PDF Oxu

Mədəniyyət

  • 2 730

Naxçıvanın daş abidələri tarixin canlı şahididir

image

"Biz tarixi keçmişimizə nəzər salarkən ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla - yaradılan hər şeylə fəxr edir və bunları yaradanları daim xatırlayırıq".

Heydər Əliyev

Hər bir xalqın tarixi daş abidələrdə, kitabələrdə yaşayır. Bu abidələr xalqın keçdiyi yolun əksi, canlı tarixidir. Azərbaycanın hər bir guşəsindəki daş abidələri onun tarixindən nişanədir. Ölkəmizi qarış-qarış gəzsək, abidələrimiz bizə məmləkətimizin keşməkeşli tarixindən söz açacaqdır. Naxçıvan Muxtar Respublikasında da bu məkanın tarixini əks etdirən abidələr kifayət qədərdir. Bu abidələr bütövlükdə Azərbaycanın mədəniyyət tarixində əhəmiyyətlidir. Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Naxçıvan diyarı xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən qədim abidələr, mağaralar, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələrlə zəngindir. Bu, onun tarixinin əksdir. Ümummilli Liderimiz Heydər Əliyev Naxçıvanın hər daşının, hər qayasının tarixin canlı şahidi olduğunu bildirərək deyirdi:"Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarix-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir".

Naxçıvan Muxtar Respublikasında 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur. Bunlardan 58 abidə dünya əhəmiyyətli, 455 abidə ölkə, 649-u isə yerli əhəmiyyətlidir. Keçmişdən gələcəyə körpü rolunu oynayan və ulu babalarımızın bizə yadigar qoyduğu hər bir abidə xalqımızın qədim mədəniyyətinin göstəricisidir. "Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla - yaradılan hər şeylə fəxr edir və bunları yaradanları daim xatırlayırıq", - deyən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər görülmüşdür. 1998-ci ildə "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, tarixi abidələrin qorunması, tədqiqi və mühafizəsinin qanunvericilik qaydasında təsbit olunması bu sahədə həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirmişdir. Abidələrimizin tədqiq olunması və mədəniyyətimizin beynəlxalq miqyasda təbliği istiqamətində də ardıcıl tədbirlər həyata keçirilib. "Uluslararası qaynaqlarda Naxçıvan", "Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan", "Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi", "Naxçıvan: ilkin şəhər və Duzdağ" mövzularında beynəlxalq simpoziumların və s. keçirilməsi bu mənada mühüm əhəmiyyət daşıyır. Bu simpoziumlar alimlərimizin xarici ölkələrin aparıcı elmi müəssisə və mütəxəssislərinin iştirakı ilə Naxçıvan tarixinə, arxeologiyasına və folkloruna dair tədqiqatlar aparmasına, ekspedisiyaların təşkil olunmasına, müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələrin nəşr edilməsinə əsaslı təkan vermiş, beş minillik tarixi əhatə edən Naxçıvan şəhər mədəniyyəti tədqiq olunmuşdur.

Muxtar respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması ilə yanaşı, onların bərpası da diqqət mərkəzində saxlanılır. Son illər Möminə xatın türbəsi, Qarabağlar Memarlıq Kompleksi konservasiya edilmiş, "Əshabi-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılmış, Yusif Küseyiroğlu və Nuh türbələri, İmamzadə, Buzxana, Came məscidi, Zaviyyə mədrəsəsi, İsmayılxan hamamı, Xan Sarayı, Culfa rayonundakı Xanəgah Abidə-Kompleksi, Ordubaddakı Aza körpüsü, Qeysəriyyə və digər tarixi abidələr əsaslı bərpa olunmuşdur. Qədim qoç heykəllərini qorumaq, bu nadir nümunələri öyrənmək və təbliğ etmək məqsədilə Naxçıvan şəhərində Açıq Səma Altında Muzey yaradılmışdır.

Naxçıvanın tarixin əks etdirən abidələrə nəzər salarkən, bu tarixi abidələrin tarixin bir parçası olduğunu istər-istəməz dərk edirsən. Belə ki, Naxçıvan ərazisində mövcud olan tarixi abidələrdən - Qazma mağarası, Kilit mağarası, Oğlanqala, I Kültəpə, II Kültəpə, Şahtaxtı, Qızılburun, Quyulu dağ, Möminə xatın, Qarabağlar, Yusif Küseyiroğlu və Gülüstan türbələri, Əlincə qalası, Qədim qala, tarixi təbiət abidələrindən Əshabi-Kəhf, Haçadağ, Duzdağ, Babək qalası, Dəvəboynu və başqa yüzlərlə abidə keçmişimizi bu günə daşıyan, maddi və milli sərvətlərimizdir.

Naxçıvan abidələrindən bir neçəsinin tarixinə nəzər salsaq, bizə canlı yüzilliklərdən danışacaqdır.

NAXÇIVAN XANLARININ YAŞAYIŞ EVİ OLAN XAN SARAYI

Naxçıvan şəhərində XVIII əsrə aid tarixi-memarlıq abidəsi olan Xan Sarayı Şərq memarlıq üslubunda tikilmiş abidədir. Mənbələrdə göstərilir ki, bura XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olmuşdur. Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərli tikdirmişdir. Xan Sarayı 1998-ci ilin aprelindən Naxçıvan Xalça Muzeyi kimi fəaliyyət göstərir. Xan Sarayı kompleksində 42x8 m ölçüdə yardımçı bina, yeni inşa olunmuş hovuz, su quyusu, yaşıllıq zolaqları, bəzək və meyvə ağacları var. Bina iki mərtəbəlidir. Vaxtilə saray iki ayrı-ayrı bölmədən ibarət olub. Cənub bölmə inzibati işlər və yüksək mənsəbli qonaqların qəbulu, şimal bölmə isə xan ailəsinin yaşayışı üçün nəzərdə tutulub. Bölmələrə giriş ikimərtəbəli, balkon tipli çatma tağlı dəhlizlərdən olub. Hal-hazırda sarayda muzey yerləşdiyinə görə yalnız cənub dəhlizdən istifadə olunur.

Bölmələr arasında daxili keçid yaradılıb. Dəhlizlər əsas fasaddan qabağa çıxarıldığı üçün binaya xüsusi gözəllik verir. Dəhlizlərə qırmızı qum daşı ilə döşənmiş pilləkənlərlə qalxılır. Pilləkənlərin ətrafı kərpiclə hörülüb və ağac məhəccərlərlə bərkidilib.

Xan Sarayı 1998-ci ilin aprelindən Naxçıvan Xalça Muzeyi kimi fəaliyyət göstərir. Muzey 8 zaldan ibarətdir, bunlardan biri Naxçıvan xanlarına həsr olunmuşdur. Yaradıldığı vaxt muzeydə 359 eksponat qeydə alındığı halda, hazırda onların sayı 2000-dən (305 xalça) artıqdır. Muzeydə Gəncə-Qazax, Quba-Şirvan, Qarabağ, Təbriz-Naxçıvan xalçaçılıq məktəblərinə XVIII-XIX əsrlərə aid xalça nümunələri saxlanılır. Muzeydə məişət əşyaları - misgərlik nümunələri, saxsı və çini qablar, qədim kişi və qadın milli geyimləri də nümayiş etdirilir.

AZƏRBAYCAN TÜRKLƏRİNİN ULU BABALARINA AİD YURD YERLƏRİNİN QALIQLARI

Naxçıvanın tarixi abidələrindən söz açarkən Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında qayaüstü təsvirlər olan Gəmıqaya rəsmlərini qeyd etmək lazımdır. Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycan türklərinin ulu babalarına aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya-Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri idi. Sonralar isə buralar Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış tayfaların yaylaq yerləri olmuşdur. Elə həmin dövrlərdən buradakı qayalar üzərində müxtəlif heyvanların ovlanması səhnəsi, ayrı-ayrı işarələr və s. təsvirlər həkk edilmişdir. Tədqiqatçıların qənaətinə görə, Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 5-6 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkündür. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir. Tədqiqatlar nəticəsində Naxçıvanın qədim memarlığı üçün səciyyəvi olan dairəvi planlı yurd yerləri aşkara çıxarılmışdır. Bu qədim təsviri sənət əsərlərinin böyük əksəriyyətini heyvan rəsmləri-keçi, öküz, maral, it, bəbir, canavar və s. təşkil edir. Heyvan rəsmləri bir qayda olaraq, tək-tək, qoşa və sürü halında təsvir olunmuşdur. Gəmiqaya rəsmləri kompozisiyalarının sadə və mürəkkəbliyinə, eləcə də, süjetlərinə görə bir-birindən seçilir. Öküz rəsmləri realist üslubda, buynuzları uzun və qövsvarı əyilmiş şəkildədir. Öküz qoşulmuş araba təsvirləri də vardır. Gəmiqayada çox maraqlı piktoqrafik səciyyəli rəmzi işarələr-dairələr, dördbucaqlı, üçbucaqlı, çərxi-fələk nişanı və s. həkk olunmuşdur. Bu cür işarələr Naxçıvanda I Kültəpənin e.ə. 2-ci minilliyə aid orta Tunc dövrü təbəqəsindən əldə edilmiş gil lövhə üzərində, boyalı qablar üzərində də cızılmışdır. Gəmiqaya petroqliflərinin analoji abidələrlə müqayisəli təhlili Azərbaycanın qədim əhalisinin mənəvi mədəniyyəti və incəsənəti haqqında elmi nəticələr söyləməyə imkan verir və onların qədim Azərbaycan təsviri sənətinin Naxçıvan mədəniyyətinə aid olduğunu göstərir.

Naxçıvan tarixini özündə yaşadan kifayət qədər belə nümunələr var ki, yazılı mənbələrdə onların yaranma tarixi, tədqiqi, öyrənilməsi ilə bağlı mənəbələrə təsadüf edirik. Bu abidələr tariximizdən bizə soraq verir, neçə-neçə əsrlərdən bu günümüzə yollar açır və hər kəs bu abidələr ilə qürurlanır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vurğuladığı kimi: "Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla - yaradılan hər şeylə fəxr edir və bunları yaradanları daim xatırlayırıq".

Zümrüd BAYRAMOVA

Digər xəbərlər