PDF Oxu

Mədəniyyət

  • 6 778

Azərbaycan perspektivli turizm ölkəsidir

image

Məlum həqiqətdir ki, turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Yaradılan iqtisadi sektor özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulması ilə göstərir.

Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bu sahənin inkişafı hər bir ölkə üçün prioritet istiqamət kimi qəbul olunduğundan, Azərbaycan üçün də önəmlidir. Hər bir ölkəyə turist axınının çox olması, onun iqtisadiyyatının inkişafı deməkdir. Elə bu baxımdan, xarici valyuta axınını gətirən turizm sahəsinin inkişafına dövlət tərəfindən mühüm diqqət ayırır. Ölkəmizdə müvəffəqiyyətlə həyata keçirilən iqtisadi layihələr, dövlət proqramları Azərbaycanın son on ildə qazandığı uğurların davamlılığını şərtləndirir və ölkənin dünyada dinamik iqtisadiyyata malik ölkə kimi qiymətləndirilməsinə imkan yaradır.

Tarixən neft ölkəsi kimi tanınan Azərbaycanda turizm sektorunda müsbət dəyişikliklərlə müşahidə olunub. Ölkəmizdə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturun yaradılması sahəsində məqsədyönlü işlər görülüb. Son 12 ildə ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi dövlətin bu sahənin inkişafına xüsusi diqqət ayırdığını bir daha sübut edir.

Azərbaycanın mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin ölkəmizə səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması və sair sahələrdə məqsədyönlü tədbirlər həyata keçirilir. Coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik abidələri ilə yerli və xarici turistlərin diqqətini özünə cəlb edən regionlarda turizm nümayiş obyekti sayılan bir sıra tarix-mədəniyyət abidələrinin bərpası və mühafizəsi, mehmanxana və otellərin müasir dünya standartlarına uyğunlaşdırılması, turizm sahəsində beynəlxalq standartlara cavab verən turizm obyektlərinin tikilməsi və sair proseslər reallaşdırılır.

1999-cu ildə Ulu Öndər Heydər Əliyev tərəfindən "Turizm haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Fərman imzalandı. Bu qanun Azərbaycanda turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönələn dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi. Ümummilli Lider Heydər Əliyev tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2002-2005-ci illər üçün" Dövlət Proqramının tələblərinə uyğun olaraq, turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olundu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, turizmin inkişafının yeni mərhələsinə təkan verəcək "Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı", "2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı" və s. hazırlandı. Turizm sahəsində əldə olunan nailiyyətlər, həyata keçirilən dövlət proqramları və layihələr turizm sahəsində böyük uğurlara səbəb olub.

Son dövrlərdə ölkəmizdə turist sayının artması turizm sferasına cəlb olunan maddi, əmək və maliyyə resurslarının həcmini də artırmışdır. Bu da iqtisadiyyata öz təsirini göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə, əlbəttə, çalışmalıyıq ki, qeyri-neft sektoru bizim ixrac strukturumuzda da daha böyük çəkiyə malik olsun".

Qeyd edək ki, ilin çox hissəsini iş başında keçirən insanlar məzuniyyətə çıxan zaman, şəhərin səs-küyündən uzaq olmaq istəyir və istirahət gözəl məkana seçirlər. Məhz həmin səbəbdəndir ki, ilbəil dünyada turistlərin sayı və turizmdən qazanan valyutanın həcmi kəskin surətdə artır. Beynəlxalq Turizm Təşkilatının məlumatına görə, digər sənaye sahələri ilə müqayisədə turizm sənayesi inkişaf tempinə görə ilk yerlərdən birini tutur. Turizm DMM-in 12 faizini verir, 2002-ci ildə turizmdən əldə edilən gəlir 474 milyard dollara çatıb. Məhz turizm bir çox ölkələrə iqtisadi böhranı yumşaltmağa, iqtisadiyyatın digər sahələrini inkişaf etdirməyə imkan verir. Turizm zəruri ictimai funksiyanı yerinə yetirir, əhalinin məşğulluğunu təmin edir. Beynəlxalq Turizm Təşkilatının qiymətləndirməsinə görə, hazırda dünyada 260 milyon insan turizm işi ilə məşğuldur . Proqnozlara görə, 2020-ci ildə turistlərin sayı 1561,1 milyon nəfərə çatacaq. Ümumdünya Turizm Təşkilatı (ÜTT) mütəxəssislərinin proqnozlarına görə, 2020-ci ildə 2000-ci ilə nisbətən səyahət edən turistlərin sayı 1,6 milyard nəfərə, turizmdən əldə olunan gəlirlərin miqdarı isə 481 milyard ABŞ dollarından 2 trilyon dollara qədər artacaq. Getdikcə sayı artan turist və gələn gəlirdən, təbii ki, ölkəmizə də pay düşür. Ötən il Azərbaycana 2 milyon 300 minə yaxın turist gəlib. Bu müddətdə turizm xidmətlərindən ölkəmizin maliyyə dövriyyəsinə ən azı 1 milyard manat həcmində vəsaitlər daxil olub. "2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı" respublikamızda istifadəsiz qalan turizm-kurort obyektlərinin bərpasına və yenilərinin yaradılmasına təkan verib. Azərbaycanda turizmin inkişafı ilə bağlı 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramının uğurla icra olunması nəticəsində respublikamızda turizm sənayesi yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında" Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər "ASAN Viza" sistemi vasitəsilə elektron viza ala bilərlər. Bu sistem sənədləşmənin daha asan aparılmasına və vaxta qənaət edilməsinə şərait yaradır. Təsadüfi deyil ki, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayında əsaslı artım baş vermişdir. Təkcə cari ilin iyul ayında BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 10 073 nəfər təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 100 dəfə çoxdur. Son illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı Marketinq Strategiyasına əsaslanan təbliğat işlərinin gücləndirilməsi, 2011-ci ildən etibarən BƏƏ-də təmsilçi ofisin fəaliyyətə başlaması, eləcə də, 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza rejimindən istifadə imkanının yaradılmasını göstərir.

Həyata keçirilən uğurlu turizm siyasətinin nəticəsidir ki, Azərbaycan BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) 2013-cü il 24-29 avqust tarixində keçirilən XX Baş Assambleyasında qurumun İcraiyyə Şurasına üzv qəbul olunub. Hazırda Azərbaycan turizm sahəsində geniş beynəlxalq əlaqələr qurub. Belə ki, respublikamızla turizm sahəsində inkişaf etmiş 21 ölkə arasında "Turizm sahəsində əməkdaşlıq haqqında" hökumətlərarası saziş imzalanıb, 29 ölkə ilə isə saziş layihəsi hazırlanıb. Respublikamızın turizm təşkilatları Dünya Turizm Təşkilatının tədbirlərində yaxından iştirak edir. Ölkəmizin çoxlu sayda turizm müəssisəsi DTT-nin assosiativ üzvləri sırasına daxil olub. Bu isə, öz növbəsində, DTT-yə üzv ölkələrdə respublikamızın tanınmasına və turizm potensialının təbliğinə geniş imkanlar açır.

Assosiasiya Dünya Turizm Təşkilatının üzvüdür. Bu quruma 100-dən çox turizm şirkəti və 80-dən çox mehmanxana kompleksi daxildir. Turizm həm iqtisadiyyatın güclü amili, həm təsirli sosial institut, həm də cəmiyyətdə ictimai rifah və mədəniyyətin göstəricisi kimi insanın həyat səviyyəsinin yüksəlməsinə və mənəvi zənginləşməsinə kömək edir.

Azərbaycanın zəngin turizm potensialı paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində cəmləşib. Bakıda, Gəncədə, Naxçıvanda və ölkənin digər şəhərlərində xarici qonaqları qəbul edə bilən müasir mehmanxana və hotellər fəaliyyət göstərir. Ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Təsadüfi deyil ki, hazırda respublikanın ayrı-ayrı regionlarında yüksək şəraitə malik turizm obyektləri böyük uğurla fəaliyyət göstərir. Son 12 il ərzində Azərbaycanda 300-ə yaxın mehmanxana tikilib. Bu gün dünya standartlarına cavab verə biləcək kurortlarımız var - Şahdağ və Naftalan kurortu, Qalaaltı Müalicəvi Kurort Mərkəzi, Duzdağ Kurort Mərkəzi. "Şahdağ" Qış-Yay Turizm Kompleksi Azərbaycanda ilk dağ-xizək kurortudur. Başqa bir beynəlxalq səviyyəli turizm mərkəzi - "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksidir. Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda yaradılıb. Respublikamızın bütün regionlarını əhatə edən 100-dən artıq turizm firması xarici turistlərin qəbulu və yerli əhaliyə turist xidmətlərinin göstərilməsi ilə məşğul olur.

Turizmin inkişaf etdirilməsi üçün, ilk növbədə, beynəlxalq aləmdə ölkənin tanıdılması, nüfuza sahib olmasıdır. Azərbaycan hökuməti illərdir ki, ölkənin tanınması üçün beynəlxalq forumlarda, tədbirlərdə iştirak etməklə yanaşı, artıq olduqca mühüm tədbirlərə ev sahibliyi edib. Azərbaycanın son illər bir sıra beynəlxalq mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi də buraya istirahətə gələnlərin sayını dəfələrlə artırıb. Azərbaycanda turizmin inkişafına təkan verən amillərdən biri kimi ölkədə keçirilən beynəlxalq tədbirlər, konfranslar, simpoziumlar və müxtəlif görüşlər ölkəmizin tanıdılması istiqamətində uğurlar sırasındadır. Dünya ölkələrinin mətbu orqanlarında dərc olunan məqalələr, eləcə də, telekanallarda yayımlanan verilişlər ölkəmizin təsviri baxımından önəmlidir. Həmin veriliş və məqalələrdə Azərbaycanın turizm potensialı, qədim tariximiz, zəngin mədəniyyətimiz və rəngarəng mətbəximiz haqqında ətraflı məlumatlar verilir. Ölkəmizdə uğurla keçirilən "Eurovision-2012" Mahnı Müsabiqəsi, "2015-Bakı" ilk Avrpa Oyunları, V Qlobal Bakı Forumu, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, "Formula 1" yarışlarını və s. beynəlxalq tədbirlər də Azərbaycanın turizm imkanlarının geniş məkanda tanımasına böyük yollar açır.

Bütün bunlar göstərir ki, Azərbaycana gələn turistlərin sayı artan templə inkişaf edir. Bu sahədə görülən işlər ondan xəbər verir ki, yaxın gələcəkdə Azərbaycanın qüsursuz bir turizm ölkəsinə çevriləcəyi şübhəsizdir.

ZÜMRÜD

Digər xəbərlər