini verib. Bu tövsiyələr əsasında dövlətimiz tərəfindən əlillərə göstərilən diqqət və qayğı artırılaraq, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb.
Natiqlər, həmçinin, əlillərin yaradıcılıq qabiliyyətlərinin nümayiş etdirilməsində belə sərgilərin əhəmiyyətli olduğunu vurğulayıblar. Sərgidə nümayiş etdirilən əsərlər tamaşaçıların geniş marağına səbəb olub.
Qeyd edim ki, sərgi-müsabiqə noyabrın 21-dək davam edəcək.