Şair ruhlu bir qanun keşikçisinin qələmindən süzülən Vətən sevgisi və dünyəvi eşqin harmoniyasını əks etdirən “Arzu ömrü uzatmır”, “Dərdimdən ölən dərdlərim” və “Sevgi də bir Vətəndir” kitablarını oxuduqca bir daha əmin oldum ki, sözə sığal çəkmək, onu mənalandırmaq olduqca çətindir. Şeirin insan taleyi ilə yanaşı insan ömrünə də misilsiz faydası var və şeir insanları mənəvi zənginliyə, ədalətə, haqqı nahaqdan ayırmağa, yaşamağı öyrənməyə səsləyir. Şairlik istedadına sahib olan şəxsin xəyal dünyası, estetik düşüncələri ətraf aləmlə vəhdətdə cərəyan edir. Bəs qeyri-adi duyum hissini, sərt xarakteri, əzmkarlığı, çevik düşünmə və qərarvermə bacarığını ruhunda daşıyan bir qanun keşikçisinin bədii estetik idealı nələrdən ibarətdir? Onun yaradıcılığının ana xəttini hansı mövzular təşkil edir?

Hacxalıl təxəllüsü ilə dövri mətbuatda tanınan, şair, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis-müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov çoxumuza tanışdır. Onun şeirlərində və publisistikasında ana torpaq, yurd sevgisi, nakam qalmış məhəbbət, habelə, Vətən və eşq mövzuların vəhdəti öz təzahürünü tapmışdır.

“İçim, çölüm, ruhum, bütün,

Vətəndir, oy anam, Vətəndi!..”,-deyən bir polis polkovnik-leytenantının ürəyindəki Vətən eşqini, xalqa ehtiramı, qərib nisgili görməmək mümükün deyil. Şair ruhun qidasını, öz iç dünyasını ancaq “Vətən” kəlməsində tapır. Onun könlündəki qubar hissi ürəkdən-dilə uzun, əzablı, sinfonik bir yol keçib. Hər dəfə “Vətən” motivinə toxunduqca bu gün yad əllərdə qalan dədə-baba yurdlarımıza, doğulduğu Dağ İlməzli kəndinə qayıtmaq arzusu, o həsrət, o nisgil yenidən baş qaldırmağa başlayır:

Yaman ümidliyəm gələn novruza,

Haray, ay ellilər! Məncə, qayıtdıq.

Qolumu açmışam dağlara sarı,

Dərdimi qoymuşam küncə, qayıtdıq.

Hafiz Hacxalıl ilk cümhuriyyətimizdən bugünə kimi ötən dövr ərzində isti-soyuq bilmədən gecə-gündüz Vətənin keşiyində duran, asayişi qoruyan Azərbaycan polisini bir an olsun belə unutmur. “Polisim” adlı şeirində şair 1990-ci illərin təzadlı prosessləri, I Qarabağ münaqişəsi zamanı erməni işğalçılarına qarşı döyüşən polis əməkdaşlarını yad edir:

Cümhuriyyət yaşıdı, illərin yadigarı,

Sinəsi döyüşlərdə səngər olan Polisim.

Vətənin dar günündə harayına yetişən,

Şəhid olan polisim, əsgər olan Polisim.

Lakin şair yalnız daxili işlər orqanları əməkdaşlarını yad etməklə yetinmir, “Sərhədçi qardaşım, əmrə hazır ol! “ şeirində sərhədçilərimizi daima ayıq-sayıq olmağa səsləyir:

Sənə əmanətdir, bu ana Vətən,

Bu şirin, bu gözəl miras sənindir!

Hafiz Hacxalıl yaradıcılığını araşdırarkən vətən motivləri ilə yanaşı eşq, aşiqlik yolu, sevginin insana çəkdirdiyi əzabların necə zərif notlarla ifadə olunduğunun da şahidi oluruq. Sevgi- gizli, ucu-bucağı görünməyən ümman, yaxud sonu olmayan şüa kimidir. Sevgini olduğu kimi təsvir eləmək- eşqin təkamül mexanizminə bələd olmaq deməkdir. Eşq, sevgi, fəlsəfilik anlayışını bədii dillə ifadə etmək, oxucunun qəlbinin zərif simlərinə toxunaraq böyük istedad tələb edir. Hafiz Hacxalıl yaradıcılığında bu istedadın özünü qabarıq şəkildə ifadəsini görürük. Şairin “Qalmışam”adlı lirik şeirində sevginin insana iztirab, həsrət, dərd çəkdirdiyi aydın görünür:

Heç görəsən düşürəmmi yadına,

Mən ki, bir vaxt can verərdim adına.

İllərdir ki, bu sevginin oduna,

Öz canımı yaxa-yaxa qalmışam.

-söyləyən şair yarın həsrətinin aşiq üçün möhnət olduğunu, hər eşqin sonunun isə ölümə vardığını diqqətimizə çatdırır:

Bu elə eşqdi ki, yönü ölümdü,

Sağı ayrılıqdı, solu ölümdü.

Səni unutmağın sonu ölümdü,

Ölümmü?

Şair poeziyasında eyni zamanda lirik peyzaj lövhələrini əks etdirməkdən yan keçmir, gözoxşayıcı təşbehlərdən ustalıqla istifadə edərək, ədəbiyyatımızdakı “payız” leytmotivini canlandırmağa müvəffəq olur:

Yer qızıl, göy qızıl, hər tərəf qızıl,

Deyən zərgərlərin xəbəri yoxdur.

Payız qızılını hamıya qıyır,

Onun hasarı yox, çəpəri yoxdur.

Və ya

Sarı yarpaqların payız sevgisi,

Sevdalı könlümün yalqız sevgisi

İşləsin ruhumun dərinliyinə.

Payızın xəzan çağı, şairin sarı sevdası eyni notlar üzərində rəmzi məna daşıyır. Mən bunu Musa Yaqub poeziyası ilə əlaqələndirib, düşünürəm ki, Musa Yaqub yaradıcılığında olduğu kimi, Hacxalıl yaradıcılığında da payıza üz tutmaq, payız fəslinə qəribə yönüm var: sarı sevda, sarı gəlinə aşiqlik, saralmış yarpaqlar, küləyin tədirgin gəzintisi, kimsəsizlik, bəlkə də nələrdənsə peşmançılıq, payızın keçmişi xatırlatması, xəfif giləvarın aşiqə məşuqun ətrini gətirməsi...

Beləliklə, insan hansı sahədə çalışmasından asılı olmayaraq ruhunu, xəyal gücünü, intellektual səviyyəsini ortaya qoymalı, bir sözlə, istedadına, bilik və bacarığına söykənərək Vətəninə və xalqına xidmət etməlidir.

Bir şair ruhlu polisin bədii yaradıcılıq yolunu araşdıraraq, bacardığım qədəri ilə qanun keşikçisinin mənəvi dünyasına işıq salmağa çalışdım. Sözsüz ki, Hafiz Hacxalıl kimi qanun keşikçilərinin, gecə-gündüz xidmət edən dövlət qulluqçularının vətənə, xalqa saf hislərlə yanaşması bütün gənc nəsillərə örnəkdir.

Sevinc Əliyeva,

Azərbaycan Dillər Universitetinin məzunu